Məhkəmə qərarları › İş №e-2(007)-1338/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1338/2024

26.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1338/2024 26.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 4599.00 manat, faiz borcuna görə 999.80 manat, cərimə borcuna görə 407.76 manat olmaqla, cəmi 6006.66 (altı min altı manat altmış altı qəpik) manat məbləğində borcun və 80.07 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0150 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 27.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 (altı min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 330 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh1 oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024 - cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 oğlunun əsas borc üzrə 4599.00 manat, faiz borcuna görə 999.80 manat, cərimə borcuna görə 407.76 manat olmaqla, cəmi 6006.66 (altı min altı manat altmış altı qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsiredilə bilməz.

İş materialları :

3. İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün ona illik 27.00 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 6000 manat məbləğində kredit verməyi, Cavabdeh1 isə kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müdətinə, illik 27.00% dərəcəsi ilə, ayda 330 manat (sonuncu ay 321 manat) ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək 6000 manat məbləğində əsas borc ödənişi və 1911 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı MM QBKT ilə zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsinə əsasən və zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsinə əsasən müəyyən olunur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə İddiaçı MM QBKT ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsində nəzərdə tutulan 24 ay müddətinə, 27.00 % olmaqla 6000 manat borc məbləğinin və ona hesablanılmış faizlərin və kredit müqaviləsinən irəli gələn digər ödənişlərin qaytarılmasını öhdəsinə götürmüşlər.

5. İddiaçı MM QBKT tərəfindən təqdim edilmiş xx.xx.2024-cü tarixli maliyyə arayışından görünür ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə 4599.00 manat əsas borc, 999.90 manat faiz borcu, 407.76 manat dəbbə borcu olmaqla, cəmi 6006.66 manat borcu vardır. Cavabdeh tərəfindən 2431.00 manat ödəniş edilmişdir.

6. xx.xx.2023-cü il tarixli, **********015780 nömrəli FİNCARD kreditvermə qəbzinin surətindən müəyyən olunur ki, Cavabdeh1 adına AZ39AZP********************7 saylı hesab açılaraq İddiaçı MM QBKT tərəfindən Cavabdeh1 6000 manat məbləğində kredit verilmişdir.

7. xx.xx.2023-cü il tarixli kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə kredit məbləğinin nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “FİNCARD” adı qeyd edilmiş, **********015780 saylı kredit kartının ona verilməsini təsdiq etmişdir.

8. İş materiallarına xx.xx.2023-cü il tarixli müştərinin qeydiyyat forması əlavə edilmişdir.

9. xx.xx.2023-cü il tarixli kredit ərizə formasının (fərdi kreditlər üçün) surətindən görünür ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müvafiq müqavilə üzrə zamin olmalarına dair İddiaçı MM QBKT-yə müraciət etmişdirlər.

10. xx.xx.2024-cü il tarixli, **********90 saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəməyə müraciət etmək üçün 80.07 manat dövlət rüsumu ödənilmişdir.

11. Cavabdeh1 məhkəməyə ünvanalandırdığı xx.xx.2024-cü il tarixli ərizəsində iddia tələbində olan borc məbləğini qəbul etdiyini bildirmişdir.

Tərəflərin izahatları :

12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər.

14. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

15. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi, İddiaçı MM QBKT ilə zaminlər Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli, **********0***- ******* saylı Zaminlik müqavilələrinin bağlanması, Cavabdeh1 kredit müqaviləsindən və Cavabdeh3 ilə Cavabdeh2 Zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirməməsi hazırki mülki işin mübahisəsiz halıdır.

16. Cavabdeh1 məhkəməyə ərizə təqdim edərək tələb edilən borc məbləğini qəbul etmişdir.

17. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

22. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2)

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.

24. Qeyd etmək zəruridir ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

25. İş materiallarına əlavə edilmiş İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi və kredit müqaviləsinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 kredit müqaviləsinə uyğun olaraq 24 ay müdətinə, illik 27% faiz olmaqla, ayda 330 manat (sonuncu ay 321 manat) ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək 6000 manat məbləğində əsas borc ödənişi etməyi öhdəsinə götürmüşdür.

26. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı MM QBKT tərəfindən xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək Cavabdeh1 24 ay müdətinə, illik faiz dərəcəsi ilə, ayda 30 manat (sonuncu ay 321 manat) ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək 6000 manat məbləğində kredit verilmiş, lakin Cavabdeh1 iş materiallarına əsasən (maliyyə arayışı) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

27. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

28. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

29. Kredit müqaviləsinin 6.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kreditin qaytarılmasında yubanmanın mövcud olması, o cümlədən, Ödəniş Cədvəlinə müvafiq olaraq faizlərin və cərimə sanksiyalarının ödənilməsinin 3 iş günündən çox yubanması və yaxud müqavilənin 2.2, 6.2-ci bəndində nəzərdə tutulmuş hallar olduqda, öhdəliklərin yerinə yetirilməməsi və ya qismən yerinə yetirilməməsi və ya kreditin geri ödənişini şübhə altına qoyan digər şəraitin yaranması zamanı kredit verən tam şəkildə kreditin, faiz borcunun və digər ödənişlərin vaxtından əvvəl ödənilməsini tələb edə və kredit alanın bu müqavilənin şərtlərini yerinə yetirməməsi və yaxud qismən yerinə yetirməsi nəticəsində vurduğu ziyanın ödənilməsini kredit alandan tələb etmək hüququna malikdir.

29. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh1 öz üzərinə düşən öhdəliyi yerinə yetirməməsi, ödəniş qrafikini pozması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı MM QBKT hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

30. Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizə ilə İddiaçı MM QBKT-na borcu olduğunu etiraf etmişdir.

31. Məhkəmə Cavabdeh1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli borcu etiraf etməsinə dair ərizəsinə münasibət bildirirək qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.

32. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

33. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

34. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə əsas borcu 4599.00 manat, faiz borcu isə 999.80 manat təşkil edir.

35. Həmçinin İddiaçı MM QBKT Cavabdeh1 407.76 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

36. Kredit müqaviləsinin 5.1-ci bəndində nəzərdə tutulmuşdur ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliyi vaxtlı-vaxtında yerinə yetirmədiyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur.

37. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 407.76 manat təşkil edən cərimə məbləğinin 50 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :

38. Məhkəmə qeyd edir ki, İddiaçı MM QBKT-nin iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 aid hissələrdə əsaslı olduğundan təmin edilməlidir.

39. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.

41. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********0***- ******* saylı və xx.xx.2023-cü il tarixli, **********0***-******* saylı Zaminlik müqavilələrində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, İddiaçı MM QBKT ilə “Borclu” arasında bağlanmış xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinə əsasən 24 ay müdətinə, illik 27% olmaqla, 6000 manat borc məbləğinin və ona hesablanmış faizlərin və kredit müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin”-lər “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə İddiaçı MM QBKT qarşısında cavabdehlik daşımağı öhdələrinə götürürlər.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.

43. Həmin müqavilələrin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər razılaşırlar ki, Kredit Alan öz öhdəliklərini icra etmədikdə va ya lazımınca icra etmədikdə Zamin və Kredit Alan, Kredit Verən qarşısında birgə məsuliyyət daşıyırlar. Kredit verənin hüququ var ki, öhdəlik üzrə hər bir borclunu, həm Kredit Alanı, həm Zamini ayrıca olaraq öhdəliyə görə tam məsuliyyət daşımağa məcbur etsin. Kredit Verənin seçimi heç bir halda mübahisə predmeti ola bilməz.

44. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqavilələri üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüklərindən iddiaçı cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.

45. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsi üzrə 4599.00 manat əsas borc, 999.80 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 5648.8 manat pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-a ödənilməlidir.

Məhkəmə xərcləri :

46. İddiaçı MM QBKT ödənilmiş 80.07 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.

47. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, **********90 saylı mədaxil qəbzlərindən görünür ki, İddiaçı MM QBKT tərəfindən məhkəməyə müraciət etmək üçün 80.07 manat dövlət rüsumu ödənilmişdir.

48. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76.49 manat pul vəsaiti müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

49. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və zaminlik müqavilələri üzrə üzrə 4599.00 manat əsas borc, 999.80 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 5648.8 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nın hesabına ödənilməlidir.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli **********0150 saylı kredit müqaviləsi üzrə 4599.00 manat əsas borc, 999.80 manat faiz borcu və 50 manat dəbbə borcu olmaqla, cəmi 5648.8 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 76.49 manat məbləğində pul vəsaiti İddiaçı MM QBKT-nın xeyrinə tutulsun. İddiaçı MM QBKT-nın iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar