Məhkəmə qərarları › İş №e-2(007)-1079/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1079/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1079/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işçi tərəfindən işəgötürənə vurulmuş maddi ziyanın ödənilməsi”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1314 manat 03 qəpik və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi ilə administrator köməkçisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmrlə adminstrator vəzifəsinə keçirilmiş və “X4” haqqında müqavilə imzalanmışdır. xx.xx.2024-cü il il tarixli 25x saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2024-cü il tarixində İddiaçı MMC-nin OBA Həzi Aslanov mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2024-cü il tarixli “İnventarizasiya nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 4650 (dörd min altı yüz əlli) manat 07 (yeddi) qəpik, xx.xx.2023-cü il tarixdə “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 1482 (bir min dörd yüz səksən iki) manat 08 (səkkiz) qəoik məbləğində zərər vurması məlum olmuşdur. Sözügedən inventarizasiya yoxlaması şəxsən Cavabdeh iştirakı ilə keçirilmiş, iltizamnaməyə imza atmaqla kəsr gələn mallara heç bir etiraz bildirməmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 1314 (bir min üç yüz on dörd) manat 03 (üç) qəpik borc qalmışdır. Beləliklə, Cavabdeh halhazırda İddiaçı MMC-yə ümumilikdə 1314 (bir min üç yüz on dörd) manat 03 (üç) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Həmçinin işin mediasiya mərhələsində həll edilməsi üçün Cavabdeh ünvanına xx.xx.2024-cü il tarixində mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya mərhələsində tərəflər arasında barışıq olmadığıdan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş materialları :

3. Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00613 nömrəli “X2 (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirak etsə də, Cavabdeh X2 iştirak etməmişdir. İddiaçı MMC tərəfindən 50 manat İMS və 10 manat poçt xərci ödənilmişdir.

4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək, yəni 01 ay müddətinə satıcı-kassir vəzifəsində işə başlamışdır. Əmək haqqısı 345 manat təşkil etmişdir.

5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixindən Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir. Əmək haqqısı ştat cədvəlinə uyğun olaraq 390 manat müəyyən edilmişdir.

6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli, “X4 haqqında müqavilə”dən görünür ki, Cavabdeh tam maddi məsul vəzifəyə qəbul edilməklə üzərinə vəzifələr götürmüşdür.

7. İş materiallarına İddiaçı MMC-də administrator vəzifə təlimatları əlavə edilmişdir.

8. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 194/İQ saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsinə xx.xx.2023-ci il tarixdən etibarən administrator-köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi nəzərdə tutulmuşdur.

9. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 10 saylı “vəzifə dəyişikliyi haqqında” əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinin satış şöbəsində xx.xx.2024-cü il tarixdən administrator vəzifəsinə keçirilmiş və əmək haqqısı 390 manat təşkil etmişdir.

10. Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2024-cü il tarixindən onun əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir.

11. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 25-x saylı “işdən azad haqqında” əmrindən Çıxarışdan görünür ki, cəmiyyətin satış şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “a” (tərəflərdən birinin təşəbbüsü ilə) maddəsinə əsasən xitam verilmişdir.

12. OBA-Hezi Aslanov 19 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli yekun aktdan görünür ki, yoxlama dövri 20 gündür, əvvəlki yoxlama tarixi isə xx.xx.2024-cü ildir. Yoxlama nəticəsində 1482.08 manat əksiklik müəyyən edilmiş, dövriyyə isə 33609.59 manat təşkil etmişdir.

13. İş materiallarına OBA-Hezi Aslanov19 (1905) mağazasında xx.xx.2024-cü il tarixdə keçirilmiş planlı yoxlamaya dair “İnventarizasiya siyahısı” əlavə edilmişdir. Siyahıdan görünür ki, son nəticə olaraq əksik 1482.02 manat təşkil etmişdir.

14. Cavabdeh tərəfindən “Oba Market MMC-nin İnventarizasiya Komissiyasına verilmiş xx.xx.2024-cü il tarixli iltizamnamədən görünür ki, Nəcəfov Vüqar sayımda tam iştirak etdiyini, sayımın qaydalara uyğun keçirildiyilni bildirmişdir.

15. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 604 nömrəli “Təbii itki normalarının tətbiqi haqqında” əmrindən görünür ki, İddiaçı MMC-nin mağazalarında keçirilən inventarizasiya yoxlamalarının sonunda aşkarlanan yekun nəticələrin “Təbii itki normaları” çıxıldıqdan sonra yerdə qalan kənarlaşma hissəsi maddi məsul şəxs administrator X1 tələb edilməsi əmr edilmişdir.

16. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli, 279 nömrəli “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” əmrindən görünür ki, Oba- Hezi Aslanov 19 filialı üzrə növbədənkənar yoxlamanın aparılması üçün işçi qrupunun yaradılması, maddi məsul şəxsin öhdəsində olan maddi ehtiyatların fiziki sayılaraq yoxlamasının xx.xx.2024-cü il tarixində başlanaraq xx.xx.2024-cü il tarixinə kimi yekunlaşdırılması əmr edilmişdir.

17. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrinin imzalanması üçün Daxili Nəzarət Departamentinə yaxınlaşması tələb olunmuşdur.

18. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh araşdırmanın nəticələri ilə tanış olmamışdır və heç bir əsaslı səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-1482.07 manat) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir.

19. ”Oba Market” MMC tərəfindən Cavabdeh ünvanlamış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də işlədiyi dövrdə müxtəlif tarixlərdə fəaliyyətləri yoxlanılmış və 1352.87 manat əksikgəlmə aşkar edilməsi və 3 gün müddətində qeyd olunan borcun ödənilməsinin təmin edilməsi, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün müvafiq güzəştlər tətbiq edildikdə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 29 oktyabr 2024-cü il tarixinə İddiaçı MMC-yə 1314.03 manat borcu qalmışdır.

Tərəflərin izahatları :

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında cavabdeh ilə telefon əlaqəsi saxlanılmış, cavabdeh onun iştirakının təmin edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən məhkəmə iclası cavabdehin iştirakını təmin etmək üçün təxirə salınaraq istifadəsində olan telefon nömrəsində məhkəmə iclasının vaxtı və yeri barədə “sms bildiriş” göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir.

23. Belə olan halda, məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

24. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 ay müddətinə müddətli əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh administrator köməkçisi vəzifəsinə təyin edilmişdir.

25. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə bağlanmış “əmək müqaviləsinə əlavə” ilə xx.xx.2024-cü il tarixdən Cavabdeh Cəmiyyətin Satış şöbəsində administrator vəzifəsinə keçirilmişdir.

26. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə “X4 haqqında müqavilə” bağlanmışdır.

27. Cavabdeh çalışdığı mağazada xx.xx.2024-cü il tarixdə aparılan inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə 1482.08 manat ziyan vurması müəyyən edilmiş və müvafiq güzəştlər tətbiq edilməklə qalıq kənarlaşma məbləği əskikgəlmələrə görə ümumi olaraq 1314.03 manat məbləğində müəyyən edilmişdir.

28. İddiaçı MMC tərəfindən cavabdehə dəymiş ziyanın ödəməsi ilə əlaqədar xəbərdarlıq edilsə də, cavabdeh tərəfindən ödəniş edilməmişdir. məbləği ödənilməmişdir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (xx.xx.2024-cü il tarixli qanun qəbul edilənədək qüvvədə olan müddəalar): 2.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2.3. Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3.4-1. Əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 3.5. Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə.

10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 191.1 Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2 Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192.1.Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1 Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 198.1 Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199.1 İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; 200.1 İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. 205.2 Əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

Məhkəmənin mövqeyi :

32. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

33. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbi məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1314 manat 03 qəpik və mediasiya xərci üçün ödənilmiş 60 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

34. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

35. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

36. İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbini Cavabdeh ilə aralarında bağlanmış “X4 haqqında” müqaviləyə əsasən onun tam maddi məsul şəxs olduğu mağazada aparılmış inventarizasiya nəticəsində cəmiyyətə zərər vurmasının müəyyən edilməsi ilə əsaslandırmışdır.

37. Məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsi nəzərdən keçirilə bilər.

38. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.

39. Əmək Məcəlləsinin 194.1-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.

40. Əmək Məcəlləsinin qeyd edilən normalarının məzmunundan görünür ki, əmək münasibətlərində olan işçi və işəgötürən əmək prosesi zamanı birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyət daşıyır və tərəflər arasında olan əmək münasibətlərinin sonlandırılması onları məsuliyyətdən azad etmir.

41. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən cavabdeh 1 ay müddətinə satış şöbəsinə administrator köməkçisi vəzifəsi üzrə işə qəbul edilmiş, daha sonra xx.xx.2024-cü il tarixli 10 saylı əmr ilə İddiaçı MMC-nin Satış departamentinin Satış şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin həmin tarixdə tərəflər arasında “X4 haqqında müqavilə” bağlanmış və cavabdeh administratorun vəzifə təlimatı ilə tanış olmuşdur. Tərəflər arasında bağlanılmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Cavabdeh ərizəsinə əsasən xx.xx.2024-cü il tarixli 25-x saylı əmr ilə xitam verilmişdir.

42. İşin müəyyən edilmiş halı odur ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh administrator olduğu Oba-Həzi Aslanov 19 filialında cavabdehin özünün iştirakı ilə yoxlama işçi qrupu tərəfindən sayım həyata keçirilmiş və nəticədə sayım zamanı 1482.08 manat məbləğində əksikgəlmə olduğu müəyyən edilmişdir. Bu hal müvafiq aktların cavabdeh tərəfindən imzalanması ilə təsdiq edilmişdir. Belə ki, cavabdeh Nəcəfov Vüqar həm iş materiallarında olan iltizamnaməsində sayımda iştirak etdiyini və sayımın nəticəsi ilə razı olduğunu bildirmişdir. İddiaçı MMC-nin xx.xx.2024-cü il tarixli 604 saylı əmrinə əsasən aparılan yoxlamaların nəticələrinə “təbii itki normaları” tətbiq edilməklə əksikgəlmələrə görə dəymiş ziyan məbləği 1482.08 manat məbləğində müəyyən edilmişdir.

43. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinə qiymət vermək üçün ilk öncə cavabdehin iddiaçı ilə əmək münasibətlərində olması, əmək münasibətləri prosesində olan zaman iddiaçıya həqiqətən ziyan vurulub-vurulmaması və həmin ziyanın Cavabdeh tərəfindən vurulub-vurulmaması məsələsi araşdırmalıdır.

44. İşin müəyyən edilmiş halı odur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanılmış və həmin müqaviləyə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Beləliklə, tərəflər yoxlamanın aparıldığı müddət aralığında əmək münasibətlərində olmuş və Cavabdeh tərəflər arasında bağlanmış X4 haqqında müqaviləyə əsasən tam maddi məsul şəxs olmuşdur.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2011-ci il tarixli Qərarında qeyd edilir ki, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və X4 (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub və onların orta aylıq əmək haqqı miqdarında ödənilir. Əmək Məcəlləsinin 198-ci maddəsində müəyyən edilmişdir ki, həmin Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. İşəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır.

46. Beləliklə müəyyən edilir ki, işəgötürən işçiyə vurduğu ziyana görə hər bir halda X4 daşıdığı halda, işçi içəgötürənə vurduğu ziyana görə “X4 haqqında” müqavilə bağlanılması halı istisna olmaqla, məhdud maddi məsuliyyət daşıyır.

47. İş materialları ilə müəyyən edilir ki, iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixdə “X4 haqqında” müqavilə bağlanılmışdır. Yəni, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurması faktı sübuta yetirildiyi halda, cavabdeh vurulmuş ziyana görə X4 daşıyır.

48. Həmin müqavilənin 1-ci maddəsində qeyd olunmuşdur ki, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyət ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: 1.1 ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır.

49. Cavabdeh (işçi) tərəfindən iddiaçıya (işəgötürənə) vurulmuş maddi ziyanı müəyyənləşdirərkən, ilk öncə ziyanın həqiqi olması, ziyanın işçinin əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi və ziyanın işçinin qanuna zidd olan əməli nəticəsində (səbəbli-əlaqə) baş vermiş olması müəyyən edilməlidir.

50. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.

51. Göründüyü kimi, işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir.

52. Məhkəmə qeyd edir ki, ziyanın həqiqətən vurulması işin mübahisəsiz, yəni cavabdeh tərəfindən mübahisələndirilməyən və iş materialları ilə öz təsdiqini tapan halıdır.

53. Belə ki, iş materiallarına əlavə edilmiş iltizamnamədə cavavbdeh sayımın nəticələri ilə razı olduğunu bildirmiş, yoxlama zamanı müəyyən edilmiş əksikgəlmələrin məbləğini mübahisələndirməmişdir. Həmçinin aparılan yoxlamaların nəticələrinə dair tərtib edilmiş və müəyyən edilmiş əksikgəlmələr qeyd olunmuş akt cavabdeh tərəfindən imzalanmışdır.

54. İddiaçı MMC xx.xx.2024-cü il tarixli 604 saylı əmrinə əsasən çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə satış dövriyyəsini qarşıladığı üçün Cavabdeh müvafiq güzəştlər tətbiq edilmiş (yoxlama zamanı müəyyən edilmiş əksikgəlmə məbləğindən yoxlama dövründəki satış dövriyyəsinin 0.5 faizi çıxılmaqla) və qalıq kənarlaşma məbləği əksikgəlmələrə görə ümumi olaraq 1314.03 olaraq müəyyən edilmişdir.

55. Yoxlanılmalı olan digər məsələ ziyanın Cavabdeh əmək müqaviləsi üzrə qanunazidd hərəkət və ya hərəkətsizliyi, əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulması, vəzifələrin yerinə yetirilməməsi və yaxud lazımınca yerinə yetirilməməsi nəticəsində vurulmasını müəyyənləşdirməkdir.

56. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfindən imzalanmış “administrator vəzifə təlimatı”nda administratorun vəzifə funsikayaları, vəzifə səlahiyyətləri və vəzifə məsuliyyəti öz əksini tapmışdır. Həmin təlimatda mağazada məhv ediləcək məhsulların təyin edilməsinə nəzarət və məhvetmə prosesi koordinasiya etmək vəzifə funksiyası, sayım zamanı əksik gələn məhsullara görə isə məsuliyyət daşıması vəzifə məsuliyyəti kimi göstərilmişdir.

57. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.

58. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına, istifadəsində olan telefon nömrəsinə “sms bildiriş” göndərilməsinə baxmayaraq, cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərməmiş, iddiaya etiraz etməmişdir.

59. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

60. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).

61. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Buna görə də məhkəmə həmin cavabdehin hazırkı mübahisədən lazımi qaydada məlumatlı olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqelərini ifadə etməmələrini iş üzrə yekun qənaətə gələrkən nəzərə almışdır.

63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011ci il tarixli Qərarında qeyd edilir ki, qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur.

64. Beləliklə, görünür ki, cavabdeh vəzifə təlimatlarını pozmuş, dəymiş ziyanın onun təqsiri ilə bağlı olmadığını sübuta yetirə bilməmişdir.

65. Yuxarıda qeyd edilən Plenum qərarında həmçinin qeyd edilir ki, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir.

Məhkəmə xərcləri :

66. İddiaçı MMC tərəfindən həmçinin ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən tutulması tələbi irəli sürülmüşdür.

67. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir.

68. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə ödənilən mediasiya xərcinin miqdarı iş üzrə ödənilməli olan dövlət rüsumunun miqdarından çox olduğu üçün dövlət rüsumu ödənilməməlidir.

Nəticə :

65. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” dair iddia tələbi təmin təmin edilməli, Cavabdeh vurulmuş maddi ziyana görə 1314.03 (bir min üç yüz on dörd manat 03 qəpik) manat və ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh vurulmuş maddi ziyana görə 1314.03 (bir min üç yüz on dörd manat üç qəpik) manat, ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar