Məhkəmə qərarları › İş №e-2(007)-1450/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1450/2022

29.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1450/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, İddiaçı “X4” Bakı filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X4” Bakı filialının cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X4” Bakı filialı cavabdehlər Cavabdeh və Zamin qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında imzalanmış «18» İyun 2021-ci il tarixli 600 № li Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 15% olmaqla 24 ay müddətinə 6.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X4” Bakı filialı ilə Zamin arasında 811 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən “Borcalan” ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 290,92 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi” nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablamış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqvilə şərtlərinə uyğun olaraq “Borcalan” 28 mart 2022-ci il tarixə “Bank”a 873,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, “Borcalan” “Bank”a illik 25% ödəməlidir. 28 Mart 2022-ci il tarixə cavabdehin “Bank”a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 5.804,17 manat təşkil edir. Bundan 5.348,13 manat əsas borc və 456,04 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Cavabdeh ilə bağlanmış 18 İyun 2021-ci il tarixli, 600 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Zamin arasında 811 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə “Borcalan” zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Qeyd olunanlara əsasən Cavabdeh və Zamin 5.804,17 manat (bundan 5.348,13 manat əsas borc və 456,04 manat faiz borcu təşkil edir) məbləğində 28 mart 2022-ci il tarixində olan kredit borcunun və ödənilmiş 78.04 manat dövlət rüsumunun tutularaq “X4” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “X4” Bakı filialının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehlər Cavabdeh və Zamin məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X4” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik 15 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - “X4” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndinə görə “Borcalan” tərəfindən “Kredit müqaviləsi”nin hər hansı bir şərti pozulduqda “Bank” verilmiş krediti hesablamış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. 4.3-cü bəndindən görünür ki, borcalan bu müqavilə üzrə öhdəliyini yerinə yetirmədikdə bank borcun məcburi alınması üçün məhkəməyə müraciət edir. - “X4” Bakı filialı ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 811 nömrəli zaminlik müqaviləsindən görünür ki, Zamin həmin tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borclu Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - Ödəniş cədvəlindən görünür ki, borclu 24 ay müddətinə hər ayın 18-dən gec olmayaraq 215,92 manatdan 287,31 manata dək ödəməyi öhdəsinə götürmüşdür. - “X4” Bakı filialının xx.xx.2021-ci il tarixli cavabdehə və zaminə göndərilmiş bildirişlərdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 600 və 811 nömrəli kredit müqavilələrinə əsasən öhdəlikləri yerinə yetirilmədiyi üçün borclunun banka xx.xx.2021-ci il tarixinə cəmi 5559.3 manat borcu yaranmışdır. Banka olan borcun ödənilməsi xahiş edilmiş, ödəniş yerinə yetirilmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəməyə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 600 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 5348,13 manat əsas, 456,04 manat faiz, cəmi 5804,17 manat borcun “X4” Bakı filialına borcu vardır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, “X4” Bakı filialı tərəfindən məhkəməyə müraciət etmək üçün 78,04 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, “X4” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 600 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 24 ay müddətinə illik 15 faiz ödəmək şərtilə 6000 manat məbləğində kredit verilmişdir. Müqavilə əsasında həmin pul vəsaiti həmin tarixdə iddiaçı bank tərəfindən Cavabdeh hesabına köçürülmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təminatı kimi, “X4” Bakı filialı ilə Zamin arasında bağlanmış xx.xx.2021-ci il tarixli 811 nömrəli zaminlik müqaviləsi bağlanmış və zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdehlər kredit borcunun ödənilməsinə dair müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişlər və nəticədə cavabdehlərin iddiaçıya 5348,13 manat əsas, 456,04 manat faiz, cəmi 5804,17 manat borcları yaranmışdır. İddiaçı müqavilənin 2.2-ci bəndinə əsasən vaxtından əvvəl tələb etmə hüququndan istifadə edərək məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı “X4” Bakı filialı ilə bağladığı 18 iyun 2021-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, Zamin Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh “X4” Bakı filialı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 5348,13 manat əsas borc və 456,04 manat faiz borcu olmaqla cəmi 5804,17 manat borc və 78,04 manat məbləğində ödənilmiş dövlət rüsumu “X4” Bakı filialının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və Zamin müştərək qaydada 5348,13 manat əsas borc və 456,04 manat faiz borcu olmaqla cəmi 5804,17 manat borc və 78,04 manat məbləğində ödənilmiş dövlət rüsumu “X4” Bakı filialının xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar