Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1413/2022 17.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Paşayeva Səbinə Etibar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və bu nikahdan xx.xx.2005-ci il tarixdə X5 adlı övladı dünyaya gəlmişdir. Həmin nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli qətnaməsi əsasında pozulmuş və X1 azyaşlı uşağının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 30 manat miqdarında aliment, daha sonra 21 fevral 2018-ci il tarixdə Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 160 manat tutulub ona verilməsi qət olunmuşdur. Özü heç bir yerdə işləmir və başqa heç bir gəliri yoxdur. Hazırki iqtisadi çətinlik dövründə övladının saxlanması üçün məhkəmə tərəfindən təyin olunmuş məbləğ yetərli deyildir və uşağın tələbatlarını ödəmir. Əlavə olaraq bildirir ki, hal-hazırda cavabdeh maddi cəhətdən tam təmin olunmuşdur, sərbəst sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla müntəzəm qazanca malikdir. O, tənha bir ana kimi azyaşlı uşağının saxlanmasında maddi cəhətdən çox çətinlik çəkir. Hazırki dövrə qədər cavabdeh öz azyaşlı uşağının təlim-tərbiyəsi ilə maraqlanmamış, onun saxlanılması və böyüdülməsində iştirak etməyərək əlavə maddi yardım göstərməmişdir. Buna görə də alimentin artırılması tələbi ilə o, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin və mediasiya sessiyası üçün 60 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək verdiyi izahatında göstərdi ki, o, hal-hazırda "xxxx" MMM-də mebel ustası işləyir və maaşı 431 manat təşkil edir. Başqa gəlir yeri yoxdur və iddiaçının göstərdiyi formada sahibkarlıq fəaliyyəti ilə də məşğul deyil. Onun iddiaçı ilə nikahı pozulduqdan sonra, ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci evlilikdən 2012-ci il təvəllüdlü və 2014-cü il təvəllüdlü iki övladı var. Qeyd etdiyi kimi, himayəsində iki azyaşlı övladı və həyat yoldaşı var. Buna baxmayaraq, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimenti ödəməkdən boyun qaçırmır. Hazırda iddiaçının tələb etdiyi alimenti ödəmək iqtidarında deyil, buna maddi imkanı çatmır. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZ-İV seriyalı, 443884 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 24 noyabr 2005-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(007)- 963/2018 saylı qətnaməsindən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, 24 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı X2 xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Adın, ata adının və soyadın dəyişdirilməsi haqqında AZ-İ seriyalı, 029010 nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdə X4 adını “Samirə”dən “Səbinə”yə dəyişdirmiş və bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 13 oktyabr 2020-ci il tarixdə 53 nömrə ilə qeyd edilmişdir. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli, № MŞB/1-0185 saylı arayışından görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. - xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, həmin tarixdə İddiaçı tərəfindən mediasiya xərci ödənilmişdir. - "xxxx" MMM-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən bugünədək (gross 431.28 AZN əmək haqqı) əmək müqaviləsi ilə "xxxx" MMM-də mebel ustası peşəsində çalışır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 24 noyabr 2005-ci il təvəllüdlü X5 doğulmuşdur. Tərəflərin münasibətlərinin pozulması nəticəsində onlar ayrılmışlar, tərəflər arasında olan nikah pozulmuş, bu zaman azyaşlı uşaq İddiaçı yanında qalmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli, 2(007)-963/2018 saylı qətnaməsinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2007-ci il tarixli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarının dəyişdirilərək, 24 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçının xeyrinə hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını xahiş edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, uşağın saxlanılması üçün 2018-ci ildə 160 manat aliment məbləğinin tutulması müəyyən edildikdən sonra 4 ildən artıq müddət keçmişdir, bu müddətdə uşaq böyümüş, onun tələbatları artmış, iddiaçının ailə və maddi vəziyyətində dəyişiklik baş vermişdir. Bununla da, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2018-ci ildə müəyyən edilmiş 160 manat məbləğində alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılmalıdır. Məhkəmə alimentin hansı məbləğdə tutulmalı olmasına münasibətdə isə qeyd edir ki, iddiaçı tələbində hər ay 250 manat alimentin tutulmasını xahiş etsə də, cavabdehin həmin məbləğdə alimenti ödəməsi üçün maddi vəziyyətində əhəmiyyətli dəyişiklik olmasını təsdiq edə biləcək hər hansı dəlilini məhkəməyə təqdim etməmişdir, buna görə də, məhkəmə iddiaçı ilə yanaşı, cavabdehin də mənafeyini, o cümlədən 2022-ci il üçün müəyyən edilmiş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Məhkəmə cavabdehin məhkəmə iclasında göstərdiklərinə münasibətdə isə qeyd edir ki, nəzərə alınmalıdır ki, cavabdehin iddiaçı ilə əvvəlki nikahından yetkinlik yaşına çatmayan uşağı doğulmuşdur və uşaqla bağlı əvvəlcədən onun öhdəlikləri vardır, həmin uşaq anasının himayəsindədir. Cavabdeh isə ikinci nikahdan olan övladları üçün aliment ödəmir və həmin uşaqlar onun himayəsindədir. Buna görə də, cavabdehin ikinci nikahdan övladlarının olması hazırkı halda iddia tələbinin təmin edilməməsi üçün mütləq əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı artırılmış aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 24 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(007)-963/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesi zamanı ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 24 noyabr 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 21 fevral 2018-ci il tarixli 2(007)- 963/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 24 noyabr 2005ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya prosesi zamanı ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-1413/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1413/2022
17.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver