Məhkəmə qərarları › İş №e-2(007)-1302/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1302/2022

27.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1302/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 14 iyun 2010-cu il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından 21 may 2011-ci il tarixdə X11 adlı övladları olmuş və nikahları Zərdab Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli, 2(035)-14/2013 saylı qətnaməsi ilə ləğv edilmişdir. Həmin qətnaməyə əsasən övladı X11 onun himayəsində saxlanılmış və həmçinin 18 yaşına çatanadək Cavabdeh əmək haqqının (241 manat) ¼ hissəsinin tutulub ona verilməsi qət edilmişdir. 2022-ci il tarixli "Dövlət Büdcəsi" haqqında qanuna əsasən uşaqlar üçün yaşayış minimum 193 manat müəyyən edilmişdir. Lakin hesab edir ki, cavabdeh şəxsin övladlarının daha yaxşı yaşaması üçün kifayət qədər imkanı vardır. Ona görə hesab edir ki, cavabdeh şəxsdən aliment sabit pul məbləğində tutulmalıdır. Göstərilənləri nəzərə alaraq, övladları X1 üçün yetkinlik yaşına çatana kimi cavabdeh şəxs Cavabdeh hər ay 300 manat alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddianı qəbul etmir və hesab edir ki, iddia rədd edilməlidir. Bildirmək istəyir ki, ondan iddiaçının xeyrinə aliment ilk dəfə Zərdab Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən, əmək haqqının və digər gəlirlərin ¼ hissəsində tutulmağa başlanmışdır. 2015-ci ildə iddiaçı “məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ilə Zərdab Rayon Məhkəməsinə müraciət etmiş, Zərdab Rayon Məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(035)-877/2015 saylı qətnaməsi ilə iddiaçı Ələkbərova (Əsədova) Cəmilə Rauf qızının iddiası təmin edilmiş, ondan iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılmış, yetkinlik yaşma çatmayan oğlu X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 (səksən) manat məbləğində alimentin tutularaq Ələkbərova (Əsədova) Cəmilə Rauf qızına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baxılmış, apellyasiya şikayəti qismən təmin edilmiş, Zərdab rayon məhkəməsinin 30 noyabr 2015-ci il tarixli, 2(035)-877/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı Ələkbərova (Əsədova) Cəmilə Rauf qızının iddiası qismən təmin edilmiş və Cavabdeh 21 may 2011-ci ildə anadan olmuş X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay sabit pul məbləğində 40 manat və əmək haqqının və digər gəlirlərin 1/4 hissəsində alimentin alınıb Ələkbərova (Əsədova) Cəmilə Rauf qızına verilməsi qət edilmişdir. Cavabdeh oxşar iddia ilə 2019-cu ildə də məhkəməyə müraciət etmişdir. Nəzərə çatdırır ki, o, 10 ildən artıqdır ki, Zərdab Uşaq İncəsənət Məktəbində müəllim işləyir. Son məhkəmə qətnaməsindən sonrakı dövrdə qazancında heç bir dəyişiklik olmamışdır və bu iddiaçının məhkəməyə bununla bağlı heç bir dəlil təqdim edə bilməməsi ilə də sübut olunur. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, əksinə həmin dövrdən bəri ailə vəziyyəti dəyişmiş, xərcləri artmışdır. Belə ki, o, 2015-cı ilin dekabr ayılıda ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin nikahdan 2017-ci ilin may ayının 21-də X4 anadan olmuşdur. 30 oktyabr 2018-ci ildə həmin nikahdan ikinci övladları X14 doğulmuşdur. Hazırda həyat yoldaşı X12 və oğlanları onunla bərabər yaşayırlar. Həyat yoldaşı heç bir yerdə işləmir. X4 beyindaxili təzyiq və bağırsaq infeksiyası xəstəliklərindən əziyyət çəkir və demək olar ki, doğulan gündən respublikanın bir çox xəstəxanlarında müayinə və müalicə olunmuşdur və bu hazırda da davam edir. Himayəsində yaşayan 70 yaşlı atası Nümayəndə heç bir yerdə işləmir, ağır kardioloji təzyiq xəstəsidir. Himayəsində yaşayan 67 yaşlı anası X9 heç bir yerdə işləmir, ağır ankoloji, ürək və əsəb xəstəsidir. Ailələri 2015-ci ildən bəri ağır kredit yükü altına girmiş, yaşadıqları evi ipoteka girovu qoymaq müqavilində ktedit götürmüşlər və hər ay çox çətinliklə həmin krediti ödəyirlər. Atasının uzun illər işlətdiyi mağaza 2017-ci ilin avqust ayından etibarən iflas edərək fəaliyyətini tam şəkildə dayandırmış və ailələrinin maddi durumu daha da ağırlaşmışdır. Eyni zamanda diqqətə çatdırır ki, onda olan məlumata görə iddiaçının və bərabər yaşadığı valideynlərinin maddi imkanları çox yüksək səviyyədədir. Bakı şəhərində özlərinə məxsus bir neçə ev, avtomobillər, sahibkarlıq obyektləri var. İddiaçı özü də işləyir və aylıq qazancı vardır. Buna baxmayaraq iddiaçının heç bir əsas olmadan “alimentin artırılması tələbinə” dair iddia ərziəsi ilə məkəməyə müraciət etməsi sadəcə nikahdan sonra yaranan düşmənçilik zəmnində qisas niyyəti daşıyır, əslində isə iddiaçının onun ödədiyi alimentə heç bir ehtiyacı yoxdur. Göründüyü kimi iddiaçı ilə aralarında olan alimentin artırılmasına dair mübahisələrə məhkəmədə baxıldığı vaxtdan bəri onun maliyyə vəziyyəti ancaq pisə doğru dəyişmiş, həyatında ancaq onun xərclərini çoxaldan hadisələr baş vermişdir. Bundan başqa, nəzərə çatdırır ki, uşaqları saxlamaq hər iki valideynin borcudur və yaşayış minimumları eləcə də digər öhdəliklər valideynlər arasında bərabər şəkildə bölünməlidir. Qeyd edilənlərə əsasən İddiaçı “alimentin məbləğinin artırılması” tələbinə dair iddiasının rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil 12.04.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxıb məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Məhkəmə hazırda işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin ikinci evliliyində iki övladı var. Məhkəməyə təqdim etdiyi sənədlərdən də göründüyü kimi uşağın göz xəstəliyi var. Hər ay müalicə almalı olur. Bundan başqa, uşaq doğulduğu zaman bütün daxili orqanlarının yeri dəyişik idi. Cənab Prezidentə və Mehriban xanıma müraciətlər etmişdir. O, bir baba kimi nəvəsini görməyə getdiyi zaman iddiaçı tərəfindən nəvəsi üçün aldığı əşyalar, meyvə-tərəvəz alınıb zibil yeşiyinə atılmış və ona nəvəsi ilə görüşməyi üçün şərait yaradılmamışdır. Cavabdehin maaşı 500 manatdır. Hazırda artıq miqdarda aliment ödməyə imkanları çatmır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -AZE seriyalı, 12811594 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 21 may 2011-ci il tarixdə doğulmuşdur; - Zərdab Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli, 2(035)-14/2013 saylı qətnaməsinin surətindən görünür ki, 27 fevral 2013-cü ildən başlayaraq Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində alimentin tutulub 21 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir; - Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin 13.04.2022-ci il tarixli 231 saylı arayışından görünür ki, 2017-ci il təvəllüdlü X3 RMX-nın Konsultativ Poliklinika şöbəsində 10.07.2019-cu il tarixdə “OU Daxili cəpgözlük, mürəkkəb hiper trofik astiqmatizm” diaqnozu ilə qeydiyyatdadır; - Məhkəməyə 2017-ci il təvəllüdlü X5 fotoşəkilləri və onun müayinə və müalicəsinə dair sənədlər təqdim edilmişdir. - Məhkəmə "xxxx" ASC-yə edilmiş kredit ödənişlərinə dair qəbzlər təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh rəsmi nikahda olduqları müddətdə 21 may 2011-ci il tarixdə Baqir adlı uşaqları doğulmuşdur. Tərəflərin ailə münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, məhkəmə qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, bu zaman uşağın ananın yanında qalması müəyyən edilmişdir. Məhkəmə qətnaməsinə əsasən Cavabdeh uşaq yetkinlik yaşına çatanadək aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.13-cü maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2013-cü ildə tutulan cavabdehin aylıq əmək haqqının və digər gəlirlərinin ¼ hissəsi həcmində aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 9 il müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2013-cü ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə dəyişdirililməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 300 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş və bu nikahdan onun himayəsində iki uşağı, həmçinin himayəsində yaşlı valideynləri vardır. X2 xəstəliyi ilə əlaqədar onun müayinə və müalicəsinə əlavə xərclər çəkir. Hazırda xərcləri artmış, həmçinin kredit ödənişləri vardır. Məhkəmə göstərilənlərə münasibətdə aşağıdakıları qeyd edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın: 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə, yuxarıda istinad edilən maddi hüquq normaları, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı gəldikləri hüquqi mövqeləri baxımından məhkəmə hesab edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir və bu, onun mənəvi borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 21 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Zərdab Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli, 2(035)-14/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 50 manat məbləğində pulun ödənilməsi səbəbindən iddiaçı iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 21 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Zərdab Rayon Məhkəməsinin 27 fevral 2013-cü il tarixli, 2(035)-14/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 21 may 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar