Məhkəmə qərarları › İş №e-2(007)-1332/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1332/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1332/2022 20.12.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 3005.45 manat əsas, 1221.60 manat faiz, 4285.89 manat cərimə, kedit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263.76 manat faiz borcu, cəmi 8776.70 manat borcun və 107.77 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh pəhya qızı arasında bağlanmış 27 avqust 2014-cü il tarixli 1845 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 28 (iyirmi səkkiz) faiz dərəcəsi ilə 12500 (on iki min beş yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 4876-15 nömrəli 01.04*2015-ci il tarixli Əlavə Sazişə əsasən Kreditorun Borcalana verdiyi kreditin qalıq məbləği 9733.32 ABŞ dolları təşkil etmişdir. Kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 11247.32 (on bir min iki yüz qırx yeddi manat 32 qəpik) AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15 (on beş) faiz ödənilir. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 8776,70 manat təşkil edir. Bundan 3005.45 manat əsas, 1221.60 manat faiz, 4285.89 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 263.76 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********037 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, xx.xx.2017-ci ildə borc restrukturizasiya olunub və vətəndaşa güzəşt edilib.Milli Bankda kurs 1.72 manat olduğu təqdirdə, bank 1.40-la hesablamışdır. Hesablama bu qaydada aparılıb 8033.80x1.72=13818.93 manat; 138xx.xx-11247.32=2571.62. Cavabdehə 1952.86 manat qaytarılıb, bank tərəfindən müəyyən olunmuş güzəşt isə 2571.62 manatdır. Bu səbəbdən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini etiraf etməyərək, bildirdi ki, vətəndaş 27 avqust 2014-cü ildə 12500 dolları məbləğində kredit götürmüşdür. Ümumi borc 4285.48 manat hesablanıb. 2571.61 manat banka ödənilib, 1952 manat isə vətəndaşa ödənilmiş məbləğdir. Beləliklə cavabdehin banka borcu qalmayıb. Cavabdeh ona məxsus bütün borcu tam ödəmişdir. Məhkəmədən iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasına dəvət olunmuş ekspert X4 rəydə qeyd olunanlara uyğun izahat verdi, həmçinin bildirdi ki, məbləğ əvvəl manatla sonra ABŞ dolları ilə olmuşdur. Borc əsas məbləğə yönəldilmişdir faizə deyil. Rəy təqdim edilmiş sənədlər əsasında verilmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə əsasən bank cavabdehə illik 28 % olmaqla, 24 ay müddətinə 12.500 ABŞ dolları məbləğində kredit verilmişdir. - ödəniş cədvəlidən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdən 24 ay müddətində hər ay 687 ABŞ dolları sonuncu ay 666 ABŞ dolları ödəməli idi. - xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə xx.xx.2015-ci il tarixli, 4876-15 nömrəli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017-ci il tarixinədək təyin edilmişdir. - xx.xx.2014-cü il tarixli 1845 nömrəli Kredit Müqaviləsinə xx.xx.2017-ci il tarixli, 02 nömrəli əlavə sazişə əsasən borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD=1.4 AZN) 11247.32 (on bir min iki yüz qırx yeddi manat 32 qəpik) AZN təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil edir. Borcalanın kredit öhdəliyinin qalığının tərkibini 7931 manat əsas borc, 2640.05 manat faiz borcu və 676.27 manat cərimə borcu təşkil edir. - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə banka 3005.45 manat əsas, 1221.60 manat faiz, 4285.89 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 263.76 manat, cəmi 8776.70 manat məbləğində borcu yaranmışdır. - bildirişdən görünür ki, yaranmış borcla əlaqədar bank tərəfindən cavabdehə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 noyabr 2022-ci il tarixli, 9/7047 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2017-ci il tarixli 02 nömrəli əlavə sazişinin şərtlərinə müvafiq olaraq Cavabdeh İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən olunur. 10 sentyabr 2019-cu il tarixə (xx.xx.2019-cu il tarixinədək ümumilikdə 6640 manat pulun ödənilməsi nəzərə alınaraq): əsas borc üzrə 3005.45 AZN; 10 sentyabr 2019-cu il tarixə (ödənilmiş 2571.62 manat kompensasiya məbləği nəzərə alınmaqla 30xx.xx- 2571.62=433.83): əsas borc üzrə 433.83 AZN; 28 mart 2020-ci il tarixə (müqavilə müddətinin sonuna) 3306.31 AZN: əsas borc üzrə 433.83 AZN, faiz borcu üzrə 2872.48 AZN. Qeyd edilir ki, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu 35.79 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə İddiaçı ASC ilə arasında bağlanmış krediti müqaviləsi əsasında cavabdehə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kredit öhdəliyinin qalığı konvertasiya edilməklə, (1 USD=1.4 AZN) 11247.32 (on bir min iki yüz qırx yeddi manat 32 qəpik) AZN təşkil etmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam yerinə yetirmədiyindən onun iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı xx.xx.2014cü il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin əsas və faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan əsas borcun məbləği 3005.45 manat, faiz borcunun məbləği 1221.60 manat kimi göstərilmiş, məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci i tarixli, 9/7047 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə yəni xx.xx.2020-ci il tarixinə əsas borcu 433.83 manat, xx.xx.2019-cu il tarixinə qalan əsas borca həmin tarixdən sonra hesablanmış faiz borcu isə 35.79 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli, tutulmalı əsas və faiz borcunun məbləği məhkəmənin qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03.112022-ci i tarixli, 9/7047 saylı rəyində göstərilmiş qaydada, əsas borc 433.83 manat, faiz borcu 35.79 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 263.76 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 4385.89 manat miqdarında cərimə (dəbbə pulu) 433.83 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 30 manat müəyyən olunmalıdır. İddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 433,83 manat məbləğində əsas, 35,79 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat məbləğində faiz borcu və 79,97 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 27,80 manatı iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 35,50 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 114,50 manatı Cavabdeh tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 433,83 manat məbləğində əsas, 35,79 manat məbləğində faiz borcu, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 263,76 manat məbləğində faiz borcu və 79,97 manat məbləğində dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 27,80 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun 35,50 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan, 114,50 manatı Cavabdeh tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar