Məhkəmə qərarları › İş №e-2(007)-1471/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1471/2025

21.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1471/2025 21.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Cavabdeh qarş “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 180 manat borc məbləği, 18 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 228 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2022-ci il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 16 noyabr 2016-cı il tarixli 01-AGT000009053 nömrəli alqı-satqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 215 (iki yüz on beş) manat olan Alcatel 50151D silver (İMEİ: **********15081) markalı mobil telefon almışdır. Müqavilənin 4cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2016-ci il tarixdən başlayaraq hər ayın 16dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 30 (otuz) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-180 (bir yüz səksən) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindədirlər.

Cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsi:

3. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, həmin telefon qüsurlu olduğundan telefonu qaytarmış, ondan sonra bu müddət ərzində pul tələb edilməmişdir. Hazırda isə həmin telefonu aldığı vaxtdan 9 il müddət keçmişdir. Odur ki, mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

İş materialları :

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2016-cı il tarixli, 01- AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən “satıcı” alıcı Cavabdeh 6 ay müddətinə 215 manat dəyərində əmtəəni (Alcatel 5015D markalı mobil telefon) satmağı, cavabdeh onu qəbul edib ödəniş cədvəli əsasında hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür.

6. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2016-cı il tarixli, 01- AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, borclu xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 16-dən gec olmayaraq 6 ay müddətində hər ay 30 manat ödəmək şərti ilə ilkin ödəniş 35 manat ödəməklə, cəmi 215 manat ödəniş etməyi öhdəsinə götürmüşdür.

7. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, “Faktorinq müqaviləsi”ndən görünür ki, müştəri siyahısı və ümumi dəyəri bu Müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən 1 nömrəli Əlavədə göstərilən üçüncü şəxslərə qarşı əşyanın nisyə alqı-satqısı müqavilələrindən və həmin müqavilələr üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərini Faktora güzəşt etməyi, faktor isə bunun müqabilində müqavilə üzrə çıxmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından irəli gələn pul tələblərinin Faktora güzəşt etməyi, Faktor isə bunun müqabilində Müqavilə üzrə razılaşdırılmış məbləğdə və qaydada pul vəsaitini müştəriyə ödəməyi öhdəsinə götürür.

8. 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsinə əlavə N 1-dən görünür ki, 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilmişdir.

9. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 01- AGT000009053 saylı girov müqaviləsindən görünür ki, “Alcatel 5015D, Silver” modeli, 215 manat məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədi ilə girov qoyan ona təhvil verilmiş həmin əmlakı özündə saxlamaqla şərtilə girov qoymuşdur.

10. İddiaçı MMC tərəfindən təqdim edilən xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 16 noyabr 2016-cı il tarixli, 01- AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə 180 manat əsas borc, 18 manat cərimə olmaqla, ümumilikdə 198 manat borcu vardır.

11. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdeh 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyinə görə xx.xx.2022-ci il tarixinə 180 manat borcu yaranmışdır. Cavabdeh borcunu 5 (beş) gün ərzində ödəmədiyi təqdirdə nisyə alqı-satqı müqaviləsinə xitam verilməsi məqsədi ilə və ümumi borcun məcburi, o cümlədən təminatın hesabına ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir.

12. xx.xx.2025-ci il tarixli mədaxil ********** saylı qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, telefonu 2016-cı ildə almış, 2016-cı ildə də geri qaytarmışdır.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Belə ola halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halları

16. "xxxx" MMC ilə Cavabdeh arasında 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin "xxxx" MMC qarşısında borcunun yaranması və "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh ilə arasında bağlanmış 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 saylı alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququnun iddiaçıya güzəşt edilməsi və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

17. Həmçinin cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir.

Məhkəmə baxışının hədləri:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi :

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

Məhkəmənin mövqeyi :

21. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.

22. İddiaçı cavabdehə qarşı 198 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbini cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin bağlanılması və həmin alqısatqı müqaviləsi üzrə cavabdeh tərəfindən üzərinə götürülən öhdəliyin yerinə yetirilməməsi ilə əsaslandırmışdır.

23. Həmçinin hazırki iddia tələbi üzrə Cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilərək məhkəmədən üç illik iddia müddətinin ötürüldüyü nəzərə alınaraq iddia müddəti tətbiq edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

24. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.

25. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq qeyd edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.

26. Müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır.

27. Mülki qanunvericiliyə əsasən hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, Alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

28. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 16 noyabr 2016-cı il tarixli, 01- AGT000009053 nömrəli müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlindən görünür ki, 16 noyabr 2016-cı il tarixli müqavilə üzrə cavabdeh xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2017-cı il tarixədək ilkin ödəniş 35 manat ödəməklə, hər ay 30 manat ödəmək şərti ilə, ümumi dəyəri 215 manat olan mobil telefon satın almışdır.

29. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, iddiaçı alqı-satqı müqaviləsi üzrə öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulan əşyaları cavabdehə təhvil vermişdir. Lakin cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş öhdəlikləri vardır.

30. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən, 180 manat əsas borc, 18 manat cərimə borcu olmaqla, ümumilikdə 198 manat borcu vardır.

31. Mülki qanunvericiliyə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

32. "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, № 001 nömrəli faktorinq müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-nin tərəf olduğu və ya olmadığı alqı-satqı müqaviləsi üzrə tələb hüququ İddiaçı MMC-yə güzəşt edilmişdir.

33. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında faktorinq müqaviləsi bağlanılmış və 16 noyabr 2016-cı il tarixli, 01-AGT000009053 nömrəli nisyə alqı-satqı müqaviləsi üzrə tələb hüququ "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə güzəşt edilmişdir.

34. Mülki qanunvericiliyə əsasən faktorinq müqaviləsinə görə bir tərəf (faktor) üçüncü şəxs (borclu) barəsində müştərinin (kreditorun) üçüncü şəxsə mal verməsindən, işlər görməsindən və ya xidmətlər göstərməsindən irəli gələn pul tələbinin hesabına digər tərəfə (müştəriyə) pul vəsaiti verir və ya verməyi öhdəsinə götürür, müştəri isə bu pul tələbini faktora güzəşt edir və ya güzəşt etməyi öhdəsinə götürür. Pul tələblərinin güzəşti barəsində borcluya bildiriş verilməlidir.

35. Belə olan halda məhkəmə qeyd edir ki, "xxxx" MMC ilə İddiaçı MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən 16 noyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsindən irəli gələn tələb hüququ İddiaçı MMC-yə güzəşt edildiyindən və Cavabdeh bağladığı nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, iddiaçının əsas borca görə 180 manat məbləğində pulun ödənilməsi tələbini əsaslı hesab edir.

36. 16 noyabr 2016-cı il tarixli nisyə alqı-satqı müqaviləsinin 1.3-cü maddəsinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada əlavə faiz ödənilməsini tələb edə bilər.

37. xx.xx.2022-cü il tarixli faktorinq müqaviləsinin 2.1-ci bəndinə əsasən borc tələbi hüququ faktora güzəşt edildiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Öhdəliyin icrasını təmin edən hüquqular, borc tələbilə bağlı olan digər hüquqlar, ödənilməmiş faizlərə (o cümlədən cərimə faizləri) hüquq, girov və ipoteka hüququ, habelə verilmiş zaminlik üzrə hüquqlar faktora keçir. Belə olan halda 16 noyabr 2016-cı il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənişin gecikdirilməsinə görə müəyyən edilmiş 18 manat cərimə pulu üzrə tələb hüququ faktora keçmişdir.

38. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 18 manat təşkil edən cərimə məbləğini məqsədəmüvafiq hesab edir.

39. Həmçinin işin faktiki hallarından görünür ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpası ilə bağlı məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş 3 illik müddət ötürüldükdən sonra məhkəməyə müraciət etmişdir.

40. Cavabdeh tərəfindən hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir.

41. Mülki Məcəlləyə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (372.1, 372.2.). Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (373.2.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (375.2.). İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (maddə 377.1).

42. Məhkəmə qeyd edir ki, iddia tələbi müqavilə münasibətlərindən irəli gələn pul tələbi olduğundan, iddiaçının pozulmuş hesab etdiyi mübahisənin həlli üçün isə qanunvericilikdə 3 il ərzində məhkəməyə müraciət edilməsi nəzərdə tutulduğundan, iddiaçının tələbi əsaslı olsa da, iddia tələbi təmin edilməməlidir.

43. Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarında qeyd edilir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.

44. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüquqlarının pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 3 illik müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran hallar mövcud olmuşdurmu?

45. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

46. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2016-cı il tarixli, 01- AGT000009053 nömrəli müqaviləyə əsasən Cavabdeh 6 ay müddətinə, ilkin ödəniş 35 manat və hər ay 30 manat olmaqla ümumilikdə 215 manat məbləğində ödəniş etməli olmuşdur.

47. Göründüyü kimi tərəflər arasında bağlanılmış müqavilədə öhdəliyin icra müddəti 6 ay olaraq müəyyən edilmişdir. Yəni, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi tarix - iddia müddətinin axımının başlanğıcı müqavilə üzrə öhdəliyin icra müddətinin başa çatdığı xx.xx.2017-ci il tarixidir.

48. Belə olan halda iddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci ilədək müraciət etməli olduğu halda, xx.xx.2025-ci il tarixində müraciət etmişdir.

49. Məhkəmə araşdırılması nəticəsində iddiaçı tərəfindən cavabdehə möhlət verilməsi, cavabdehə qarşı xx.xx.2020-ci il tarixədək tələb irəli sürməsi, o cümlədən cavabdeh tərəfindən iddia müddətinin axımı müddətində borcu etiraf etməsini göstərən, iddia müddətinin axımının kəsilməsi və ya dayandırılması üçün əsas olan hallar müəyyən edilməmişdir.

50. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar).

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfininin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

52. Məhkəmə cavabdeh tərəfindən “iddia müddətinin tətbiqinə dair ərizə”yə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

54. İşin məhkəmə iclasında tədqiq edilmiş faktiki hallarına əsasən müəyyən edilmişdir ki, iddia müddətinin axımı xx.xx.2017-ci il tarixində başlamış, iddia müddətinin axımı müddətində axımın dayandırılması və kəsilməsi üçün əsas olan hallar olmamış, iddiaçı isə məhkəməyə müqavilə münasibətlərindən irəli gələn iddia tələbləri üçün müəyyən edilmiş 3 illik iddia müddəti ötürülməklə xx.xx.2025-ci il tarixdə müraciət edilmişdir.

55. Yuxarıda qeyd edilənlər onu deməyə əsas verir ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürülməsi və cavabdeh tərəfindən də iddia müddətinin tətbiqi barədə ərizə məhkəməyə təqdim edilməsi iddianın rədd olunması üçün əsas təşkil edir.

Məhkəmə xərcləri :

56. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Nəticə :

57. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, İddiaçı Cavabdeh 180 manat əsas borc, 18 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 228 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməməlidir.

58. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-212, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

İddiaçı Cavabdeh 180 manat əsas borc, 18 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 228 manat məbləğində pul vəsaitinin tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar