Məhkəmə qərarları › İş №e-2(007)-1324/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1324/2024

01.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1324/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" ASC “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh zərər çəkmiş nəqliyyat vasitəsinin bərpası üçün həyata keçirilmiş sığorta ödənişi əvəzində 4501.49 manat (dörd min beş yüz bir manat, 49 qəpik) məbləğində vəsaitin, 65.00 manat dövlət rüsumunun, 0.40 (qırx qəpik) manat bank xidməti xərcinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** ED *** dövlət qeydiyyat nişanlı “Chevrolet Malibu” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış 99PK916 dövlət qeydiyyat nişanlı BMW 730 markalı avtonəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Hadisə ilə bağlı tərtib olunmuş TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərara əsasən Cavabdeh təqsirli bilinmişdir. Sığortalı 99PK916 dövlət qeydiyyat nişanlı BMW 730 markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. ** PK *** dövlət qeydiyyat nişanlı BMW 730 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 4501.49 manat (dörd min beş yüz bir manat, 49 qəpik) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli “Sığorta aktı”na əsasən sığortalı dəymiş zərər məbləği ilə razı olmadığından nəqliyyat vasitəsi təmirə yönəldilmiş və 4501.49 manat (dörd min beş yüz bir manat, 49 qəpik) məbləğində sığorta ödənişi avtomobilin təmiri üçün fərdi sahibkar X2 hesabına köçürülmüşdür. Təqsirli tərəfin icbari sığortası olmadığından xx.xx.2023-cü il tarixində 4501.49 manat (dörd min beş yüz bir manat, 49 qəpik) məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdeh(lərə) məktub göndərilmiş, lakin cavabdeh(lər) həmin məbləği ödəməmişdir.

İş materialları :

3. Bakı şəhəri Xətai rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, A.Cəlilov-Y.Səfərov küçələrinin kəsişməsində BMW markalı 99PK916 mömrə nişanlı avtomobilin, Malibu markalı 77ED798 nömrə nişanlı və Renault Duster markalı 99PK502 nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində YNH-i baş vermişdir.

4. Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2022-ci il tarixli 164933 nömrəli hesabatdan görünür ki, 99PK916 dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər ehtiyat hissələrinə çəkilən xərclər 3404.74 manat, zəhmət haqqı-1096.75 manat olmaqla, cəmi 4501.349 manat məbləğində təşkil edir.

5. xx.xx.2022-ci il tarixli sığorta aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği - 4501.49 manat, sığorta ödənişinin məbləği-4501.49 manat təşkil edir.

6. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış 99PK916 dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən 4501.49 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır.

7. X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 37 saylı qüsur aktına əsasən BMW markalı 99PK916 mömrə nişanlı avtomobilin dəyişdirilmiş ehtiyat hissələri və xidmətlərə görə cəmi, 4501.49 manat məbləğində pul vəsaiti ödənilməldir.

8. X6 tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli, 694302 nömrəli elektron qaimədən görünür ki, BMW markalı 99PK916 mömrə nişanlı avtomobil üzrə görülmüş işlərin və ya göstərilmiş xidmətlərin dəyəri 4501.49 manat məbləğində qiymətləndirilmişdir.

9. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 hesabına 4501.49 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

10. Xətai Rayon DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli TP seriyalı ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixində A.Cəlilov küçəsində “Chevrolet Malibu” markalı 77ED798 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozması nəticəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

11. İddiaçı "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh subroqasiya hüququna əsasən ödənilmiş 4501.49 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir.

12. Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə “Azərbaycan İnvestisiya Holdinqi” publik hüquqi şəxsi arasında bağlanmış sığorta müqaviləsinə əsasən buraxılış ili 2006, qara rəngli, ban nömrəsi WBANHN21000DS87411 olan 99PK916 dövlət qeydiyyat nişanlı BMW markalı avtonəqliyyat vasitəsi Paşa Sığorta ASC tərəfindən şərtsiz azadolma 100 manat, sığorta predmetinin dəyəri 20000 manat, sığorta məbləği 20000 manat və sığorta haqqı 500 manat olmaqla sığortalanmışdır.

13. Xətai RPİ-nin TŞ-nin xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə materialda cinayət tərkibi olmadığı nəzərə alınaraq cinayət işinin başlanılması rədd edilməli və “Chevrolet Malibu” markalı 77ED798 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll edilməldir.

14. Xətai RPİ-nin TŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilməsi və qərarın surətinin X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə, Cavabdeh, X9 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü Xətai RPİ-nin DYPŞ-nə həvalə edilməsi qərara alınmışdır.

15. Azərbaycan İnvestisiya Holdinqi tərəfindən verilmiş minik avtomobili üçün 01092022/BMW3 nömrəli yol vərəqəsindən görünür ki, BMW markalı 99PK916 mömrə nişanlı avtomobil X8na təhvil verilmişdir.

16. xx.xx.2022-cü il tarixli 2/32471 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, hadisə zamanı X1 vəziyyəti olmamışdır.

17. İş materiallarına “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə” əlavə edilmişdir.

18. BB seriyalı 119235 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sahibi “Azərbaycan İnvestisiya Holdinqi” Publik Hüquqi şəxsidir.

19. xx.xx.2024-cü il tarixli, **********67 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 65 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

20. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaarq izahatında bildirmişdir ki, onlarla sığortalı arasında bağlanmış “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarında sığortalının qəsdən etdiyi hərəktələr olduqda və ya özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərini pozduqda sığortalıya sığorta ödəniş verilməkdən imtina edilir. Özünə güvənərək yol hərəkəti qaydalarının pozulması halı isə müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir. Lakin hazırki sənədlər onlara Cavabdeh subroqasiya qaydasında pul tələb etməyə əsas verir. Ekspert rəyi onlara sığortalıdan pul tələb etməyə əsas vermir.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Məhkəmə baxışının hədləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

İşin faktiki halı :

25. İddiaçı "xxxx" ASC ilə “Azərbaycan İnvestisiya Holdinqi” Publik hüquqi şəxsi arasında bağlanmış xx.xx.2022-ci il tarixli “avtonəqliyyat vasitələrinin tam sığortası” müqaviləsinə əsasən “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixədək sığortalanmışdır. Həmin müqavilə ilə əmlaka vurulan zərərə görə 20.000 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

26. “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi “Azərbaycan İnvestisiya Holdinqi” Publik hüquqi şəxsi tərəfindən nəqliyyat vasitəsi yol vərəqəsi əsasında X4 istifadəsinə verilmişdir.

27. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilə 4501.49 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan ilə bağlı “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən 4501.49 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir.

28. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən aparılan təhqiqat üzrə xx.xx.2022-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin Qərara əsasən yol nəqliyyat hadisəsi “Chevrolet Malibu markalı, 77ED798 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh təqsiri nəticəsində baş veməsi müəyyən edilmiş və bu səbəbdən Cavabdeh inzibati məsuliyyətə cəlb olunması məsələsinin həll edilməsi qərara alınmışdır.

29. Cavabdeh TP seriyalı, ******* nömrəli xx.xx.2022-ci il tarixli Qərar ilə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.

30. Daha sonra Xətai rayon prokuroru tərəfindən Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərar ləğv edilmiş, yenidən araşdırma aparılmış, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və aparılan təhqiqat araşdırması zamanı baş vermiş yol nəqliyyat hadisəsində yalnız Cavabdeh deyil, həmçinin X4 və X5 təqsiri olması müəyyən edilmişdir. Aparılan təhqiqat araşdırması nəticəsində Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və həmin Qərara əsasən X4 AZərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi, Cavabdeh və X5 İXM-nin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi qərara alınmışdır.

Məhkəmənin mövqeyi :

31. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

32. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı olan “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” barədə iddia tələbini cavabdehin təqsiri nəticəsində "xxxx" ASC-də sığortalanmış avtomobilə dəymiş zərərə görə sığortalıya ödənilmiş sığorta ödənişi məbləğinin cavabdehdən subroqasiya qaydasında tutulmalı olması ilə əsaslandırmışdır.

33. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

34. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

36. Mülki qanunvericiliyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (MM 936.1m).

36. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Avtonəqliyyat vasitəsinə vurulmuş zərərə görə sığortaçı "xxxx" ASC tərəfindən sığortalıya 4501.49 manat məbləğində sığorta ödənişi həyəta keçirilmişdir.

37. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin birinci hüququ, yəni məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ vardır.

38. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

39. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

40. Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir.

41. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, nəzərdən keçirilən halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin “mülki hüquq pozuntusuna” ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

42. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır.

43. Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir.

44. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

45. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

46. İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir.

47. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır.

48. Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

49. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir.

50. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.

51. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur.

52. Məhkəmə qeyd edir ki, hazırki iddia yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin ödənilməsi ilə bağlı olduğundan, ilk öncə yol nəqliyyat hadisəsinin kimin günahından baş verməsi, şəxsin hərəkətləri ilə vurulmuş zərər arasında səbəbli əlaqənin olub-olmaması aydınlaşdırılmalıdır.

53. Məhkəmə qeyd edir ki, mülki iş üzrə xx.xx.2023-cü il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən kasko sığorta ilə sığortalanmış avtonəqliyyat vasitəsinə zərər dəyməsi, həmin zərərin dəyməsi ilə nəticələnən yolnəqliyyat hadisəsinə görə Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi, onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tərkibi olması işin məhkəmə tərəfindən tədqiq edilən mübahisəsiz hallarıdır.

54. Belə ki, qeyd edilən hallar iş materiallarında olan məhkəmə tərəfindən məhkəmə iclasında tədqiq edilən iş materialları ilə müəyyən edilmişdir. Həmçinin Cavabdeh məhkəmə iclasında verdiyi izahatda baş vermiş yol-nəqliyyat hadisəsində onun təqsiri olduğunu qəbul etmiş, lakin onunla yanaşı iddiaçı tərəfindən sığortalanmış nəqliyyat vasitəsinin sürücüsünün də təqsirli olmasının nəzərə alınmalı olduğunu bildirmişdir.

55. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği mübahisələndirilmədiyi və bu barədə vəsatət olmadığından məhkəmə tərəfindən mübahisəsiz hal kimi qiymətləndirilmişdir.

56. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iş üzrə obyektiv qərarın qəbul edilməsi üçün həmin yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsi ilə bağlı hallar bütövlükdə yoxlanmalıdır.

57. İşin məhkəmə tərəfindən tədqiq edilən faktiki hallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində yalnız Cavabdeh deyil, baş vermiş yol nəqliyyat hadisəsinin digər iştirakçıları olan Renault Duster markalı nəqliyyat vasitəsinin sürücüsü X5 və "xxxx" ASC tərəfindən sığortalanan “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücüsü X4 da təqsiri olması müəyyən edilmişdir.

58. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh “Yol hərəkəti haqqında” Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş və onun idarə etdiyi avtomobil “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş X4 idarə etdiyi “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Zərbənin təsirindən Cavabdeh idarə etdiyi avtomobil sürüşüb sağ yan tərəfində hərəkətdə olan “Yol hərəkəti haqqında” Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş X5 idarə etdiyi Renault Duster markalı avtomobil ilə toqqquşmuşdur.

59. Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Xətai rayon prokuroru tərəfindən Xətai rayon Pİ-nin TŞ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar ləğv edilmişdir. Hansı ki, həmin qərarda baş vermiş yol-nəqliyyat hadisəsində yalnız Cavabdeh inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi qərara alınmışdır. Lakin xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh ilə yanaşı X4 və X5 inzibati məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi qərara alınmışdır.

60. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar təhqiqat zərurəti əlaqədar təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi nəzərə alınmaqla qəbul edilmişdir. Lakin əvvəlki təhqiqat zamanı isə qərar ekspertiza təyin edilmədən qəbul edilmişdir.

59. Məhkəmə qeyd edir ki, mürəkkəb şəraitdə baş vermiş yol nəqliyyat hadisələrinin təhqiqatı zamanı müvafiq ekspertizaların keçirilməsi zəruridir. Belə ki, təqsirliliklə bağlı halları müəyyən etmək üçün müvafiq ekspertiza keçirməlidir. Belə mütəxəssis rəyləri olmadan tərtib edilən inzibati protokol təqsirliliyin müəyyən edilməsində mötəbər görünmür. Çünki qeyd edilən hallarla bağlı xüsusi biliyə malik olan mütəxəssisin rəyi daha mötəbər sübut hesab olunmalıdır.

60. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən müəyyən olunmuşdur ki, Chevrolet Malibru markalı 77ED798 dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Renault Duster markalı 99PK502 dövlət qeydiyyat nişanlı avyomobilin sürücüsü X5 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. BMW markalı 99PK 916 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

61. Məhkəmə qeyd edir ki, iş materiallarına Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın ləğv edilməsinə dair, o cümlədən müvafiq təhqiqat zamanı keçirilmiş ekspertiza zamanı qəbul edilmiş rəyi şübhə altına alan hər hansı bir sənəd əlavə edilməmişdir.

62. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

63. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

64. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPMnin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Məhkəmə qeyd edir ki, Cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai rayon Polis idarəsi Təhqiqat Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar məhkəmənin xx.xx.2024cü il tarixli iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 təqdim edilmiş, lakin iddiaçının nümayəndəsi həmin qərarın hazırki mübahisəyə aidiyyəti olmadığını bildirmişdir. Daha sonra məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 Həmin Qərardan məlumatı olmadığını bildirmiş və məhkəmə tərəfindən işə baxılması təxirə salınmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, onunla sığortalı arasında bağlanmış “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarında sığortalının qəsdən etdiyi hərəktələr olduqda və ya özünə güvənərək yol hərəkəti haqqında qanunun tələblərini pozduqda sığortalıya sığorta ödəniş verilməkdən imtina edilir. Özünə güvənərək yol hərəkəti qaydalarının pozulması halı isə müvafiq ekspert rəyi ilə müəyyən edilməlidir. Lakin hazırki sənədlər onlara Cavabdeh subroqasiya qaydasında pul tələb etməyə əsas verir. Ekspert rəyi isə onlara sığortalıdan pul tələb etməyə əsas vermir.

66. Məhkəmə tərəfindən tədqiq edilmiş “Avtonəqliyyat vasitələrinin tam sığortası” qaydalarına əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması "xxxx" ASC tərəfindən sığortalıya sığorta ödənişi həyata keçirməkdən imtina etməyə əsas vermir.

67. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi yalnız cavabdehin deyil həmçinin həmin avtonəqliyyat vasitəsinin sürücüsünün də təqsirli hərəkətləri nəticəsində baş vermişdir.

68. Mülki qanunvericiliyə əsasən yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir (MM 1108.3m).

69. Qanunvericiliyin tələbindən göründüyü kimi yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün birgə məsuliyyət daşıyır, onların bir-birinə vurduğu zərər isə ümumi əsaslarla ödənilir, yəni təqsirkar şəxs digər şəxsə vurduğu ziyanı ödəyir.

70. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin avtomobilinə dəymiş ziyanın məbləği, ona dəymiş ziyanın yol-nəqliyyat hadisəsinin baş verməsində həmçinin təqsiri müəyyən edilmiş "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi tərəfindən ödənilməsi halları müəyyən edilməmişdir (əgər belə bir hal olsa idi məhkəmə iclasında bildirilərdi).

71. Məhkəmə qeyd edir ki, hazırki mülki iş üzrə zərərin baş verməsi, zərərin Cavabdeh ilə yanaşı iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış “BMW 730” markalı 99PK916 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 qanunsuz hərəkətlərinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə olması müəyyən edilmişdir.

72. Beləliklə, göründüyü kimi, tərəflərə məxsus avtomobillərin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi onların hər ikisinin təqsiri üzündən baş vermiş, yəni onların hər ikisinin hərəkətində “Yol hərəkəti haqqında” Qanunun tələblərini uyğunzusluq olmuşdur.

73. Məhkəmə qeyd edir ki, sığorta hadisəsi kimi qiymətləndirilmiş avtomobil qəzasının baş verməsində həm sığortalı, həm də cavabdeh təqsirli olması müəyyən edildiyindən tərəflərin hər birinin vurulmuş ziyana görə əmlak məsuliyyəti 50% müəyyən edilməlidir. Yəni, toqquşmuş avtomobil sahiblərinin hər birinin digər tərəfdən öz əmlakına vurulmuş ziyanın yarısını tələb etmək hüququ olduğundan hazırkı halda iddiaçı tərəfindən sığortalanmış avtomobilə vurulmuş ziyana görə ödənilməli olan məbləğin 50 %-i qarşı tərəfdən tutula bilər.

Məhkəmə xərcləri.

74. İddiaçı "xxxx" ASC ödənilmiş 65 manat məbləğində dövlət rüsumu və 0.4 qəpik bank xidmət haqqının əvəzinin cavabdehdən tutulması tələbini irəli sürmüşdür.

75. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 42.51 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. İddiaçı tərəfindən 0.4 qəpik xidmət haqqının ödənilməsi ilə bağlı iş materiallarına sübut əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilə bilməz.

Nəticə :

76. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2250.745 manat məbləğində pul vəsaiti və 42.51 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi ismən təmin edilsin. Cavabdeh 2250.745 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42.51 manat məbləğində pul vəsaiti tututlaraq "xxxx" ASC-yə ödənilsin. İddiaçı "xxxx" ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar