Məhkəmə qərarları › İş №e-2(007)-1121/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1121/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1121/2023 25.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyev Fikrət Xasay oğlunun sədrliyi, Qurbanov ramil Firudin oğlunun katibliyi, Cavabdeh X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014- cü il tarixli “kredit kartın verilməsi və istifadəsi” müqaviləyə (“Dəmir Taksit” kredit kartı) əsasən cavabdeh üçün 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 01 nömrəli 08 iyun 2015-ci il tarixli əlavə saziş bağlanmışdır. Bu müqavilənin predmetini kredit xəttinin limitinin 2000 AZN təyin olunmuşdur.İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 1 nömrəli 06 mart 2017-ci il tarixli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2542.68 AZN təşkil edən qalığı kreditə çevrilmişdir. Kreditin müddəti 36 ay təşkil etmişdir. Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 27 (iyirmi yeddi) faiz ödəməli idi.Müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarının, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəmək öhdəliyi götürmüşdür.Müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququ vardır.xx.xx.2023-cü il tarixə Cavabdeh müqavilə üzrə cəmi borcu 6571.53 manat təşkil edir. Bundan 2139.16 manat əsas, 2440.73 manat faiz, 1673.64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318 manat faiz borcu təşkil edir.Müqavilənin müvafiq bəndlərinə əsasən borcalan kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır.Müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********703 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir.Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir.Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Qeyd olunanlara əsasən Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə 2139.16 manat əsas, 2440.73 manat faiz, 1673.64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318 manat faiz borcu, cəmi 6571.53 manat kredit borcunun və 85.72 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da nümayəndəsini məhkəməyə göndərməmişdir.Məmkəməyə ünvanlandığı ərizədə iştirakı olmadan işə baxılmasını,iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinin tələblərini rəhbər tutaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, 2014-cü ildə 36 ay müddətinə kredit müqaviləsi bağlanıb, lakin qarşı tərəf bu günə kimi bir dəfə olsun belə nə bildiriş verməyib, nə də ki, məhkəməyə müraciət etməyib.O, əvvəlki iclas zamanı iddia müddətinin tətbiq olunması ilə bağlı ərizə təqdim etmişdir. Hazırda həmin ərizəni müdafiə edir, xahiş edir ki, mübahisəyə iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunsun. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli “kredit kartın verilməsi və istifadəsi” barədə müqavilədən (“Dəmir Taksit” kredit kartından) görünür ki, cavabdehə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 08 iyun 2015-ci il tarixli, 01 nömrəli əlavə sazişdən görünür ki, müqavilənin predmeti dəyişdirilməklə xəttinin limiti 2000 AZN təyin olunmuşdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xətai filialı ilə Cavabdeh arasında 1 nömrəli 06 mart 2017-ci il tarixli Əlavə Saziş bağlanaraq, əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirilmişdir. Maliyyə arayışından görünür ki,qeyd olunan kredit müqaviləsi üzrə cavabdehin 2139.16 manat əsas, 2440.73 manat faiz, 1673.64 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 318 manat faiz borcu, cəmi 6571.53 manat kredit borcu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd olunur ki,iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddiaçı iddia müddətini açıq-aşkar buraxmaqla məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə bağlanmışdır. Sonradan müqaviləyə dəyişikliklər olunsa da müqavilənin qüvvədə olma müddəti dəyişməmişdir. Belə olan halda kredit müqaviləsinin müddəti xx.xx.2014-cü il tarixdə başa çatır.Üç illik iddia nüddəti şamil olunmaqla iddia müddəti xx.xx.2017-ci il tarixdə bitir.İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavbdeh isə mübahisəyə iddia müddətinin tətbiq olunmasına dair ərizə vermişdir. Göstərilən səbəblərdən iddia tələbi təmin edilməməlidir. İddia təmin olunmadığından ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddiası təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fikrət Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar