Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1262/2024 16.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X4 Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı münasibətdə 126.600 ABŞ dolları, digər iddiaçı X3 münasibətdə isə 21500 ABŞ dolları, eyni zamanda 12560 manat faiz pulun və ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1262/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı X2 Cavabdeh qarşı «borc» tələbinə dair iddiası ayrıca icraata ayrılmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh işə əlavə olunan əlyazmadan da göründüyü kimi şahidin də iştirakı ilə xx.xx.2022-ci il tarixdə 126600 (bir yüz iyirmi altı min altı yüz) ABŞ dolları məbləğində pulun onun tərəfindən alındığını, müəyyən işə yatırım edərək həmin işdən xeyir qazanacağını bildirmişdir. Beləliklə, ümumi şəkildə cavabdeh qeyd olunan sənədə əsasən İddiaçı münasibətdə 126600 ABŞ dolları məbləğində maddi ziyan vurmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən ona vurulmuş olan maddi ziyanın ödənilməsini tələb edir. Bununla bağlı bir sıra aidiyyəti qurumlara da tərəfindən müraciət edilməsinə baxmayaraq heç bir nəticə əldə etmək mümkün olmamışdır. Buna əsasən də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, Cavabdeh İddiaçı münasibətdə 126600 (bir yüz iyirmi altı min altı yüz) ABŞ dolları pulun və tərəfindən ödənilmiş dövlət rüsumunun geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, əlavə olaraq göstərdi ki, Kamil onun həyat yoldaşının əmisi oğludur. Kamil santexnik mallarının satılması ilə məşğul olmuş, o da, Kamilə işlərin görülməsi məqsədilə borc pul vermişdir. Lakin Kamil həmin pulu qaytarmamışdır. Onlar artıq bir ildir ki, danışmırlar. Kamil onu işə şərik edəcəyini deyərək, pulu almış, lakin həmin pulu öz borclarına vermişdir. Cavabdehin 126600 ABŞ dolları puldan 85.000 ABŞ dollarını qaytarmasına münasibətdə qeyd edir ki, Kamil ondan daha əvvəl ayrıca qaydada 180.000 dollar pul götürmüş, məhz həmin puldan 85.000 dollar hissəsini qaytarmışdır. Hazırkı iddiasına münasibətdə isə ona heç nə qaytarmamışdır. Beləliklə, Kamil bəhs etdiyi 180.000 dollar məbləğində pulu onun məhkəməyə təqdim etdiyi müqavilədən qabaq götürmüş və 85.000 dollar hissəsini hissə-hissə olmaqla qaytarmışdır. Onlar bu işə 2019-cu ildən başlamışlar. Kamil 126600 ABŞ dolları pulun ilk hissəsini- 32.000 ABŞ dolları pulu may ayında götürmüş və qaytarmamışdır. O, demişdir ki, “Gənclik”də evi var və həmin evi sataraq onun borcunu qaytaracaq. Sonra onlar hazırda sübut qismində məhkəməyə təqdim etdiyi kağızı yazmışlar. Kamil ondan mart ayına qədər vaxt istəmiş və mart ayından etibarən borcunu hissə-hissə ödəyəcəyini demişdir. Bundan başqa, Kamil sinif yoldaşı olan Ədalət adlı şəxsi də aldatmış və nəticədə Ədalət də bunun əvəzində Kamilin mallarını götürmüşdür. Göstərdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddiaçının izahatı ilə eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tələbini qəbul etməyərək izahatında bildirdi ki, onun heç kimə borcu yoxdur. O, ilk dəfə Bəşirdən 2017-ci ildə 47.000 ABŞ doları məbləğində pulu 5% ilə almış, ayda 2350 ABŞ dolları olmaqla, 36 aya 84.600 ABŞ dolları pulu Bəşirə qaytarmışdır. O, faiz pulunu ödəmiş, əsas borc isə qalmışdır. Daha sonra 32.000 ABŞ dolları pulu da borc almış və ümumi borc məbləği 79.000 ABŞ dolları olmuşdur. Bu pulun üstünə 3.5% olmaqla, yəni hər ay 2765 dollar olmaqla 29 aya 80.185 ABŞ dolları faiz gəlmişdir. Həmin faizlərin 32.585 dolları hissəsini ödəmiş, 47.600 borcu qalmışdır. Bəşir həmin 47.600 dolların üstünə əsas borc olan 79.000 dolları gələrək, 126.000 ABŞ dolları borc hesablamışdır. O, Bəşirə 100.000 dollardan çox pul qaytarmışdır. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddianı tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı Kamilin ona 85.000 dollar pul qaytardığını etiraf etsə də, qaytarılmış həmin pulun hazırda iddiada bəhs olunan pul olmaması bildirir və sonuncunun dediyinə görə guya daha əvvəl Kamilin ona 180.000 dollar borcu olmuş, həmin borcdan 85.000 dollar pulu qaytarmışdır. Bu faktı təsdiq edən sübutlarını isə məhkəməyə təqdim etməmişdir. Belə olan halda iddia tələbi əsassız hesab edilməlidir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -01 ədəd vərəqdə “borc müqaviləsi” başlıqlı iltizamdan görünür ki, Cavabdeh həmin iltizamda “Mən Cavabdeh, doğulduğum yer Babək rayonunun Nehrəm kəndi. Mən İddiaçı xx.xx.2022. 126600$ ABŞ dolları (yüz iyirmi altı min altı yüz dolları) götürdüm. Məqsəd SPK mal vurub işlərim yaxşı getmədiyi üçün, pul tikintilərdə ilişdiyi üçün, pulu qaytara bilmədim. Mən söz verirəm ki, mart 2023-dən başlayacağam qaytarmağa. xx.xx.2022-ci il. X1.” məzmunlu ifadələri yazmaqla öz imzası ilə iltizamı təsdiq etmişdir; -********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 451 (dörd yüz əlli bir) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh 126.600 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin pulu İddiaçı almış və bu borcunu geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya həmin məbləğdə pul borcunun olmasını xx.xx.2022-ci il tarixdə əlyazması ilə iltizam yazaraq və imza edərək təsdiqləmişdir. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borc məbləği qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126.600 ABŞ dolları məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı Cavabdeh 126.600 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh həmin məbləğdə pulu iddiaçıdan borca almışdır. Müəyyən edilən müddətdə iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh aldığı borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmişdir. Cavabdeh borcu qaytarmadığından, iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə Cavabdeh “iddiaçıya hər hansı borcunun olmaması” barədə izahatında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, o, izahatında əsas borcunun 126.600 ABŞ dolları deyil, əslində 79.000 ABŞ dolları olmasını və əlavə olaraq həmin borcun üzərinə 3.5 faiz hesabı ilə 46.600 ABŞ dolları qalıq faiz borcu qaldığını, ümumilikdə 126.600 ABŞ dolları pulun məhz bu qaydada yarandığını, lakin 84.600 ABŞ dolları və 32.585 ABŞ dolları olmaqla hissə-hissə bütün borcunu iddiaçıya qaytardığını qeyd etsə də, İddiaçı da bu halı təkzib etməmiş, əksinə izahatında 85.000 ABŞ dolları pul vəsaitinin ona qaytarıldığını təsdiq etmiş, lakin həmin pulun hazırda iddia tələbinə hər hansı bir aidiyyətinin olmadığını vurğulamışdır, cavabdeh isə bunun əksini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi və cavabdeh tərəfindən şəxsən imzalanmış iltizamdan isə görünür ki, o, iddiaçıya 126.600 ABŞ dolları borcunun olmasını etiraf etmiş, hissə-hissə qaytarmağı öz öhdəsinə götürmüşdür, məhkəmə iclası zamanı isə həmin iltizamın şəxsən özü tərəfindən imzalanmasını inkar etməmişdir. Belə olan halda, cavabdehin məhkəmə iclasında göstərdikləri xüsusatlar iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Məhkəmə yuxarıda qeyd olunan halları, işin faktiki halları ilə qarşılıqlı surətdə araşdırıb hesab edir ki, sübut etmə yükü üzərinə düşən iddiaçı, hazırkı iddia tələbinin əsaslılığını təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etmişdir, cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir, belə olan halda, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Mülki qanunvericiliyə görə, borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Borc müqaviləsi həm şifahi, həm də yazılı bağlanıla bilər. Borc müqaviləsində borc verən borc vermək üzrə öhdəliyini yerinə yetirdikdən sonra onun üzərində yalnız hüquqlar qalır ki, bu da verilmiş borcun qaytarılmasını tələb etməkdən ibarətdir. Borc alan isə borc predmetini aldıqdan sonra onu qaytarmaq vəzifəsini daşıyır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc almaqla iddiaçı qarşısında öhdəlik götürdüyündən, aldığı pulu eyni qaydada borc verənə qaytarmalı olduğundan yaranmış borc məbləğini ödəməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia tələbi üzrə ABŞ dolları ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 126.600 (yüz iyirmi altı min altı yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Cavabdeh tutularaq, İddiaçı verilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 451 manat dövlət rüsumu ödəmişdir, iddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən, iddia tələbi həmin hissədə də təmin edilməli, ödənilmiş 451 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 126600 (yüz iyirmi altı min altı yüz) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə və ödənilmiş 451 (dörd yüz əlli bir) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №e-2(007)-1262/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1262/2024
16.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver