Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1202/2024 07.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh3 və zaminləri Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş 4060 (Dörd min altmış) manat məbləğində əsas borcu, 930 (Doqquz yüz otuz) manat faiz borcu, 400 (Dörd yüz) manat cərimə borcu olmaqla, cəmi 5390 (Beş min üç yüz doxsan) manat məbləğində borc və 73,90 (yetmiş üç manat 90 qəpik) manat ödənilmiş dövlət rüsumunun kreditor "xxxx" ASC-nin xeyrinə tutulmasına dair məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh3 "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət edib, cavabdehin müraciətinə müvafiq olaraq onunla "xxxx" ASC arasında xx.xx.2022-ci il tarixli PKLMB-0802 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 24 ay müddətinə illik 40% (qırx) olmaqla 5000 (beş min) manat məbləğində kredit verilib. Həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq borclu Cavabdeh3 zaminləri Cavabdeh1 və Cavabdeh2 ilə PKLMB-0802 nömrəli zaminlik müqaviləsi bağlanıb. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməyib. Hal-hazırda isə borclular tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Təşkilatla borclu Cavabdeh3 zaminləri arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKSTN-0802 nömrəli zaminlik müqaviləsinin 2.1 bəndinə əsasən borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək zamin kreditor qarşısında borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını öz öhdəsinə götürüb. Borclular dəfələrlə xəbərdarlıq olunmalarına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməyiblər. Borclu Cavabdeh3 və zaminləri Cavabdeh1 və Cavabdeh2ödənilməmiş 4060 (Dörd min altmış) manat məbləğində əsas borcu, 930 (Doqquz yüz otuz) manat faiz borcu, 400 (Dörd yüz) manat cərimə borcu olmaqla,cəmi 5390 (Beş min üç yüz doxsan) manat məbləğində borc pul tutulmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli PKLMB-0802 saylı kredit müqaviləsinə əsasən, "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC Cavabdeh3 24 ay müddətinə, illik 40 faiz ödəmək şərtilə, 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh3 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0802 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri borclu Cavabdeh3 icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0802 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəlikləri borclu Cavabdeh3 icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASCnin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər, yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşlar; - "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASCnin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 4060 manat əsas borcu, 930 manat faiz borcu, 400 manat dəbbə borcu olmaqla, cəmi 5390 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC tərəfindən 73,90 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/4039 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli, PKLMB-0802 saylı bank xidmətlərində dair ümumi ofertanın şərtləri nəzərə alaraq Cavabdeh3 "xxxx" BOKT ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: xx.xx.2024-ci il tarixinə (xəbərdarlıq göndərilən tarixə) əsas borc üzrə 4117,34 manat, faiz borcu üzrə 893,25 manat; xx.xx.2024-cü il tarixə (maliyyə arayışı tərtib edilən tarixə) əsas borc üzrə 4027,34 manat, faiz borcu üzrə 956,60 manat. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli PKLMB-0802 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh3 24 ay müddətinə, illik 40 faiz ödəmək şərtilə, 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh3 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2022-ci il tarixdə borcalanla birlikdə iddiaçı ilə zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşlər. Lakin cavabdehlər kreditin ödənilməsi üzrə müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh3 iddiaçı "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli PKLMB-0802 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 və Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh3 "Pro Kredit Bank Olmayan Kredit Təşkilatı” ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh3 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdehlər müqavilə üzrə bank qarşısında öhdəlik götürdüklərindən və cavabdehlər müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdıqlarından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidirlər. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 4060 manat əsas, 930 manat faiz borcu, 400 manat cərimə borcu olmaqla, cəmi 5390 manat borcu vardır. Məhkəmə araşdırması zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli 9/4039 nömrəli rəydən görünür ki, kredit müqaviləsi üzrə Cavabdeh3 "xxxx" BOKT ASC-yə olan borcu: xx.xx.2024-ci il tarixinə (xəbərdarlıq göndərilən tarixə) əsas borc üzrə 4117,34 manat, faiz borcu üzrə 893,25 manat; xx.xx.2024-cü il tarixə (maliyyə arayışı tərtib edilən tarixə) əsas borc üzrə 4027,34 manat, faiz borcu üzrə 956,60 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, cavabdehlərdən müştərək qaydada 4060 manat əsas, 893,25 manat (bildiriş göndərilən xx.xx.2024-cü il tarixinə) faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə işin hallarını, habelə həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 400 manat cərimə borcu əsas borc məbləğinə münasibətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 4060 manat əsas borc, 893,25 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 5053,25 manat kredit borcu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün "xxxx" ASC tərəfindən 73,90 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/4039 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 73,90 manat dövlət rüsumunun 4,62 manatı iddiaçıya, 69,28 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 6 manatı iddiaçıdan, 94 manatı cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 4060 manat əsas borc, 893,25 manat faiz borcu və 100 manat cərimə borcu olmaqla, cəmi 5053,25 manat kredit borcu və 69,28 manat ödənilmiş dövlət rüsumu tutulsun. Ödənilmiş dövlət rüsumunun 4,62 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 94 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada və 6 manatı iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva