Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-123/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun qaytarılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:
1. İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6123,86 AZN əsas, 987,96 AZN faiz, cəmi 7111,82 AZN məbləğində vəsaitin və ödənilmiş 91,12 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, RGTK7150280A113 saylı kredit müqaviləsinə əsasən ona kredit verilib. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməyib və banka olan borcunu tam qaytarmayıb. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, kredit borcuna dair maliyyə arayışı vəkassa məxaric orderidir. Nəticədə, cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 6123,86 AZN əsas, 987,96 AZN faiz, cəmi 7111,82 AZN borcu yaranıb. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməyib.
İş materialları:
3. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK7150280A113 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 20 ay müddətinə kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərti ilə 6396,25 manat kredit verilmişdir.
4. xx.xx.2022-ci il tarixli RGTK7150280A113 saylı kredit müqaviləsinə əlavə olan Ödəniş qrafikindən görünür ki, cavabdehə 20 ay müddətinə, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü ilədək ayda 378,70 manat (sonuncu ay 380,97 manat), illik 20 % ödəmək şərtilə 6396,25 manat kredit verilmişdir. 5.İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli RGTK7150280A113 saylı kredit müqaviləsi üzrə 6123,86 manat əsas, 987,96 manat faiz borcu olmaqla, cəmi 7111,82 manat borcu vardır.
6. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;
7. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 6396,25 manat məbləğində kredit verilmişdir.
8. xx.xx.2023-cü il tarixli **********1 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 91,12 manat dövlət rüsumu ödənilmişdir.
9. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/1714 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan hesabdan çıxarış, 17 oktyabr 2022-ci il tarixli, RGTK150280A113 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 17 oktyabr 2022-ci il tarixli, RGTK150280A113 saylı kredit müqaviləsi üzrə 07 iyun 2023-cü il tarixə banka olan borcu ümumilikdə 6804,28 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2023-cü il tarixə (maliyyə arayışında qeyd edilən tarixə) əsas kredit borcu 6123,85 manat, faiz borcu 680,43 manat təşkil edir.
Tərəflərin izahatları:
10. İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.
12. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
13. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdeh izahat verərək, tələb olunan faiz borcu ilə razı olmadığını qeyd etmiş və iş üzrə müvafiq rəy verilməsini xahiş etmişdir.
İşin faktiki halı:
14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında RGTK7150280A113 saylı, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin bağlanması və həmin kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya əsas və faiz borcunun olması hazırki mülki işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
19. İş materiallarından (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) müəyyən olunur ki, İddiaçı ASC tərəfindən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh 20 ay müddətinə (xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək), illik 20% ödəmək şərtilə 6396,25 manat məbləğində kredit verilmiş, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
20. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
21. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onların risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir.
23. İş materiallarına əlavə edilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə İddiaçı ASC-yə 6123,86 manat əsas borcu, 987,96 manat faiz borcu olmaqla, cəmi 7111,82 manat məbləğində borcu vardır.
24. Məhkəmə araşdırması zamanı cavabdehin yazılı vəsatəti nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2024-cü il tarixli 9/1714 nömrəli rəydən görünür ki, RGTK7150280A113 saylı, xx.xx.2022-ci tarixlu kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC olan əsas borcu 6123,85 manat, faiz borcu 680,43 manat məbləğində müəyyən edilmişdir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
26. Məhkəmə ekspert rəyi ilə razılaşaraq hesab edir ki, Cavabdeh 6123,85 manat məbləğində əsas borc və 680,43 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri:
27. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 91,12 manat dövlət rüsumu ödənilmişdir.
28. Bundan əlavə, işdə olan xx.xx.2024-cü il tarixli 9/1714 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil etmişdir.
29. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 91,12 manat dövlət rüsumunun 3,92 manatı iddiaçıya, 87,2 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 150 manatın 6,5 manatı iddiaçıdan, 143,5 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
Nəticə:
30. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6123,85 manat əsas, 680,43 manat faiz borcu olmaqla, cəmi 6804,28 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87,2 manat məbləğində pul vəsaiti tutulmalı, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 3,92 manatı İddiaçı ASC-yə aid edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 143,5 manatı Cavabdeh və 6,5 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6123,85 manat əsas, 680,43 manat faiz borcu olmaqla, cəmi 6804,28 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87,2 manat məbləğində pul vəsaiti tutulsun. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 3,92 manatı İddiaçı ASCyə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 143,5 manatı Cavabdeh və 6,5 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Qumru Əliyeva