Məhkəmə qərarları › İş №e-2(007)-1111/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1111/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1111/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh (audio konfrans vasitəsilə) iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehn 12700 manatın həmin məbləğə 01 iyul 2021-ci il tarixdən başlayaraq ödənildiyi günədək Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsinə uyğun faizlərin alınaraq İddiaçı oğluna ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İİ Qarabağ müharibəsi qazisi, İİİ qrup əlildir. Torpaqların azad olunması uğrunda gedən Vətən Müharbəsində sağlamlığını itirmişdir. Dövlət Başçısı tərəfindən müvafiq təltiflərə layiq görülmüşdür. Cavabdeh X1 ilə 2021-ci ilin yay aylarında Quba şəhərində yerləşən istirahət mərkəzlərindən birində tanış olmuşdur. Aralarında yaxın münasibətlər yaranmışdır. Sonradan mütəmadi əlaqə saxlamışlar. O, özünü Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının vəzifəli şəxsi kimi qələmə vermişdir. İlk dəfə Ruhiyyə evinin ipotekada olduğunu deyərək 2.700 manat borc istəmiş və o, da ona kömək məqsədilə həmin məbləğdə pulu borc kimi vermişdir. İkinci dəfə 23 iyun 2021-ci il tarixində səhər saatlarında zəng etmiş, qardaşının avtomobillə adam vurduğunu, bu səbəbdən işi bağlamaq üçün təcili 10.000 – 15.000 manat pul lazım olduğunu bildirmişdir. O, iddiaçını inandırmaq üçün işlədiyi akademiyanın rektoru Elçin Xələfovun adından istifadə edib, pulu Elçin müəllimdən alıb həmin günün axşamı qaytaracağını dedi. O, da bu cür mötəbər orqanın əməkdaşlarından hər hansı qanunazidd hərəkət gözləmədiyi üçün inandı və 10.000 manat pulu Ruhiyyəyə verdi. Həmin gün Ruhiyyə pulu axşam qaytarmadığı üçün polis orqanlarından Ruhiyyənin qardaşının guya adam vurduğu ərazidə hər hansı yol-nəqliyyat hadisəsi olmadığını dəqiqləşdirdikdən sonra cavabdehin ona qarşı dələduzluq etməklə pul aldığını başa düşdü. Beləliklə, Ruhiyyə ondan yalan danışmaqla inandırmaqla 2 dəfəyə 2700 manat və 10.000 manat olmaqla ümumilikdə 12.700 manat pul almış, lakin qaytarmamışdır. Sonradan Ruhiyyə əlyazma yazaraq ondan aldığı pulu etiraf etmiş, hər dəfə qaytaracağını bildirmişdir. Lakin müxtəlif bəhanələrlə qaytarmamışdır. Ona görə də Ədliyyə Nazirliyinin rəhbərliyinə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh audio konfrans vasitəsilə qoşularaq bildirdi ki, iddia tələbini qəbul edir. İddiaçıya 12000 manat pul verməlidir. O, 12700 manat istəyir, lakin 700 manatı qəbul etmir, çünki iddiaçının da ona borcu olmuşdur. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanladığı 06 sentyabr 2022ci il tarixli, 02/HŞ-491 nömrəli məktubunun surətindən görünür ki, barəsinddə şikayət etdiyi Cavabdeh ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Həmçinin bildirilir ki, Cavabdeh ilə arasında borc mübahisəsi Nizami Rayon Porkurorluğunda araşdırılmış, məsələnin mülki xarakter daşıdığı qənaətinə gəlinmiş və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. - Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - 16 avqust 2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək Anar adlı şəxs tərəfindən narahat edilməsini bildirmişdir. Araşdırma zamanı Cavabdeh ilə telefon əlaqəsi yaradılmış, o Anar adlı şəxslə aralarına mübahisə ayaranıbmış, lakin hal-hazırda heç bir şikayət və təklifi yoxdur. - Cavabdeh Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də 02 avqust 2021-ci il tarixdə verdiyi ərizədən görünür ki, o, İddiaçı ilə 2019-cu il tanış olmuşdur. 2021-ci ildə İddiaçı 12000 manat borc pul almışdır. - Bakı Şəhəri Nizami Rayon Porkurorluğunun 11 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətinən görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, tanışı İddiaçı ehtiyacları olduğu üçün 12000 manat borc olmuş, İddiaçı ona hədə-qorxu gəlməmiş, dəfələrlə onun yaşadığı evə gələrək öz pulunu tələb etmiş, Anar ilə dost olduqları üçün borc üstündə mübahisə etməmişdir. - Ə seriyalı 020589 nömrəli, 16 noyabr 2021-ci il tarixli Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X2 Birliyinin vəsiqəsinin surətindən görünür ki, İddiaçı İİİ qrup müharibə əlilidir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı 2021-ci il tarixdə Cavabdeh 12000 manat məbləğində borc pul vermişdir. Cavabdeh borc pulu qaytarmağı öhdəsinə götürsə də üzərinə düşən öhdəliyə əməl etməmişdir. Cavabdeh iddia tələbini qismən qəbul edir və İddiaçı olan borcunu qismən etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı şifahi borc müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu ödəməmişdir. Cavabdeh Bakı Şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də verdiyi ərizədən məlum olur ki, İddiaçı 12000 manat məbləğində borc pul almışdır. Lakin borcunu qaytarmamışdır. Həmçinin məhkəmə iclasında audio konfrans vasitəsilə məhkəmə iclasına qoşulmuş cavabdeh İddiaçı 12000 manat məbləğində borc götürdüyünü etiraf etmişdir. İddiaçı tələbində cavabdehin ona 12700 manat borclu olmasını bildirsə də məhkəmə hesab edir ki, iddiaçı borcun 700 manat hissəsini sübut edə bilməmişdir. İş materiallarından göründüyü kimi də cavabdeh 25-ci PŞ-də verdiyi ərizədə, 11 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda da 12000 borcunun olmasını etiraf etmiş iddiaçı isə buna etiraz etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut etmə vəzifəsi tərəflərin üzərinə düşür, sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlili sübut edə bilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi, Cavabdeh İddiaçı 12000 manat borcu vardır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən CD diski məhkəmə iclasında dinləyərək, cavabdehin iddiaçıdan iddia ərizəsində qeyd etdiyi kimi qardaşının maşınla adam vurduğunu bildirdiyi və 10000-15000 manat məbləğində pul istəməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iddianın “Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış faizlərin cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd edir ki, qeyd olunan plenum qərarından görünür ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur, belə olan halda qanunvericilik kreditora borcludan gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ verir. Lakin hazırda iddiaçı və cavabdeh arasında yazılı müqavilə yoxdur. Demək ki, iddiaçı faiz əldə etmək niyyəti olmadan borcluya 12000 manat vermişdir. Bu səbəbdən iddiaçı Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun hesablanmış faizləri tələb etməkdə haqlı deyildir. Bundan başqa iddia tələbindən göründüyü kimi tələb ümümi qaydada natamam yazılmışıdır. Tələb olunan faiz dərəcəsi hesablanmamışdır. Odur ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək, cavabdehin iddianı qismən etiraf etməsini də nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 12000 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12000 manat məbləğində borc pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar