Məhkəmə qərarları › İş №e-2(007)-1102/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1102/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1102/2025 23.02.2026 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “X4” ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı “X4” ASC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASCnin xeyrinə 6999,08 AZN əsas, 1552,22 AZN faiz, 470,76 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9022,06 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 110,23 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 xx.xx.2023-cü il tarixli ərizə anketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) edib, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilib. Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 29% olmaqla 7000 manat məbləğində kredit xətti açılıb. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməyib. Nəticədə, cavabdehin kredit müqaviləsi üzrə 8 yanvar 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 6999,08 AZN əsas, 1552,22 AZN faiz, 470,76 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 9022,06 AZN borcu yaranıb. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılıb, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməyib və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək, bu hüququndan istifadə etmək qərarına gəlib.

İş materialları:

3. xx.xx.2021-ci il tarixli Umumi Oferta müqaviləsi, X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ərizə və çıxarışlardan görünür ki, X2 xx.xx.2023-cü ildə xx.xx.2026cı ilədək illik 29 faizlə 500 manat məbləğində kredit xətti açılıb, xx.xx.2023-cü ildə kart kimiti artırılaraq 7000 manat müəyyən edilib. X3 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürüb;

4. İddiaçı “X4” ASC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 6999,08 manat əsas, 1552,22 manat faiz borcu, 470,76 manat cərimə borcu olmaqla, cəmi 9022,06 manat borcu vardır.

5. “X4” ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh, xx.xx.2024cü il tarixə yaranmış 6999,08 manat əsas, 857,27 manat faiz, 136,83 manat cərimə, cəmi 7994,18 manat borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunub;

6. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı “X4” ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 110,23 manat dövlət rüsumu ödənilmişdir.

7. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/4700 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2023-cü il tarixli, 472sMNGb/23 saylı kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli əlavə razılaşma saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan borcu aşağıdakı kimi müəyyən edilir: 30 may 2024-cü il tarixinə bildiriş tərtib edilən tarixə: əsas borc üzrə 6869,39 manat; faiz borcu üzrə 857,21 manat; 08 yanvar 2025-ci il tarixinə - maliyyə arayışı tərtib edilən tarixə: əsas borc üzrə 6869,39 manat; faiz borcu üzrə 2063,55 manat.

Tərəflərin izahatları:

8. İddiaçı “X4” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi abrədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayıb.

9. Məhkəmə iclasında Cavabdeh izahat verərək, onun səhhətində problemlər var, İİ qrup əlildir. Qeyd edilənlərin nəzərə alımasını xahiş etdi.

İşin faktiki halı:

10. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı “X4” ASC ilə Cavabdeh arasında kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas, faiz və cərimə borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.

Məhkəmə baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

15. İş materiallarından (müqavilə, ödəniş qrafiki) müəyyən olunur ki, iddiaçı “X4” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh xx.xx.2026-cı ilədək illik 29 faizlə 500 manat məbləğində kredit xətti açılıb, xx.xx.2023-cü ildə kart kimiti artırılaraq 7000 manat müəyyən edilib. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməyib.

16. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “X4” ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.

19. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 6999,08 manat əsas, 1552,22 manat faiz borcu, 470,76 manat cərimə borcu olmaqla, cəmi 9022,06 manat borcu vardır.

20. Məhkəmə araşdırması zamanı cavabdehin yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/4700 nömrəli rəydən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2023-cü il tarixli, 472sMNGb/23 saylı kredit müqaviləsi və xx.xx.2024-cü il tarixli əlavə razılaşma saylı kredit xətti müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" KB ASC olan 30 may 2024-cü il tarixinə bildiriş tərtib edilən tarixə əsas borc üzrə 6869,39 manat, faiz borcu üzrə 857,21 manat məbləğində müəyyən edilib. Cavabdeh sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 218 manat ödəniş etsə də, həmin məbləğin hamısı gecikdirilmiş faiz borcuna nəzərə alınıb.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

23. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

24. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, Cavabdeh 6869,39 manat əsas, 857,21 manat (bildiriş göndərilən xx.xx.2024-cü il tarixinə) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.

25. Məhkəmə həmçinin iddia tələbinin cərimənin (dəbbə pulu) ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır.

26. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni azaldaraq iddia ərizəsində göstərilən cərimənin 470,76 manat məbləğində deyil, 50 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)

Məhkəmə xərcləri:

27. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün “X4” ASC tərəfindən 110,23 manat dövlət rüsumu ödənilmişdir. 28 Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/4700 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

29. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 110,23 manat dövlət rüsumunun 15,22 manatı iddiaçıya, 95,01 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 13,8 manatı iddiaçıdan, 86,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə:

30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçı “X4” ASC-nin xeyrinə 6869,39 manat əsas, 857,21 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 7776,6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,01 manat məbləğində pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 15,22 manatı iddiaçı “X4” ASC-yə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 86,2 manatı Cavabdeh və 13,8 manatı iddiaçı “X4” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı “X4” ASC-nin xeyrinə 6869,39 manat əsas, 857,21 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 7776,6 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95,01 manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 15,22 manatı iddiaçı “X4” ASC-yə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 86,2 manatı Cavabdeh və 13,8 manatı iddiaçı “X4” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar