Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1447/2025 19.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə ümumlikdə 4635.74 manat əsas borc, 339.21 manat cari faiz borcu və 250.00 manat cari dəbbə borcu olmaqla, cəmi 5224.95 manat kredit borcunun və 73.40 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31 iyul 2023-cü il tarixli BAKU1-75229-23142 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 20% faizlə 24 ay müddətinə 10000.00 (on min) manat kredit verilmiş və kreditin aylıq 510.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh2 arasında 31 iyul 2023-cü il tarixli BAKU1-75229-23142+BAKU1-75248 saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 13 fevral 2025-ci il tarixinədək verilmiş kredit üzrə 4635.74 manat əsas borc, 339.21 manat cari faiz borcu və 250.00 manat cari dəbbə borcu olmaqla, cəmi 5224.95 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. Kredit müqaviləsinin 3.1.4.1-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərin müəyyən edilmiş vaxtlarda yerinə yetirilmədiyi hallarında AR MM-nin 445.2-ci maddəsinə uyğun olaraq kredit verən birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verərək hesablanmış faizi ilə birlikdə borcun geri ödənilməsini tələb edə bilər. Həmin kredit müqaviləsinin 4.3-cü maddəsinə görə, Kredit verən gecikdirilən günlər üçün də faiz hesablanmaqla birlikdə hər gecikdirilən gün üçün kreditin ödənilməli olan hissəsinin 1%-i miqdarında dəbbə pulu tətbiq edə bilər.
İş materialları :
3. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli BAKU1-75229-23142 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 20% faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit borcalanın mülkiyyətinə verilməyi, borcalan isə həmin kredit üzrə əsas borcu hesablanmış faizlər ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.
4. İddiaçı "xxxx" MMC ilə zamin Cavabdeh2 və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli, BAKU1-75229-23142+BAKU1-75248 saylı Zaminlik müqaviləsindən görünür ki, müqavilə borclunun kreditor qarşısında müqavilənin 1.2-ci bəndində göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün zamin və borclunun kreditor qarşısında birgə məsuliyyətinin əsaslarını müəyyən edir. Zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası borcluya 24 ay müddətinə, illik 20% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixdə bağlanmış BAKU1-75229-23142 saylı kredit müqaviləsidir.
5. xx.xx.2023-ci il tarixli BAKU1-75229-23142 saylı kredit müqaviləsinə əlavə 1 olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit müqaviləsinə uyğun olaraq 24 ay müdətinə, illik 20% faiz dərəcəsi ilə, ayda 510 manat ödəmək şərti ilə, xx.xx.2023-cü tarixindən başlayaraq xx.xx.2025-ci il tarixədək 10000 manat məbləğində əsas borc ödənişi və 2222.29 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.
6. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2025-ci il tarixə olan 4635.74 manat əsas borc, 261.95 manat cari faiz borcu, 526.40 manat dəbbə borcu olmaqla, cəmi 5424.09 manat borcu olmuşdur. Cavabdehlər müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər.
7. İddiaçı "xxxx" MMC tərəfindən təqdim edilmiş xx.xx.2025-ci tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-ci il tarixli BAKU1-75229-23142 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinə 4635.74 manat əsas borc, 339.21 manat faiz borcu, 250 manat dəbbə borcu olmaqla, cəmi 5224.95 manat borc vardır. Cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilmişdir.
8. İddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-xx.xx.2023 dövrü əhatə edən çıxarıdan görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixində 10000 manat məbləğində kredit verilmişdir.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 73 manat dövlət rüsumu və 0.4 bank xidmət haqqı ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iclasın onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, irəli sürülən iddia tələbi üzrə tələb edilən borc məbləği ilə bağlı onun etirazı yoxdur. Onun etirazı onunla bağlıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanılmış kredit müqaviləsi üzrə o zamin olduğundan və əsas borclu Cavabdeh1 olduğundan borc ilk növbədə Cavabdeh1 tələb edilməli, onun başına hansısa bir hadisə gələcəyi halda o, borc ondan tutulmalıdır.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
13. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli BAKU1-75229- 23142 saylı kredit müqaviləsi, "xxxx" MMC ilə zamin Cavabdeh2 arasında xx.xx.2023-ci il tarixli BAKU1-75229-23142+BAKU1-75248 saylı Zaminlik müqavilələrinin bağlanması, Cavabdeh1 tərəfindən kredit müqaviləsindən və Cavabdeh2 tərəfindən zaminlik müqaviləsindən irəli gələn öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.
14. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılan müqavilədən irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.
Məhkəmə baxışının hədləri:
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 408.7. Əgər müqavilənin bütün mühüm şərtlərini əks etdirən təklifdən onu irəli sürmüş şəxsin təklifdə göstərilmiş şərtlər ilə müqaviləni cavab verən istənilən şəxslə bağlamaq iradəsi aydın görünürsə, belə təklif ümumi oferta sayılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi :
18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.
19. Qeyd etmək lazımdır ki, qanunvericilikdə kredit müqaviləsi borc müqaviləsinin bir növü kimi müəyyən edilmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2).
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası mülki Məcəlləsinin 746-cı maddəsinin istehlak kreditlərinə tətbiqinin mümkünlüyü baxımından şərh edilməsinə dair” 27 may 2019-cu il tarixli Qərarında qeyd edilir ki, kredit müqaviləsi ikitərəfli müqavilələrdən olub, bağlanması ilə hər iki tərəf, yəni həm kredit alan, həm də kredit verən üçün müəyyən vəzifələr yaratmış olur. Kredit müqaviləsinə əsasən, kreditor müqavilə ilə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür.
21. Qeyd etmək lazımdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.
22. Hazırki mülki iş üzrə məhkəmə tərəfindən tədqiq edilən iş materialları (müqavilə, ödəniş qrafiki, ödəniş tapşırığı) və tərəflərin izahatına əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, BAKU1-75229-23142 saylı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh1 24 ay müddətinə (xx.xx.2023cü il tarixdən başlayaraq xx.xx.2025-ci il tarixədək), illik faiz dərəcəsi 20%, faktiki illik faiz dərəcəsi 20% olmaqla, 10000 manat məbləğində kredit verilmişdir. Lakin işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.
23. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
24. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi də qeyd edilən məqsədlərlə yanaşı, banklara göstərilən etimadın artmasına müsbət təsir göstərməklə, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyini və inkişafını təmin edir.
25. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
26. İddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-75229- 23142 saylı Kredit müqaviləsinin 3.1.4-cü maddəsinə əsasən kredit verən bu müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə nəticələnə bilən aşağıdakı hallarda bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verməklə verdiyi krediti, kreditin müddəti ərzində və bu müddət bitdikdən sonra gecikdirilən günlər də daxil olmaqla, əsvə bu müqavilədə göstərilən məbləğdə dəbbə pulu ödənilməsini borcalandan tələb edə bilər : “borcalan” davam edən 10 təqvim günü ərzində cari əsas borcu və ya cari faiz borcunu tərəflər arasında yazılı tərtib olunmuş ödəniş cədvəlində göstərilən tarixdə ödəməməklə gecikdirdikdə; borcalan tərəfindən annuitet ödənişlər 12 ay ərzində 3 dəfədən və ya ardıcıl olaraq 2 dəfədən çox gecikdirildikdə və ya Əsas borc tam qaytarılmamış borcalan vəfat etdikdə və s.
27. Belə olan halda, məhkəmə qeyd edir ki, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən iddiaçı "xxxx" MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
28. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
30. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
31. İddiaçı "xxxx" MMC-nin Cavabdeh1 ünvanlandığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan (kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair) görünür ki, iddiaçı "xxxx" MMC cavabdehin ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş müddətlərini və məbləğlərini dəfələrlə pozması nəticəsində yaranmış 4635.74 manat əsas, 261.95 manat faiz borcun tam şəkildə ödənilməsini tələb etmişdir.
32. Belə olan halda, məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək həmin xəbərdarlıq məktubunun göndərilməsi tarixini iddiaçı tərəfindən müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsinin qarşı tərəfə bildirilməsi olaraq qəbul edir. Odur ki, iddiaçı həmin tarixədək (xx.xx.2025-ci il) gecikdirilmiş faiz borcunu tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixə olan faiz borcunu tələb edir.
33. Məhkəmə işin tədqiq edilən hallarına əsasən qeyd edir ki, xx.xx.2023-cü il tarixli, BAKU1-75229-23142 saylı kredit müqaviləsi üzrə əsas borc 4635.74 manat, faiz borcu isə 261.95 manat təşkil edir.
34. Həmçinin iddiaçı "xxxx" MMC Cavabdeh1 250 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.
35. İddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasinda bağlanmış xx.xx.2023-cü il tarixli, BAKU1-75229-23142 saylı kredit müqaviləsində nəzərdə tutulmuşdur ki, kredit öhdəliyinin vaxtında və lazımi qaydada icra edilməməsinə görə hesablanacaq dəbbə borcunun miqdarı aylıq qaytarılmalı olan, lakin qaytarılmamış kredit borcunun hər təqvim günü üçün 1 faizi miqdarındadır.
36. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 250 manat təşkil edən dəbbə pulu məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.
Zaminlik müqavilələri üzrə zaminlərdən tutulmanın aparılması ilə bağlı :
37. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" MMC-nin iddia tələbi zamin Cavabdeh2 aid hissədə əsaslı olduğundan təmin edilməlidir.
38. Mülki qanunvericiliyə əsasən (MM 470.1) zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur (471). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, zaminlik müqaviləsi məhz əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminliklə təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır. Buna müvafiq olaraq zaminlik müqaviləsində aşağıdakılar göstərilməlidir: hansı əsas müqaviləyə dair zaminlik yaranır (müqavilənin tərəfləri, tarixi və nömrəsi göstərilməklə); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyinin) həddi barədə göstəriş. Zaminliklə təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminin qanuni maraqlarını qorumaq məqsədi daşıyır.
40. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2023-ci il tarixli, BAKU1-75229- 23142+BAKU1-75248 saylı Zaminlik müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilmişdir. Belə ki, xx.xx.2023-ci il tarixli müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuşdur ki, zaminliklə təmin edilmiş öhdəliyin yaranma əsası kreditor ilə borclu arasında AR MM-nin 740-cı maddəsinə əsasən sadə yazılı formada bağlanmış və borcluya annuitet qaydada illik 20% hesablanmaqla, 24 ay müddətinə 10000 manat məbləğində kredit verilməsini nəzərdə tutan xx.xx.2023-cü il tarixində bağlanmış BAKU1-75229-23142 saylı kredit müqaviləsdir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 472-ci maddəsində göstərilir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirmişdir: - birgə məsuliyyət; - subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini, eyni zamanda, həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.
42. Həmin müqavilənin 2.1-ci bəndində nəzərdə tutulmuşdur ki, zamin və borclu kredit müqaviləsindən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra olunmamasına görə, o cümlədən, lakin bununla məhdudlaşmadan əsas borc və onun faizi kredit müqaviləsində şərtləşdirilmiş müddətdə qaytarılmadığı, kredit müqaviləsində nəzərdə tutulmuş dəbbə borcu və ya sığorta pulu ödənilmədiyi və kredit müqaviləsində göstərilən digər şərtlər yerinə yetirilmədiyi hallarda kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
43. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd etdiyimiz mövqeyindən çıxış edərək qeyd edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsi üzrə Cavabdeh2 “borc alan”la birgə məsuliyyət daşımağı öhdəsinə götürdüyündən iddiaçı Cavabdeh2 qarşı iddia tələbi ilə müraciət etməkdə haqlı olmuşdur.
44. Qeyd olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli, BAKU1-75229-23142 saylı kredit müqaviləsi üzrə 4635.74 manat əsas borc, 261.95 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 4917.69 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri :
45. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69.18 manat müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
46. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və xx.xx.2023-cü il tarixli kredit müqaviləsi və zaminlik müqaviləsi üzrə 4635.74 manat əsas borc, 261.95 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 4917.69 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69.18 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2023-cü il tarixli, BAKU1-75229- 23142 saylı kredit müqaviləsi üzrə 4635.74 manat əsas borc, 261.95 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 4917.69 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 69.18 manat əbləğində pul vəsaiti iddiaçı “TBC” Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulsun. İddiaçı "xxxx" MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva