Məhkəmə qərarları › İş №e-2(007)-1174/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1174/2022

06.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1174/2022 06.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “Samsung A325” markalı mobil telefona və aksesuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla cəmi 618 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilənin şərtlərini pozaraq, sonuncu dəfə 03.07.2021ci il tarixində 4 manat ödəniş etmiş və qalıq qalmış 514 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) faiz dərəcəsi ilə dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 771 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 77,1 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh 01.02.2022-ci il tarixədək "xxxx" MMC-yə 514 manat əsas, 77,1 manat cərimə borcu "xxxx" MMC-yə önədilməlidir. Qeyd olunanlara əsasən 17.04.2021-ci il tarixli ********* saylı müddətli müqaviləsi üzrə 01.02.2022-ci il tarixədək yaranmış 514 manat əsas, 77,1 manat cərimə, cəmi 591,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.04.2021-ci il tarixli ********* nömrəli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Samsung A325” markalı mobil telefon verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş 17.04.2021-ci il tarixli ********* saylı kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 17-dən gec olmayaraq 12 ay müddətinə hər ay 52 manat ödəniş etməlidir. İşə əlavə olunmuş "xxxx" MMC-nin 01.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.04.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən 514 manat əsas, 771 manat cərimə, cəmi 1285 manat borcu vardır. İşə əlavə olunmuş "xxxx" MMC tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, cavabdeh 26.04.2021-ci il tarixli müqaviləsinə əsasən olan borcu 514 manat əsas, 771 manat cərimə, cəmi 1285 manat borcu olması barədə xəbərdar olunmuş, müqavilə üzrə borcun ödənilməsi tələb olunur. Əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan 15.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, 17.04.2021-ci il tarixli ********* nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17.04.2021-ci il tarixli ********* nömrəli kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan 1 nömrəli kreditin ödəniş cədvəli əsasında hər ayın 17-dən gec olmayaraq 12 ay müddətinə hər ay 52 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddianın cərimə borcunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 26 aprel 2021-ci il tarixli müqavilə üzrə hesablanmış 77,1 manat cərimə borcunun məbləği azaldılaraq 35 manat məbləğində müəyyən edilməlidir Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, Cavabdeh 17.04.2021-ci il tarixli ********* saylı müddətli müqavilə üzrə 01.02.2022-ci il tarixədək yaranmış 514 manat əsas, 35 manat cərimə, cəmi 549 manat borcun manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 17.04.2021-ci il tarixli ********* saylı müddətli müqavilə üzrə 01.02.2022-ci il tarixədək yaranmış 514 manat əsas, 35 manat cərimə, cəmi 549 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar