Məhkəmə qərarları › İş №e-2(007)-1193/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1193/2025

14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1193/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mülkiyyətçiyə dəymiş zərərin ödənilməsi, yalan əqd”) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər X14 və Cavabdeh “Kia” markalı, “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi bağlı 7680 manat məbləğin, vəkil ilə müqavilə üçün ödənilmiş 320 manat, digər xərclər üçün 1200 manat və 112 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə iddianın tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Kia” markalı , “77BG759” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi İddiaçı xüsusi mülkiyyətindədir. Həmin avtomobili Cavabdeh almaq istədiyini bildirmiş və bu barədə tərəflər arasında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən Cavabdeh avtomobili hər ay hissə-hissə ödəməklə yəni-hər ay 660 manat məbləği mülkiyyətçiyə ödəməməklə alacağı üçün Cavabdeh avtomobili idarə etmək üçün etibarnamə verilmişdir. Həmin etibarnaməni verdikdən qısa müddət sonra Cavabdeh mülkiyyətçiyə müraciət edərək, yaxın qohumu da həmin avtomobili idarə etmək istədiyi üçün X11 da idarə etmək üçün etibarname verilməsini xahiş etmişdir. Bundan sonra X11 da “Kia” markalı , “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi idarə etmək üçün etibarnamə verilmişdir. Bundan sonra 2 ay avtomobili cavabdehlər idarə etmişlər və 2 ay 660 manat ödəniş olunmuşdur. Lakin qısa müddət ərzində X14 idarə etmək üçün verilmiş etibarnamə əsasında idarə etdiyi İddiaçı xüsusi mülkiyyətində olan “Kia” markalı , “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Bu barədə mülkiyyətçi sonradan xəbər tutduğu üçün cavabdehlər dəymiş məbləği ödəyəcəklərinə şifahi söz versələr də bu günə qədər nə avtomobilin təmiri ilə maraqlanmamışlar, nə avtomobili təmir etdirməmişlər, nə də təmir üçün lazımlı vəsaiti ödəməmişlər. Məhkəməyə müraciət etməmişdən əvvəl dəfələrlə cavabdehlərə şifahi məlumat verilmiş, hətta bu barədə polisə müraiət olunsa da heç bir nəticə olmamışdır. Eyni zamanda hazırkı iddia qaldırmamışdan əvvəl cavabdehlərə yazılı təklif də göndərilmişdir. Hazırkı günə qədər nəticə əldə edilmədiyindən mülkiyyətçi xeyli miqdarda maddi və mənəvi ziyan çəkmişdir. Belə ki, qəza nəticəsində maşına böyük zərər dəymiş, maşın demək olar ki, yararsız vəziyyətə düşmüşdür. Mülkiyyətçi “Kia” markalı, “77BG759” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı “Grand Auto” Services tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilməsi üçün müraciət etmiş, avtomobilə baxış keçirilmiş və qüsur akı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində 7680 manat məbləğində ziyanın dəyməsi müəyyən edilmişdir. Avtomobilin istifadəsiz qalması, saxlama yerində saxlanması xərci, vəkil ilə müqavilə üçün ödəniş xərcləri də hesabladıqda 1500 manat mülkiyyətçiyə əlavə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalan İddiaçı, “Kia” markalı , “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi bağlı 7680 manat məbləğin, vəkil ilə müqavilə üçün ödənilmiş 320 manat, digər xərclər üçün 1200 manat və 112 manat dövlət rüsumunun cavabdehlər X14 və Cavabdeh müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

İş materialları :

3. xx.xx.2025-ci il tarixli, **********75 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 112 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

4. Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərardan görünür ki, qərarın təsvir hissəsində göstərilənlərə əsasən X5 şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

5. “X20” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Kia” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 7680 manat müəyyən edilmişdir.

6. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən (nümayəndə qismində X8) X11 “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək idarə etmək hüququ etibar edilmişdir.

7. xx.xx.2024-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən (nümayəndə qismində X8) Cavabdeh “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2025-ci il tarixədək idarə etmək hüququ etibar edilmişdir.

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən X14 və Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, törətmiş olduqları yol-nəqliyyat hadisəsi nəticəsində yaranmış 7680 manat zərər məbləğinin və bununla bağlı əlavə xərclər 1500 manat İddiaçı ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

9. BA seriyalı 391771 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, 77BG759 dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir.

10. “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən” xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 06:00 radələrində X14 tərəfindən idarə edilən 77BG759 dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı nqəliyyat vasitəsi ilə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.

11. “Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, TP628064 nömrəli qərardan görünür ki, X14 xx.xx.2024-cü il tarixdə saat 06:00-da Ziya Bünyadov prospektində 77BG759 dövlət qeydiyyat nişanlı “Kia Rio minik” markalı nqəliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə X14 tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir.

12. İş materiallarına “Yol-nəqliyyat hadisəsinin sxemi” əlavə edilmişdir.

13. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X9 tərəfindən X12 “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək idarə etmək hüququ etibar edilmişdir.

14. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X21 İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, DİN Baş X21 İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdən İddiaçı adına qeydiyyatdadır.

15. DİN Baş X21 İdarəsi tərəfindən təqdim edilmiş nəqliyyat vasitəsinin hərəkətləri barədə məlumatların komputer çıxarışından görünür ki, “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində gömrük vəsiqəsi əsasında X6 adına rəsmiləşmişdir. X9 tərəfindən X12 və X11 etibarnamə verilmişdir.

16. X9 ilə İddiaçı arasında bağlanılmış xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinin alqısatqı müqaviləsi”ndən görünür ki, X9 tərəfindən “Kia Rio minik” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 6000 manat məbləğində İddiaçı satılmışdır.

17. X8 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsindən görünür ki, X8 tərəfindən Cavabdeh 12 ay müddətinə aylıq 660 manat ödəmək şərti ilə 7930 manat məbləğində borc verilmişdir.

18. İş materiallarına 1 ədəd fotoşəkil əlavə edilmişdir.

Tərəflərin izahatları :

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək ailəvi səbəblər ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini və iddia tələbini müdafiə etdiyini bildirmişdir.

20. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halı :

21. “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində gömrük vəsiqəsi əsasında X6 adına rəsmiləşdirilmişdir.

22. Həmin nəqliyyat vasitəsi X6 adına rəsmiləşdirildikdən sonra onun tərəfindən X12 nəqliyyat vasitəsinə sərəncam vermək huququna dair etibarnamə və X11 nəqliyyat vasitəsini istifadə etmək hüququna dair etibarnamə verilmişdir.

23. İddiaçı ilə X9 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X7 adına rəsmiləşdirilmişdir.

24. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində X14 və Cavabdeh nəqliyyat vasitəsini istifadə etmək hüqquna dair etibarnamə verilmişdir.

25. X8 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən X8 tərəfindən Cavabdeh 12 ay müddətinə, hər ay 660 manat ödəmək şərtilə 7930 manat məbləğində pul vəsaiti borc olaraq verilmiş və borcun təminatı tərəflərin razılaşmasına əsasən “borc verən”in mülkiyyətinə verilmiş “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi olmuşdur.

26. xx.xx.2024-cü il tarixində X14 “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində X14 AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə təqsirli bilinmişdir.

27. X1 Razi Valeh oğlu və X14 barəsində Bakı şəhəri Nərimanov rayon Polis idarəsi 17-ci polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh satdığını, onun tərəfindən Cavabdeh və X11 nəqliyyat vasitəsini istifadə etmək üçün etibarnamə verildiyini, X14 tərəfindən nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsi törədilərək nəqliyyat vasitəsinə ziyan vurduğunu və dəymiş ziyanı ödəmədiklərini bildirmişdir.

28. X14 xx.xx.2024-cü il tarixində ölmüş və Məhkəmənin xx.xx.2025-ci il tarixli, 2(007)- 1193/2025 saylı Qərardadı ilə hazırki iddia tələbinə ona münasibətdə xitam verilmişdir.

Məhkəmə baxışının hədləri:

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 1096.1. mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 Aprel 2021-ci il tarixli Qərarı.

33.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 sentyabr 2021-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

34. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

35. İddiaçı tərəfindən Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi”nə dair iddia tələbi cavabdeh tərəfindən onun mülkiyyətində olan “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə Cavabdeh tərəfindən zərər vurulması ilə əsaslandırılmışdır.

36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

37. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

39. Mülki iş üzrə İddiaçı iddia tələbinin faktiki halları qismində məhkəmə bildirmişdir ki, Cavabdeh ilə mülkiyyət hüququ ilə ona məxsus olan “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hər ay 660 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə alqı-satqısı barədə razılıq əldə edilmiş, həmin razılaşmaya uyğun olaraq cavabdehə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Cavabdeh müraciəti əsasında həmçinin onun yaxın qohumu X11 da nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir. Cavabdeh tərəfindən iki ay ödəniş edilmiş, daha sonra X14 tərəfindən nəqliyyat vasitəsi idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəqliyyat vasitəsinə ziyan dəymişdir.

40. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə məhkəməyə bildirilmişdir ki, “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus olmuş, onun tərəfindən yaxın qohumunun adına Almaniyadan gətirilmişdir. İddiaçı ilə aralarında alqısatqı müqaviləsi bağlanılan zaman məqsəd nəqliyyat vasitəsini satmaq olmamış, onun pula ehtiyacı olduğundan sözügedən nəqliyyat vasitəsini iddiaçının adına rəsmiləşdirməklə əlavə pul ödəmək şərtilə borc olaraq 5000 manat məbləğində pul vəsaiti götürmüşdür. O, İddiaçı tanımadığını, X8 ilə aralarında razılıq əldə edildiyini bildirmişdir. Həmin nəqliyyat vasitəsilə dayısı X14 yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisəsindən 1-2 ay sonra vəfat etmişdir.

41. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları ondan ibarətdir ki, “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixində gömrük vəsiqəsi əsasında X6 adına rəsmiləşdirilmiş və onun tərəfindən X12 nəqliyyat vasitəsinə sərəncam vermək huququna dair etibarnamə və X11 nəqliyyat vasitəsini istifadə etmək hüququna dair etibarnamə verilmişdir. Nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmiş və onun tərəfindən həmin tarixdə X14 və Cavabdeh nəqliyyat vasitəsini istifadə etmək hüququna dair etibarnamə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, nəqliyyat avsitəsinə dair alqı-satqı müqaviləsinin bağlanıldığı xx.xx.2024-cü il tarixində X8 ilə Cavabdeh arasında sadə yazılı formada borc müqaviləsi bağlanılmışdır.

42. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X9 arasında “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2024-cü tarixli alqı-satqı müqaviləsinin bağlanılması zamanı tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmişdir.

43. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

44. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.

45. Mülki qanunvericiliyə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız əqdlərdir. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri).

46. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur.

47. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbinin faktiki əsasını xx.xx.2024-cü il tarixli alıq-satqı müqaviləsi əsasında onun mülkiyyətinə keçmiş “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi təşkil edir.

48. Odur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə uyğun olaraq işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları nəzərə alınmaqla, məhkəmə ilk növbədə həmin əqdin etibarlılığına hüquqi qiymət verilməsini zəruri hesab edir.

49. Məhkəmə qeyd edir ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır.

50. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı bir əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanılmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

51. Mülki qanunvericiliyə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almalıdır.

52. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.

53. Hazırki mülki işin müəyyən edilmiş faktiki halı odur ki, “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının iddia etdiyi kimi Cavabdeh tərəfindən satın alınmamış, həmin nəqliyyat vasitəsi iddiaçının mülkiyyətinə keçməmişdən öncə X2 və istifadəsində olmuşdur.

54. İddiaçı tərəfindən iddia tələbinin faktiki əsası qismində bildirdiklərinə dair məhkəməyə mötəbər sübut təqdim edilməmiş, yəni iddiaçı tərəfindən mübahisə obyekti olan nəqliyyat vasitəsinə dair Cavabdeh ilə hissə-hissə ödəmək şərtilə nisyə alqı-satqı müqaviləsinin bağlanılması sübuta yetirilə bilməmişdir.

55. Əksinə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş X8 ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinə əsasən müəyyən olunur ki, nəqliyyat vasitəsinin alqı-satqısının həyata keçirildiyi gün X8 tərəfindən Cavabdeh 12 ay müddətinə, hər ay 660 manat ödəmək şərtilə 7930 manat məbləğində borc verilmişdir.

56. Müqavilənin 2.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin təminatı kimi tərəflərin qarşılıqlı razılaşması əsasında “borc verən”in mülkiyyətinə verilmiş “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir.

57. Müqavilənin qeyd edilən bəndindən də aydın olur ki, “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətinə keçməsinə dair bağlanılmış müqavilə görünüş üçün bağlanılmış müqavilədir, tərəflərin əsl iradəsini əks etdirmir.

58. Məhkəmə onu da diqqətə çatdırmağı zəruri hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş Nərimanov rayon Polis idarəsi 17-ci polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan aydın olur ki, X8 tərəfindən “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanla bağlı Cavabdeh və X14 barəsində şikayət ərizəsi ilə polis şöbəsinə müraciət edilmişdir.

59. Həmin şikayət ərizəsində X8 “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini hər ay 660 manat ödəmək şərtilə Cavabdeh satdığını, həmin nəqliyyat vasitəsinə dair Cavabdeh və onun xahişi ilə yaxın qohumu X11 etibarnamə verdiyini, həmin nəqliyyat vasitəsi X14 tərəfindən idarə edilən zaman yol-nəqliyyat hadisəsi törətdiyini və nəqliyyat vasitəsinə ziyan dəydiyini bildirmişdir.

60. Yəni işin tədqiq edilən halları onu deməyə əsas verir ki, sözügedən nəqliyyat vasitəsi Cavabdeh tərəfindən X3 götürülmüş borc pul vəsaitinin təminatı olaraq İddiaçı mülkiyyətinə verilmişdir.

61. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

62. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur.

63. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.

64. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.

65. Hazırki mülki iş üzrə də pərdələnən əqd X8 ilə Cavabdeh arasında bağlanılan xx.xx.2024-cü il tarixli borc müqaviləsi olub, həmin borc müqaviləsi üzrə götürülmüş borcun təminatı olaraq İddiaçı ilə X9 arasında xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanılmışdır.

66. Məhkəmə qeyd edir ki, İddiaçı ilə X13 arasında bağlanılmış xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi görünüş üçün bağlanılmış yalan əqd olmaqla etibarsızdır.

67. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun yaranmasının faktiki əsasını təşkil edən xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, yəni həmin əqd əsasında İddiaçı “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ yaranmadığından, yəni onun müqavilə üzrə iddia olunan subyektiv hüququ yaranmadığından hazırda dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

68. Bununla belə, məhkəmə qeyd edir ki, işin müəyyən edilmiş faktiki halı odur ki, Cavabdeh tərəfindən X3 borc olaraq pul vəsaiti götürülmüş, həmin borcdan 2 ay (1320 manat) ödəniş edilmiş, qalan borc isə ödənilməmişdir. Nəqliyyat vaistəsi isə X8 tərəfindən götürülmüşdür. Hazırki mülki iş üzrə icraat zamanı müvafiq tələb irəli sürülmədiyindən həmin borc müqaviləsi üzrə yaranmış və qalıq borc məbləğinə məhkəmə tərəfindən qiymət verilməmişdir.

69. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının məhkəməyə bildirdiklərinə əsasən hazırki iddia tələbinə hüquqi qiymət verildiyi halda belə, yəni iddiaçının “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ olduğu halda belə, onun Cavabdeh qarşı “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə deliktə əsaslanan iddia tələbi əsaslı deyildir.

70. Belə ki, delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırki mülki iş üzrə isə Cavabdeh qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində “Kia” markalı 77BG759 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi müəyyən edilməmişdir.

Məhkəmə xərcləri :

71. İddiaçı həmçinin məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 112 manat məbləğində dövlət rüsumunun və vəkil ilə müqavilə bağlanılması üçün ödənilmiş 320 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etmişdir.

72. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir.

Nəticə :

73. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh “Kia” markalı, “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı 7680 manat məbləğində, vəkil ilə müqavilə üçün ödənilmiş 320 manat, digər xərclər üçün 1200 manat və 112 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddiaçı Cavabdeh “Kia” markalı, “** BG ***” qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı 7680 manat məbləğində, vəkil ilə müqavilə üçün ödənilmiş 320 manat, digər xərclər üçün 1200 manat və 112 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar