Məhkəmə qərarları › İş №e-2(007)-105/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-105/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-105/2023 30.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə ləğv prosesində olan İddiaçı ASC-nin “Səbail” filialı arasında 03 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18 (on səkkiz) ay müddətinə, illik faiz dərəcəsi 25 (iyirmi beş) % ödənilmək şərtilə 5000 (beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh ilə 03 may 2011ci il tarixli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ona məxsus “Mercedes Benz 220” minik markalı, buraxılış ili 1994-cü il olan, ban- WDB1240191JO300823, gümüş metal rəngli, **-NO-*** dövlət nömrə nişanlı avtomobil ləğv prosesində olan İddiaçı ASC-də girov qoyulmuşdur. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 141,68 (yüz qırx bir dollar altmış səkkiz sent) ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2012-ci il tarixinə faiz borcu 278,81 (iki yüz yetmiş səkkiz dollar səksən bir sent) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış faiz borcu 69 (altmış doqquz) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 106,73 (yüz altı dollar yetmiş üç sent) ABŞ dolları və ümumilikdə 596,22 (beş yüz doxsan altı dollar iyirmi iki sent) ABŞ dolları məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən Cavabdehdan 141,68 (yüz qırx bir dollar altmış səkkiz sent) ABŞ dolları əsas borcu, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2012-ci il tarixinə 278,81 (iki yüz yetmiş səkkiz dollar səksən bir sent) ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 69 (altmış doqquz) ABŞ dolları faiz borcu, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 106.73 (yüz altı dollar yetmiş üç sent) ABŞ dolları cərimə borcunun və ümumilikdə 596,22 (beş yüz doxsan altı dollar iyirmi iki sent) ABŞ dolları məbləğində pul vəsaitini və bu mülki mübahisənin araşdırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunu cavabdehdən tutaraq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tələbin girov qoyulmuş Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı, buraxılış ili 1994-cü il olan, ban- WDB1240191JO300823, gümüşü metal rəngli, **-NO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı ASC Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, əsl olmayan LPO İddiaçı ASC-nin LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddianın verilməsini əvəzləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 18 ay müddətinə, illik 25 faiz ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - AB 569850 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” minik markalı nəqliyyat vasitəsinin sahibi Cavabdehdur; -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 may 2011-ci il tarixli girov müqaviləsindən görünür ki, Cavabdeh özünə məxsus “Mercedes Benz 220” minik markalı avtomobili həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 5000 ABŞ dolları kredit məbləğinin təminatı kimi ipoteka qoymuşdur; -Azərbaycan Respublikası DİN BDYPİ Qeydiyyat imtahan şöbəsinin 02 oktyabr 2012-ci il tarixli AA 057906 nömrəli “İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış”ından görünür ki, **-NO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” minik markalı avtomobilin İddiaçı ASC-yə ipoteka qoyulması qeydə alınmışdır; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 31 manat dövlət rüsumu ödənilmişdir. - “X1” MMC-nin xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, ipoteka predmeti olan avtomobilin qiymətləndirilməsi aparılmış, **-NO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” minik markalı avtomobilin real bazar qiyməti 7438,0 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarixdən xx.xx.2022-ci il tarixədək kredit borcu üzrə illik 5% dərəcəsi ilə hesablanmış faiz borcu nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC -yə olan borcu əsas borc üzrə 24,84 manat, faiz borc üzrə 40,77 manat məbləğində borc müəyyən olunmuşdur. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 141,68 ABŞ dolları əsas, 275 ABŞ dolları faiz, 106 ABŞ dolları cərimə borcu, 78,08 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla olmaqla, cəmi 605 ABŞ dolları borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə onun xx.xx.2023-cü il tarixə banka olan əsas borcu 141,68 ABŞ dolları, faiz borcu 275 ABŞ dolları, cərimə 106 ABŞ dolları və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu 78,08 ABŞ dolları təşkil etmişdir. Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair vəzifəsini isə lazımınca icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarına əsasən, Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. İş materiallarında olan maliyyə arayışında hesablanmış 141,68 ABŞ dolları əsas, 275 ABŞ dolları faiz göstərilsə də, məhkəmə tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə Cavabdeh xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 24,84 manat, faiz borc üzrə 40,77 manat borcu qeyd edilmişdir. Məhkəmə, ekspertiza rəyinə iş üzrə tədqiq edilmiş digər sübutlarla müqayisəli şəkildə qiymət verərək hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, hazırki iş üzrə tərəflər arasında bağlanılmış kredit müqaviləsinin məbləği 5000 ABŞ dolları məbləği ilə ifadə olunsa da, ekspert rəyində həmin məbləğ 5000 manat ilə ifadə olunmuş və borc məbləği də manat ilə təqdim edilmişdir. Qeyd olunanlara əsasən, iddia tələbi qeyd edilən hissədə qismən təmin edilməli, cavabdehdən 141,68 ABŞ dolları məbləğində əsas borc, maliyyə arayışına əsasən 275 ABŞ dolları məbləğində faiz borc alınaraq iddiaçıya ödənilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının tədqiqatının hər birinin dəyəri 145 manat təşkil edir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məhdud məsuliyyətin müəyyənləşdirildiyi hallarda dəbbə pulu çatmayan və ya dəbbə pulundan yuxarı hissədə və ya onun əvəzinə ödənilməli olan zərər həmin məhdudiyyətlə müəyyənləşdirilmiş həddə qədər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə əsaslı xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 141,68 ABŞ dolları məbləğində əsas borca münasibətdə cavabdehdən 106,73 ABŞ dolları dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 2 ABŞ dolları dəbbə (cərimə) pulu tutulmalıdır. Məhkəmə iddia tələbinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə 69 (altmış doqquz) ABŞ dolları faizin tutulmasına dair hissəyə qiymət verərək hesab edir ki, həmin hissədə iddia təmin olunmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə cavabdehdən Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə 69 ABŞ dolları tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci və 34.1.3-cü maddələrinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə, tələbin “Cavabdeh mülkiyyətində olan “Mercedes Benz 220” minik markalı, buraxılış ili 1994-cü il olan, ban-WDB1240191JO300823, gümüşü metal rəngli, **- NO-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən kredit müqaviləsi üzrə tutulan ümumi məbləğ 487,68 ABŞ dolları müəyyən edilmişdir. Hansı ki, “X1” MMCnin xx.xx.2022-ci il tarixli rəyi ilə **-NO-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 220” minik markalı avtomobilin real bazar qiyməti 7438,0 manat qiymətləndirilmişdir. Hazırda məhkəmə hesab edir ki, qeyd olunan borcun ipoteka predmetinə yönəldilməsi tənasübsüz olar və cavabdehin vəziyyətinin ağırlaşmasına gətirib çıxarar. Məhkəmə eyni zamanda hesab edir ki, məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Bununla yanaşı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatlarının dəyəri olan 145 manat vəsaitin 100 manat hissəsi cavabdehdən, 45 manat hissəsi iddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 300 manat əmlak qiymətləndirmə xərcinin 100 manat hissəsi cavabdehdən, 200 manat hissəsi iddiaçıdan alınaraq “X1” MMC-nin hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Beləliklə məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 141,68 ABŞ dolları əsas, 275 ABŞ dolları müddət sonuna hesablanan faiz, 2 ABŞ dolları məbləğində cərimə və 69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 487,68 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir, iş üzrə məhkəməmühasibatlıq ekspertizalarının keçirilməsinə sərf edilmiş 145 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, Əmlakı qiymətləndirilməsi ilə bağlı 300 manat məbləğində xərcin 100 manat hissəsi Cavabdeh, 200 manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 may 2011-ci il tarixli, 01 saylı kredit müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla 141,68 ABŞ dolları əsas, 275 ABŞ dolları müddət sonuna hesablanan faiz, 2 ABŞ dolları məbləğində cərimə və 69 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 487,68 ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 145 manat məbləğində pul vəsaitinin 100 manat hissəsi Cavabdeh, 45 manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə əmlakın qiymətləndirilməsi ekspertizalarının keçirilməsinə sərf edilmiş 300 manat xərcin 100 manat hissəsi Cavabdeh, 200 manat hissəsi isə Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan alınaraq "X1” MMC-yə (Hesablaşma hesabı: “Bank Respublika" ASC, VÖEN: **********, BAN: AZ94BRES********************, SWİFT BRESAZ22, müxbir hesab AZ80NABZ********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar