Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1457/2023 05.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğlunun nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)- 333/2011 saylı qətnaməsi ilə təyin olunmuş alimentin artırılaraq xx.xx.2023-cü il tarixdən heablanmaqla Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən sabit məbləğində olmaqla 220 (iki yüz iyirmi) manat alimentin artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2011-ci il tarixində Salyan Rayon Məhkəməsində 2(057)-333/2011 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 30 manat olmaqla aliment tutularaq alınıb ona verilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda həmin vaxtdan 12 il müddət keçmiş, uşaq böyümüşdür, məktəbə gedir və xərcləri kifayət qədər artmışdır. Verilən aliment isə heç yaşayış minimumun yarısı deyil. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşağın yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq o, cavabdehdən alimentin artrılmasını tələb edir. O, xx.xx.2023-cü il tarixdə Mediasiya barədə təklif göndərmiş və buna görə də, alimentin artırılması həmin tarixindən hesablanmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün bir uşağın yaşayış minimumunun 220 manat olmasını nəzərə alaraq o da, cavabdehdən sabit məbləğində olmaqla xx.xx.2010-cu il təvəllüdlü X1 üçün 220 (iki yüz iyirmi) manat alimentin tutulmasını istəyir. X2 iştirakı ilə mediasiya keçirilmiş, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 cavabdehin iddianı qismən qəbul etdiyini, 220 manat alimentə razı olmadığını, qardaşı Mahirin 80 manat ödəyə biləcəyini, qardaşının 55 yaşı olduğunu, işləmədiyini, qazanc yerinin olmadığını, Əfqanıstan müharibəsində iştirak etdiyini, 200 manat pensiya aldığını, ölkədə yaşamadığını, gələ bilmədiyini, digər övladının yetkinlik yaşına çatdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq alimentin artırılması barədə iddianı müdafiə etdiyini, üzürlü səbəbdən məhəkmə iclasında iştirak edə bilmədiyini, təqdim olunanlardan başqa sübutunun və vəsatətinin olmadığını bildirmiş və baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən tərəfin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı və cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğlunun birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-259/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli nikah pozulmuşdur. Daha sonra İddiaçı cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğluna qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin 2(057)-333/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Novruzov Mahı̇ r Zadı̇ r oğlundan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 30 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Novruzov Mahı̇ r Zadı̇ r oğlundan alimentin alınması məhkəməyə müraciət olunduğu tarixdən yəni xx.xx.2011-ci il tarixdən müəyyən edilməsi qət edilmişdir. Hazırda ana uşağın saxlanılması üçün tutulan alimentin miqdarının dəyişdirilərək artırılmasını, yəni hər ay 220 manat olmasını xahiş edir. O, məhkəməyə müraciət etməzdən qabaq mediasiya prosesindən keçmişdir. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi “xx.xx.2023-cü il tarixdə Mediasiya barədə təklif göndərdiyi vaxtdan alimentin ödənilməsi” hissəsində təmin edilməməlidir. 2023-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş "Azərbaycan Respublikasında 2023cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarına əsasən belə hesab edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci, 78.1-ci və 112,1-ci maddələrinin müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı halda yaranmış iqtisadi çətinlik iddiaçının da maddi vəziyyətinın ağırlaşmasına səbəb olmuşdur, iddiaçı məhkəmə qətnaməsinə əsasən 2011ci ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. Hazırda isə yaşayış minimumu məbləği artırılmışdır. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, tələb olunan məbləğ yaşayış minimumu məbləğinə uyğun müəyyən edilməli, iddia tələbi alimentin 220 manat olması hissəsində təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Novruzov Mahı̇ r Zadı̇ r oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(057)-333/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdeh Novruzov Mahı̇ r Zadı̇ r oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilməli, cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi 50,0 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Novruzov Mahı̇ r Zadı̇ r oğlundan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək tutulmalı olan, Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(057)-333/2011 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Novruzov Mahı̇ r Zadı̇ r oğlundan qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 50 manat məbləğində vəsait ona aid edilsin. Novruzov Mahı̇ r Zadı̇ r oğlundan iddiaçının ödəməkdən azad edildiyi 50 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1457/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1457/2023
05.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver