Məhkəmə qərarları › İş №e-2(007)-1072/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1072/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1072/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 5901.76 manat məbləğində kredit bоrcu, 451.55 manat məbləğində faiz bоrcu və 72.3 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6425 (altı min dörd yüz iyirmi beş) manat 61 (altmış bir) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 84.26 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 029A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh2 aylıq faiz dərəcəsi 2.0833 % оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1598.24 manat ödəniş etmiş və оnun iddiaçıya 5901.76 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 116 gün üçün hesablanmış faiz borcu 451.55 manat təşkil edir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında cavabdeh Mustafayev Vidad iAbbasmirzə oğlu ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

İş materialları :

3. Cavabdeh2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, cavabdeh istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 25 % dərəcəsi olmaqla 7500 manat kredit sifariş etmişdir. Ərizədən görünür ki, “bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və qəbul etmişdir.

4. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, 029G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, borclu Cavabdeh2 xx.xx.2023cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

5. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2027-ci il tarixədək hər ay 250 (sonuncu ay 284.94) manat olmaqla, 7500 manat əsas borc, 4534.94 manat faiz borcu ödəməyi öhdəsinə götürmüşdür.

6. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə xx.xx.2023-cü il tarixli, 029A********** saylı razılaşma üzrə 5901.76 manat əsas, 451.55 manat faiz, 72.30 manat cərimə olmaqla, cəmi 6425.61 manat borcu vardır.

7. İddiaçı QSC tərəfindən təqdim edilən xx.xx.2023-xx.xx.2024-cü il tarixli dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-ci il tarixdə hesaba 7500 manat mədaxil edilmişdir və Cavabdeh2 tərəfindən sonuncu dəfə xx.xx.2024-cü il tarixində ödəniş edilmişdir.

8. İddiaçı QSC tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişindən görünür ki, cavabdehlər müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Nəticədə 5901.76 manat əsas, 451.55 manat faiz, 72.30 manat cərimə borcu olmaqla, cəmi 6425.61 manat borcu yaranmışdır. Qeyd edilənlərə əsasən iddiaçı bütün borc məbləğinin tam olaraq ödəmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə müraciət etmək üçün 84.26 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək məhkəmədən işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir.

12. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, maddi imkanı olmadığı üçün ödənişləri edə bilmədiyini bildirmişdir.

İşin faktiki halı :

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 029A********** saylı kredit müqaviləsi, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli 029G**********01 saylı Zaminlik müqaviləsinin bağlanması, Cavabdeh2 kredit müqaviləsindən və Cavabdeh1 Zaminlik müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.

14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 029A********** saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

Məhkəmənin mövqeyi :

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

19. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyinə əsasən (MM 739.2) borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MMin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

21. İş materiallarına əsasən (müqavilə, hesabdan çıxarış, ödəniş qrafiki) müəyyən olunur ki, İddiaçı QSC tərəfindən xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh2 48 ay müddətinə aylıq 2.0833 % faiz dərəcəsi ilə ödəmək şərtilə 7500 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh2 iş materiallarına (maliyyə arayışı, hesabdan çıxarış) əsasən müəyyən olunur ki, müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

22. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

23. Məhkəmə qeyd edir ki, Cavabdeh2 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı QSC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

24. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

26. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

27. İddiaçı QSC tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehdən 928.44 manat məbləğində gecikmə borcunun ödənilməsi tələb edilmiş, əks halda müqavilənin ləğv ediləcəyi ilə bağlı xəbərdar etmişdir.

28. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halı odur ki, iddiaçı tərəfindən cavabdehdən xx.xx.2024-cü il tarixinədək mövcud olan borcun xx.xx.2024-cü il tarixinədək ödənilməsi tələb edilsə də, cavabdeh tərəfindən borc məbləğindən ödəniş edilməmişdir.

29. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir.

30. Belə olan halda məhkəmə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməsi tarixini müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsi olaraq qəbul etmişdir.

31. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur.

32. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.32-ci bəndində nəzərdə tutulmuşdur ki, müştəri krediti və kredit faizini bu şərtlərə və müvafiq ərizəyə uyğun qaytara bilmədikdə bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir.

33. Belə olan halda məhkəmə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit razılaşmasından irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 5901.76 manat və faiz borcu qismində 451.55 manat ödənilməsi tələbini əsaslı hesab edir.

34. “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”nin 7.20-ci bəndində nəzərdə tutulmuşdur ki, bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir.

34. Həmçinin İddiaçı QSC Cavabdeh2 72.30 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 72.30 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :

36. Məhkəmə qeyd edir ki, İddiaçı QSC-nin iddia tələbi zamin Cavabdeh1 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.

37. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

39. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, 029G**********01 saylı Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, borclu Cavabdeh2 xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini (kreditin məbləği:7500 manat, faiz dərəcəsi aylıq:2.0833, müddəti:48 ay, ödənişlərin dövriliyi: hər təqvim ayında bir dəfə olmaqla) tamamilə icra etməsi üçün zamin Cavabdeh1 bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

41. Həmin müqavilələrin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.

42. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə Cavabdeh1 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüklərindən iddiaçı Cavabdeh1 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

43. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, 029A********** saylı kredit müqaviləsi üzrə 5901.76 manat əsas borc, 451.55 manat faiz borcu və 10 manat cərimə borcu olmaqla, cəmi 6363.31 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı QSC-yə ödənilməlidir.

Məhkəmə xərcləri :

44. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84.26 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

45. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5901.76 manat əsas borc, 451.55 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 6363.31 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84.26 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməlidir.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 5901.76 manat əsas borc, 451.55 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla, cəmi 6363.31 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84.26 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. İddiaçının iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar