Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1093/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Nəzərova Günarə Xanlar qızına qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Nəzərova Günarə Xanlar qızına qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış 5179NF №-li 23 sentyabr 2016-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 48 (qırx səkkiz) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə 6000 (altı min) dollar məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən X2 ilə Bank arasında 23 sentyabr 2016-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 1-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********065 saylı xx.xx.2023ci il tarixli və **********499 saylı xx.xx.2021-ci il tarixli bildirişlər məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh2 xx.xx.2023-ci il tarixə kredit üzrə cəmi borcu 961,34 (doqquz yüz altmış bir dollar 34 sent) USD təşkil edir. Bundan 861,86 (səkkiz yüz altmış bir dollar 86 sent ) USD əsas kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,48 (doxsan doqquz dollar 48 sent) USD faiz borcu təşkil edir. Qeyd edilənlərə əsasən cəmi 961,34 (doqquz yüz altmış bir dollar 34 sent) USD, bundan 861,86 (səkkiz yüz altmış bir dollar 86 sent) USD əsas, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 99,48 (doxsan doqquz dollar 48 sent) USD faiz borcu və iş üzrə ödənilmiş 37 (otuz yeddi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2dan və X1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəllillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirdi ki, onun banka borcu mövcuddur. 2023-cü ilin may ayında 100 manat ödəniş etmişdir. Borcundan silinməsini xahiş edir. Cavabdeh Nəzərova Günarə Xanlar qızına məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2016-cı il tarixli 5179 NF saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASCnin “Nərimanov” filialı tərəfindən Cavabdeh2 illik 14 faiz ödəmək şərti ilə 48 ay müddətinə 6000 ABŞ dollları məbləğində kredit verilmişdir. Kredit alan müqavilə ilə üzərinə götürdüyü öhdəliklərinin vaxtında və lazımnca icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmüşdür. - xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Nəzərova Günarə Xanlar qızı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və Cavabdeh2 ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə banka xx.xx.2023-cü il tarixinə əsas borc 891,86 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış faiz borcu 0 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış cərimə borcu 0 ABŞ dolları, gecikdirilmiş vaxt üçün hesablanan illik 5 % borcu 99,48 ABŞ dolları, ümumilikdə 961,34 ABŞ dolları təşkil edir. - Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Nəzərova Günarə Xanlar qızına ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər banka olan 961,34 ABŞ dolları məbləğində borcun 3 (üç) gün ərzində ödənilməsi barədə xəbərdarlıq edilmişlər və əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2021-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 44 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh2 illik 14 faiz ödəmək şərti ilə 48 ay müddətinə 6000 ABŞ dollları məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Cavabdeh2 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, borclu kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən, Cavabdeh2 803,04 ABŞ dolları əsas tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməlidir. Belə ki, hazırda iddiaçı cavabdehdən 861,86 ABŞ dolları əsas borcun tutulmasını xahiş etsə də, cavabdeh xx.xx.2023-cü il tarixdə 100 manat (təxminən 58,82 ABŞ dolları) ödəniş etdiyindən, məhkəmə həmin məbləği əsas borcdan silmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən müqavilə müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 99,48 ABŞ dolları məbləğində faiz borcu tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməldir. MM-nin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Belə ki, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi ilə zamin Nəzərova Günarə Xanlar Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə görə Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsində müqavilənin qüvvədə olduğu vaxt dəqiq göstərilməmişdir. Qanunvericilikdə göstərildiyi kimi zaminlik müqavilsəində müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırkı halda isə xx.xx.2016-cı il tarixli kredit müqaviləsi 48 ay müddətinə bağlanmış, yəni cavabdeh xx.xx.2020-ci il tarixə kimi öhdəliyini icra etməli olduğundan bank öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bir il ərzində, yəni xx.xx.2021-ci il tarixinə kimi məhkəmədə iddia qaldıra biləcəyi halda xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəticədə məhkəmə hesab edir ki, xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə Nəzərova Günarə Xanlar qızının öhdəliyinə xitam verilmişdir. Bununla da, müəyyən olundu ki, borclu Cavabdeh2 bank qarşısında olan öhdəliyini icra etmədiyinə görə, cavabdeh Nəzərova Günarə Xanlar qızı xx.xx.2016-cı il tarixli zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh2 müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün ləğv prosesində olan "xxxx" ASC tərəfindən 44 manat dövlət rüsumu ödənilmişdir. Lakin hazırkı iddia tələbinə münasibətdə 36,35 manat dölvət rüsumu ödənilməli idi. Hazırda iddiaçı dövlət rüsumunun əvəzi kimi cavabdehlərdən 37 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 36,35 manat dövlət rüsumunun 2,22 manatı iddiaçıya, 34,13 manatı Cavabdeh2 aid edilməlidir. Həmçinin, iddia üzrə artıq ödənilmiş 7,65 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 803,04 ABŞ dolları əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 99,48 ABŞ dolları manat faiz borcu, cəmi 902,52 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 34,13 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməli, ödənilmiş dövlət rüsumunun 2,22 manatı iddiaçıya aid edilməki, artıq ödənilmiş 7,65 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 803,04 ABŞ dolları əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 99,48 ABŞ dolları manat faiz borcu, cəmi 902,52 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və 34,13 manat dövlət rüsumu tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumunun 2,22 manatı iddiaçıya aid edilsin. Artıq ödənilmiş 7,65 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-yə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1093/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1093/2023
07.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver