Məhkəmə qərarları › İş №e-2(007)-1208/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1208/2021

21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1208/2021 21.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Babək Natiq oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əlcanova Əfsanə Fərhad qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair məhkəmə məri haqqında ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh1 və zamin Cavabdeh2 3292 manat borc, 200 manat cərimə məbləği və 20 manat məbləğində dövlət rüsumu, cəmi 3522 manat tutularaq tələbkara ödənilməsinə dair məhkəmə əmri qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1208/2021 saylı 21.01.2021-ci il tarixli məhkəmə əmri ilə borclu Cavabdeh1 və zamin Cavabdeh2 3292 manat borc, 200 manat cərimə məbləği və 20 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh1 etiraz ərizəsi ilə məkhəməyə müraciət edərək işə düzgün baxılıb ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1208/2021 saylı 21.01.2021-ci il tarixli məhkəmə əmri ləğv edilmiş və mülki işin iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Bundan sonra iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək borclu Cavabdeh1 və zamin Cavabdeh2 1468 manat borc və 200 manat cərimə məbləği və 20 manat məbləğində dövlət rüsumu, cəmi 1688 manat tutularaq tələbkara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tələbkar İddiaçı ilə borclu Cavabdeh1 və Cavabdeh2 arasında 17 sentyabr 2019-cu il tarixdə hissə-hissə ödəmək şərti ilə ******* nömrəli alqı-satqı və zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Cavabdeh1 “Real Elektronics” mağazasından ümumi nisyə dəyəri 3974 manat dəyərində Mətbəx meneli və yataq dəsti almışdır. Müqavilənin 5.2-ci bəndinə uyğun olaraq alıcı Cavabdeh1 17.10.2019-cu il tarixdən başlayaraq hər ayın 15-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 289 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1468 manat mağazaya ödəməmişdir. Dəfələrlə borclu Cavabdeh1 və zamin Cavabdeh2 borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir və təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, övladı Cavabdeh1 mebeli almış, lakin həmin mebel onların evinə gəlməmişdir. 2020-ci ilin mart ayında 1500 manat nağd ödəniş edilib, bundan sonra 200 manat ödənilib. Bu ödənişlər nəzərə alınmayıb. Sonradan Pandemiya olduğuna görə işləməmişlər və qalan məbləği ödəyə bilməmişlər. Həmçinin qeyd etmişdir ki, ümumiyyətlə mebelin dəyəri 3000 manat olduğu halda onlardan 3974 manat pul tələb edilir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 17.09.2019-cu il tarixli, 171894 nömrəli nisyə alqı-satqı müqaviləsindən və ona dair əlavələrdən görünür ki, Cavabdeh1 506 manat ilkin ödəniş etməklə 12 ay müddətinə ümumi dəyəri 3974 manat olan mətbəx mebeli, uqlavoy və yataq dəsti almışdır. Cavabdeh1 12 ay ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 17.09.2019-cu il tarixli, 171894 nömrəli zaminlik müqaviləsindən görünür ki, Budaqov X4 Mirzə Əzim oğlu ilə Cavabdeh1 arasında 17.09.2019-cu il tarixdə bağlanmış 171894 saylı nisyə alqı-satqı müqaviləsi ilə əlaqədar olaraq öhdəliklər tam yerinə yetirilənədək Cavabdeh1 ilə birlikdə İddiaçı qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - 17.09.2019-cu il tarixli 171894 saylı müqaviləsi üzrə təhvil-təslim qəbzindən görünür ki, mətbəx mebeli, uqlavoy və yataq dəstini İddiaçı təhvil vermiş, Cavabdeh1 isə təhvil almışdır. - 01.04.2021-ci il tarixli 008535 saylı Maliyyə Arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 17.09.2021-ci il tarixli 171894 saylı nisyə alqı-satqı və zaminlik müqavilələrinə əsasən borclu Cavabdeh1 01.04.2021-ci il tarixinə olan ödənilməmiş 1468 manat əsas, 200 manat cərimə, cəmi 1668 manat borcu qalmışdır. - 19.09.2019-cu il tarixli ödəniş çekindən görünür ki, Cavabdeh1 300 manat ödəniş etmişdir. - 22.11.2019-cu il tarixli ödəniş çekindən görünür ki, Cavabdeh1 1500 manat ödəniş etmişdir. - 01.02.2020-ci il tarixli ödəniş çekindən görünür ki, Cavabdeh1 200 manat ödəniş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 17.09.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləyə əsasən cavabdeh iddiaçıdan 506 manat ilkin ödəniş etməklə, 12 ay müddətinə, 3974 manat dəyərində mətbəx mebeli, uqlavoy və yataq dəsti almışdır. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətlərdə, müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilənin bağlandığı tarixdə də müqavilənin predmeti olan əşyaları təhvil almışdır. Lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Hazırda iddiaçı həmin müqavilə üzrə cavabdehin 1468 manat və 200 manat cərimə borcunun yarandığını iddia edir və həmin məbləğin cavabdehdən və zamindən tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 17.09.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsi əsasında iddiaçıdan mal almış, lakin o, müqavilələr üzrə ödənişi tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da, müəyyən olundu ki, borclu Nuriyev X5 Mirzə Əzim oğlu qarşısında olan öhdəliyini icra etmədiyinə görə, Cavabdeh2 17.09.2019-cu il tarixli ******* nömrəli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə qanunvericiliklə müəyyən edilmiş qaydada zaminliklə təmin edilmiş öhdəliyin icrası üçün kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını, habelə cavabdeh tərəfindən həyata keçirilmiş ödənişləri nəzərə alaraq hesab edir ki, 200 manat miqdarında cərimə pulu 1468 manat miqdarında ödənilməmiş hissə məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 10 manat saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1468 manat əsas borc və 10 manat cərimə, cəmi 1478 manat məbləğində pul və 17,72 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilməli, ödənilmiş dövlət rüsumunun 2,28 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1468 manat əsas borc və 10 manat cərimə, cəmi 1478 manat məbləğində pul və 17,72 manat məbləğində ödənilmiş dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 2,28 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar