Məhkəmə qərarları › İş №e-2(007)-1202/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-1202/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1202/2025 31.01.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızı sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2023-cü il tarixli, 162/23A nömrəli kredit müqaviləsinə əsasən yaranmış 15097.72 (on beş min doxsan yeddi manat yetmiş iki qəpik) manat əsas, 2850.23 (iki min səkkiz yüz əlli manat iyirmi üç qəpik) manat faiz, 435.77 (dörd yüz otuz beş manat yetmiş yeddi qəpik) manat cərimə borcu, cəmi 18383.72 (on səkkiz min üç yüz səksən üç manat yetmiş iki qəpik) manat kredit borcunun, ödənilmiş 146 (bir yüz qırx altı manat) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 18528.72 (on səkkiz min beş yüz iyirmi səkkiz manat yetmiş iki qəpik) manat borcun Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilməsi və tutmanın BA № 345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan X1 markalı, 77CY211 dövlət qeydiyyat nişanlı, BAN №LZWADAGA4MB004699, Mühərrik №18L41520217 nömrəli və Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edilmiş avtomobilə yönəldilməsiavtomobilin hərrac vasitəsilə satılması, satışdan əldə edilən məbləğin borc məbləğinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq :

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd. 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir). 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. “Dövlət rüsumu haqqında” Qanun :

8.1.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir.

Məhkəmənin mövqeyi :

4. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.

5. İddia ərizəsi öyrənilərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin mübahisənin məhkəməyə qədər nizama salınmasına dair tələbləri pozulmaqla məhkəməyə müraciət edilmişdir.

6. Məhkəmə tərəfindən iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair iddia ərizəsi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya əməl edilmədiyinə görə baxılmamış saxlanılmasına baxmayaraq iddiaçı tərəfindən yenidən həmin qaydaya riayət etməsini təsdiq edən sənəd əlavə edilmədən məhkəməyə müraciət edilmişdir.

7. Məhkəmə 2(007)-2969/2024 saylı, xx.xx.2024-cü il tarixli və 2(007)-1042/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadlarında ifadə etdiyi mövqeyi təkrarlamaqla aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

8. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

9. Həmçinin tərəflər araında bağlanılmış xx.xx.2023-cü il tarixli, 162/23A saylı kredit müqaviləsinin 7.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu müqavilədən irəli gələn hər bir mübahisə tərəflərin özləri arasında qarşılıqlı razılaşma yolu ilə həll ediləcəkdir. 7.3-cü bəndində nəzərdə tutulmuşdur ki, tərəflər arasında mübahisələrin həll edilməsi qarşılıqlı qaydada öz razılığını tapmadıqda və ya tərəflər razılığa gələ bilmədikdə mübahisələrin həlli Azərbaycan Respublikasının məhkəmələrində qanunvericiliyə uyğun həll ediləcəkdir.

10. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar (pretenziya) həll edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydaya riayət edilməmişdir.

11. Belə ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edildiyini təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.

12. Məhkəmə həmçinin müqavilələrin ləğv edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun mövqeyini diqqətə çatdırmağı zəruri hesab edir.

13. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, müqavilə qüvvədə olduğu üçün iddiaçı məhkəməyə hazırki iddia tələbi ilə müraciət etməzdən öncə ilk növbədə müqavilənin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etməli idi.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il Qərarında qeyd edilir ki, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları adlanan 421-ci maddəsi yalnız müqavilənin birtərəfli qaydada aradan qaldırılması (ləğv edilməsi) hallarını nəzərdə tutmur. Belə ki, Mülki Məcəllənin 421.1-ci maddəsi ləğvetmə ilə bağlı olmayıb, müqavilə azadlığı və tərəflərin bərabərliyi prinsiplərinə uyğun olaraq onların qarşılıqlı razılaşması ilə müqavilə münasibətlərinin dəyişdirilməsi və ya ona xitam verilməsinin mümkünlüyünü nəzərdə tutur. , Mülki Məcəllənin 421.2-ci maddəsində qeyd olunan əsasların mövcud olduğu hallarda müqavilənin ləğv edilməsinin məhkəmədən kənar qaydası, Məcəllənin 423.2-ci maddəsində isə ləğvetmənin xüsusi qaydası (müstəsna hal - Mülki Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi mövcud olduğu təqdirdə) nəzərdə tutulmuşdur. Məhkəmədən kənar qayda iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə şərtləndirildiyi halda, xüsusi qayda məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.

15. Həmin Qərarda qeyd edilir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər.

16. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarda formalaşdırdığı hüquqi mövqedən göründüyü kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda müqaviləyə xitam verilməsi tərəflərin qarşılıqlı razılaşması ilə məhkəmədən kənar qaydada həyata keçirilməli, yalnız 422-ci maddədə nəzərdə tutulmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında müqavilə məhkəmə qaydasında dəyişdirilməli və ya ləğv edilməlidir.

17. Belə olan halda məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədə olduğu və cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyi, iddiaçı isə qüvvədə olan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam şəkildə yerinə yetirilməsini tələb etdiyi və Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hazırki hal üzrə müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada həyata keçirilməli olduğu üçün iddiaçı ilk öncə müqavilənin ləğv edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş məhkəmədən kənar qaydaya riayət etməlidir.

18. Həmçinin məhkəmə onu da nəzərə çatdırmağı zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdehlərə ünvanlanmış “ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair mübahisənin məhkəməyə qədər nizama salınmasına dair qaydaya riayət edilməsini təsdiq edən sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin bildirişin məzmunundan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixinə kredit müqaviləsi üzrə 16274.10 manat əsas, 235.21 manat faiz, 3.19 manat cərimə borc olduğu və “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun və xx.xx.2023-cü il tarixli, 162/23A saylı ipoteka müqaviləsinin tələblərinə müvafiq olaraq BA345282 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən Cavabdeh1 məxsus olan Chevrolet Captiva markalı 77CY211 dövlət qeydiyyat nişanlı avtomobilə tutma yönəldilməsinə başlanıldığı bildirilmişdir.

19. Göründüyü kimi, məktubda iddiaçı tərəfindən cavabdehə aralarında bağlanılmış kredit müqaviləsinin ləğv edilməsi ilə əlaqədar iradə ifadəsi, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsinin tələb edilməsi, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı iradə ifadəsi bildirilməmiş, sadəcə tərəfə borcunun olması və ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş ünvanlanmışdır.

20. Belə olan halda, məhkəmə qeyd edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması iddiaçıya izah edilməlidir.

Nəticə :

21. Beləliklə, məhkəmə qeyd edir ki, mübahisənin məhkəməyə qədər nizama salınmasına dair mülki prosessual qanunvericiliyin tələbinə əməl olunmadığı üçün iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair iddia ərizəsi geri qaytarılmalıdır.

22. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264,268 maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və ipoteka predmetinə tutma yönəldilməsi”nə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçıya izah edilsin ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar