Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1185/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Yusifova Ülkər Bayram qızı, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m olan mənzilə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsini yoxlayarkən müəyyən etdim ki, ərizə verilərkən aidiyyət qaydaları pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmçinin iddiaçıya daşınmaz əşyanın olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 iyun 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Eyni zamanda Qərarda, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət etməsi qeyd olunmuşdur. İddia ərizəsindən görünür ki, iddiaçı ona məxsus Abşeron rayonu, Masazır qəsəbəsində inşa edilən yaşayış kompleksində bina 01, 2-ci mərtəbə, 07 nömrəli, 3 otaqlı, sahəsi 109,72 kv.m olan mənzilə giriş-çıxışa yaradılmış maneələrin aradan qaldırılmasının cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı hüquqlarının pozulmasını iddia edir və pozulmuş hüquqlarının bərpa olunmasını xahiş edir. Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin tələbinə görə mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Qeyd olunan mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşdiyi üçün iddiaçı Abşeron Rayon Məhkəməsinə müraciət etməlidir. Həmçinin yuxarıda qeyd olunan plenum qərarına əsasən məhkəmə iclasında mübahisənin vaxtında, ədalətli və obyektiv həlli üçün daşınmaz əmlakın yerində müayinəsi tələb oluna bilər. Belə olan halda, hazırki tələbə müstəsna aidiyyət tələbləri tətbiq olunmaqla ərazi aidiyyətinə görə Bakı Şəhəri Nizami Rayon Məhkəməsində deyil, Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd olunan nöqsana əsasən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalı, iddiaçıya ümumi qaydada Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından hesab edirəm ki, ödənilmiş dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: ********** qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 15:46:26) görünür ki, İddiaçı hazırki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Beləliklə belə qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya büdcədən geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “mənzilə giriş-çıxışa yaradılmış maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya ümumi qaydada Abşeron Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunsun. İddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat ("xxxx" ASC, VÖEN: **********, büdcə təsnifat kodu: 142213, büdcə səviyyə kodu: 1, xəzinə hesabı: AZ17CTRE********************, transaksiya nömrəsi: ********** qəbz nömrəsi: **********, tarix: xx.xx.2023, saat: 15:46:26) dövlət rüsumu dövlət büdcəsindən qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1185/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1185/2023
07.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver