Məhkəmə qərarları › İş №e-2(007)-1230/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1230/2023

01.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1230/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatanadək hər ay 220 (iki yüz iyirmi) manat alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikahlarını 4 saylı Bakı Asan xidmət mərkəzində rəsmi qeydiyyatdan keçirməklə 0310.2018-ci il tarixdə ailə qurmuşdur. Cavabdehlə birgə nikahdan olan oğulları Nurlan xx.xx.2020-ci il tarixdə dünyaya gəlmişdir. Onlar bu müddət ərzində ünvan 1 ünvanda Cavabdeh anası ilə birgə yaşamış, Cavabdeh anasının diktəsi ilə onu birgə yaşadıqları ünvan 2 ünvandan çıxarmışdır. Həmin gündən o, azyaşlı övladı ilə birlikdə valideynləri ilə birgə yaşayır. Məhkəmədə qaldırdığı iddia əsasında Nizami rayon məhkəməsinin müvafiq qətaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş, azyaşlı oğulları Nurlanın onun himayəsində saxlanması barədə qərar qəbul edilmişdir. Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2305/2020 saylı qətnaməsi ilə X1 üçün hər ay 170 (yüz yetmiş) manatın Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Nizami Rayon Məhkəməsinin həmin qətnaməsi ilə qət edilmiş aliment məbləği azdır, qanunvericilikdə nəzərdə tutulmuş məbləğə və uşağın aylıq saxlanma xərclərinə uyğun deyildir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədiyini, 170 manat məbləğdən artıq aliment ödəyə bilməyəcəyini qeyd etdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq bildirdi ki, övladı üçün hər şey edir, alimentini ödəyir. O, "xxxx" MMCdə sürücü köməkçisi işləyir və 450 manat maaş alır. Atası Ukranya qaçqınıdır, anası isə şəkər xəstəsidir. Atası işləmir və anası da pensiya almır. O, alimentini ödəyir, əvvəllər hərbçi işlədiyi üçün uşağa 220 manat aliment ödəyirdi. Hazırda ailə qurmamışdır və başqa övladı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hal-hazırda məktəbdə katibə olaraq çalışır və aylıq 317 manat əmək haqqı alır. Əvvəl təyin edilmiş 170 manat aliment məbləği övladının xərclərini qarşılamağa kömək etmir. Cavabdeh müəyyən edilən aliment məbləğini bəzi gecikmələr olsa da, demək olar ki, vaxtında ödəmişdir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2305/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı "aliment" tələbinə dair iddiası qismən təmin edilmiş, xx.xx.2020-ci il təvəllüdlü X2 yеtkinlik yаşınа çаtаnаdək saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən hesablanmaqla hər ay 170 (bir yüz yetmiş) manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı verilməsi, X2 3 yaşına çatanadək xx.xx.2020-ci il tarixdən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə hər ay 50 manat sabit pul miqdarında alimentin tutularaq İddiaçı ödənlməsi, qətnаmənin dərhаl icrа еdilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin Cavabdeh aid edilməsi, Cavabdeh iddia tələbi üzrə ödənilməli olan 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə alınması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 220 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2020ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2305/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək tutulmalı olan, Bakı səhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(007)-2305/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar