Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1352/2024 11.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “kredit borcunun tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Tələb:
1. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X4 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 18038,15 manat borc olmaqla – bundan 10737,92 manat əsas, 6257,23 manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat faiz borcunun və iş üzrə ödənilmiş 144,12 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və X2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə verərək, cəmi 18038,15 manat borc olmaqla – bundan 10737,92 manat əsas, 6257,23 manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat faiz borcunun və iş üzrə ödənilmiş 144,12 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Cavabdeh1 ərizə ilə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 23 (iyirmi üç) faiz dərəcəsi ilə 15000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və X5 ilə bank arasında 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 3.1.4-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə və məhkəməyə müraciət bankın hüququ vardır. Kredit müqaviləsinin 5.3-cü bəndinə əsasən bu müqavilənin 3.1.4-cü bəndində nəzərdə tutulmuş hallarda bank bu müqaviləyə vaxtından əvvəl xitam verməklə yanaşı verilmiş krediti illik faizi ilə birlikdə qaytarmağı və bu müqavilənin 5.2-ci bəndində nəzərdə tutulmuş məbləğdə penyanı ödəməyi kredit alandan tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********191 saylı xx.xx.2024-cü il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 18038,15 manat təşkil edir. Bundan 10737,92 manat əsas, 6257,23 manat faiz və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat faiz borcu təşkil edir. Tərəflərin izahatları:
5. Məhkəmə iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 iddia tələbini müdafiə edib, ərizə ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etmədiyini, iddia müddətinin bitməsi ilə bağlı ona qarşı sürülən iddia tələbinin etibarsız hesab edilməsini xahiş etdi.
7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qismən qəbul edir. Kredit borcunu imkanı olmadığından ödəyə bilmir.
İş materialları:
8. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh2 illik 23 % tətbiq edilməklə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh2 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür.
9. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab edilən ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 02-dən gec olmayaraq 24 ay müddətində hər ay 785.60 manat, sonuncu ay 785.55 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.
10. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
11. Hesabdan çıxarışdan görünür ki, borclu Cavabdeh2 sonuncu dəfə xx.xx.2023-cü il tarixdə 137.92 manat ödəniş etmişdir.
12. İddiaçı ASC-nin cavabdehlərə ünvanlandığı 09 fevral 2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə banka 10737,92 manat əsas, 6257,23 manat faiz, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün 1043 manat borcu qalmışdır. Tələb edilən 18038.15 manat borcun 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 02 mart 2020ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka 10737.92 manat əsas, 6257.23 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1043 manat faiz cəmi 18038.15 manat borcu vardır.
14. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 144.12 manat dövlət rüsumu ödənilmişdir.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5424 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2024-cü il tarixə 10737.92 manat əsas, 3356.42 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1178.45 manat illik 5% borcu müəyyən edilmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 illik 23 % tətbiq edilməklə, 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2020-ci il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh krediti müqavilədə göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit borcunun ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Bankın bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Cavabdehin iddiaçıya borcu yaranmışdır. Kredit müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə bitmiş, cavabdehin sonuncu ödənişi xx.xx.2023-cü il tarixdə olmuşdur. İddiaçı isə xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 ərizə ilə müraciət edərək, hazırki tələb üzrə iddia müddətinin ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçı zaminlik müqaviləsinə əsasən qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdür.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli qərarı:
iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir. iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəfləri dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh2 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh2 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır.
22. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 02 mart 2020-ci il tarixli 01/2102/DİK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 23% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir.
23. İş materiallarında olan 09 fevral 2024-cü il tarixli maliyyə arayışına və bildirişə əsasən cavabdehin 10737.92 manat əsas, 6257.23 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1043 manat faiz cəmi 18038.15 manat borcu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli Plenum Qərarına əsasən İddiaçı ASC 09 fevral 2024-cü il tarixdə cavabdehlərə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini onlara bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Göründüyü kimi borc məbləği həm maliyyə arayışında həm də bildirişdə eynilik təşkil edir. 24.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/5424 nömrəli ekspert rəyinə əsasən 10737.92 manat əsas, 3356.42 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 1178.45 manat borc müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 10737.92 manat əsas, 3356.42 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1043 manat faiz cəmi 15137.13 manat məbləğində kredit borcu iddiaçının xeyrinə tutulmalıdır.
25. Həmçinin müəyyən olundu ki, Cavabdeh1 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşlər.
26. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin Cavabdeh1 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir.
27. İş materiallarından da göründüyü kimi xx.xx.2020-ci il tarixdə İddiaçı ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
28. Beləliklə, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.
29. Belə ki, həmin normada əks olunan müddətlər etibarlı müqavilə əsasında əmələ gəlmiş zaminliyə xitam verən kəsici müddətlərdir. Bu halda hüquqi hadisə kimi zaminliyin xitamı məhkəmə aktı əsasında deyil, qanuna əsasən baş tutur. Ona görə də həmin normada zaminliyə xitam verən müddətin keçməsi müəyyən olunduqda zaminə qarşı yönəlmiş tələb məhkəmənin ayrıca akt şəklində qərardadı ilə deyil, işi mahiyyəti üzrə həll edən qətnamə ilə rədd edilməlidir.
Məhkəmə baxışının hədləri:
30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmə xərcləri:
31. Məhkəmə qeyd edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə təmin edildiydindən ödənilmiş dövlət rüsumunun 120.94 manatı ondan alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
32. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 41.95 manatı Cavabdeh2, 8.05 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilməli, ona qarşı qaldırılmış iddia tələbi rədd edilməli, Cavabdeh2 10737.92 manat əsas, 3356.42 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1043 manat faiz cəmi 15137.13 manat məbləğində kredit borcu və 120.94 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulmalıdır.
34. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh1 02 mart 2020-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminliyinə xitam verilsin. Ona qarşı qaldırılmış iddia tələbi rədd edilsin. Cavabdeh2 10737.92 manat əsas, 3356.42 manat faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1043 manat faiz cəmi 15137.13 manat məbləğində kredit borcu və 120.94 manat məbləğində dövlət rüsumu iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 41.95 manatı Cavabdeh2, 8.05 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova