Məhkəmə qərarları › İş №e-2(007)-1408/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1408/2022

16.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1408/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra - Bank) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/100524/15 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə 22 (iyirmi iki) faiz ödənilməsi şərti ilə 47 ay 29 gün müddətinə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 1710.37 (min yeddi yüz on, 37) manat məbləğində əsas borc, 2073.92 (iki min yetmiş üç, 92) manat məbləğində faiz borcu, 360.29 (üç yüz altmış, 29) manat məbləğində cərimə, 247.44 (iki yüz qırx yeddi, 44) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 4392.02 (dörd min üç yüz doxsan iki, 21) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da kredit müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. Buna görə də, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 04.04. 2015-ci il tarixli 1xx/xx/100524/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən banka 1710.37 (min yeddi yüz on, 37) manat məbləğində əsas borc, 2073.92 (iki min yetmiş üç, 92) manat məbləğində faiz borcu, 360.29 (üç yüz altmış, 29) manat məbləğində cərimə, 247.44 (iki yüz qırx yeddi, 44) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği olmaqla ümumilikdə 4392.02 (dörd min üç yüz doxsan iki, 21) manat məbləğində pulun, 64 (altmış dörd) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, iddiaçının nümayəndəsi elektron ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edib izahatında bildirdi ki, o, borc məbləğinin faiz və cərimə hissəsi ilə razı deyil. Bundan başqa, bank əməkdaşları onun borcunun restrukturizasiya olunduğunu bildirdiklərindən o, elə bilmişdir ki, borcu silinmişdir. Sonuncu ödəməni xx.xx.2019-cu il tarixində etmişdir. Əsas borcu ödəməkdən imtina etmir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" KB QSC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/100524/15 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 47 ay 29 gün müddətinə, illik 22 faiz ödəmək şərti ilə 7500 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - 1xx/xx/100524/15 nömrəli kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan xx.xx.2015-ci il tarixli 390626 nömrəli ödəniş cədvəlindən görünür ki, borclu hər ayın 04dən gec olmayaraq 48 ay müddətinə hər ay 236.30 manat ödəniş etməli idi. - Ləğv prosesində olan "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 1710.37 manat əsas, 2073.92 manat faiz, 360.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 247 manat faiz borcu olmaqla, cəmi 4392.02 manat borcu vardır. - "xxxx" KB QSC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/100524/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən ona illik 22 faiz ödənilməsi şərti ilə 47 ay 29 gün müddətinə ilkin məbləğ 7500 AZN məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri onun tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bunun nəticəsində Cavabdeh xx.xx.2022-ci il tarixinə LPO Banka 1710.37 manat əsas, 2073.92 manat faiz, 360.29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra hesablanmış 247 manat faiz borcu olmaqla, cəmi 4392.02 AZN məbləğində borcu qalmışdır. Eyni zamanda, kreditorun borclarını ödəməkdən qəsdən yayınmağı son nəticədə borclunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə nəticələnə bilər. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə, borcludan tələb olunmuşdur ki, 4392.02 AZN məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin etsin. Əks təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyəti qarşısında qalacaqdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" KB QSC tərəfindən 64 manat dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 9/5554 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 04 aprel 2015-ci il tarixli, 1xx/xx/100524/15 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla, Cavabdeh müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2019-cu il tarixə, əsas borcu 2205.97 manat, faiz borcu 1293.43 manat, maliyyə arayışında qeyd edilən tarixə yəni xx.xx.2022-ci il tarixə əsas borcu 2205.97 manat, faiz borcu 1604.41 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" KB QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/100524/15 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 faizlə, 47 ay 29 gün müddətinə 7500 manat məbləğində kredit verilmiş, Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, xx.xx.2015-ci il tarixdə kredit vəsaitini "xxxx" KB QSC-dən nağd olaraq almışdır. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı "xxxx" KB QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 2073.92 manat kimi göstərilmiş, məhkəmənin qərardadı əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının xx.xx.2022-ci i tarixli, 9/5554 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə yəni xx.xx.2019-cu il tarixinə faiz borcu 1293.43 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği məhkəmənin qərardadı əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci i tarixli, 9/5554 saylı rəyində göstərilmiş 1293.43 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 247.44 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, 360.29 manat miqdarında cərimə (dəbbə pulu) 1710.37 manat miqdarında əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və cərimə (dəbbə pulu) azaldılaraq 30 manat müəyyən olunmalıdır. İddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 1710,37 manat əsas, 1293,43 manat faiz borcu, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 247,44 manat məbləğində faiz borcu, ümumilikdə 3281,24 manat və ödənilmiş dövlət rüsumunun 47,81 manat məbləği Cavabdeh ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun 16,19 manat məbləği ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyinə görə, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 74,70 manatı Cavabdeh, 25,30 manatı ləğv prosesində olan "xxxx" KB ASC-dən tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" X3 Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 04 aprel 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 1710,37 manat əsas, 1293,43 manat faiz borcu, 30 manat məbləğində cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 247,44 manat məbləğində faiz borcu, ümumilikdə 3281,24 manat və ödənilmiş dövlət rüsumunun 47,81 manat məbləği Cavabdeh ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 16,19 manat məbləği ləğv prosesində olan "xxxx" X3 Səhmdar Cəmiyyətinə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 74,70 manatı Cavabdeh, 25,30 manatı ləğv prosesində olan "xxxx" KB ASC-dən tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar