Məhkəmə qərarları › İş №e-2(007)-15/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(007)-15/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-15/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclas katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan olan QSC “Bank Standard” KB-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka hüququnun mənzilə şamil edilməsi, tutmanın həmin əmlak üzərində sahiblik hüququna yönəldilməsi, bu hüququn satılması, onun satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, pul kifayət etmədiyi halda, qalan borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan olan QSC “Bank Standard” KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02 dekabr 2010-cu il tarixli 141/14/13/10 saylı kredit müqaviləsi üzrə 15078,18 (on beş min yetmiş səkkiz, 18) manat məbləğində əsas borc, 4678,96 (dörd min altı yüz yetmiş səkkiz, 96) manat məbləğində faiz borcu, 452,56 (dörd yüz əlli iki, 56) manat məbləğində cərimə, 27,17 (iyirmi yeddi, 17) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, ümumilikdə isə 20236,87 (iyirmi min iki yüz otuz altı, 87) manat məbləğində pulun, 150,71 (yüz əlli, 71) manat dövlət rüsümunun və 40 (qırx) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 190,71 (yüz doxsan, 71) manat pulun Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına, tutmanın Cavabdeh məxsus ilkin satış qiyməti 51000 (əlli bir min) manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 11 saylı mənzilə yönəldilməsinə və həmin mənzilin açıq hərracdan satılmasına, satıldıqdan sonra boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsinı ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə Bank arasında bağlanmış 02 dekabr 2010-cu il tarixli 141/14/13/10 saylı kredit müqaviləsinə əsasən 15078,18 (on beş min yetmiş səkkiz, 18) manat məbləğində əsas borc, 4678,96 (dörd min altı yüz yetmiş səkkiz, 96) manat məbləğində faiz borcu, 452,56 (dörd yüz əlli iki, 56) manat məbləğində cərimə, 2324,08 (iki min üç yüz iyirmi dörd manat, 08 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği, ümumilikdə isə 22533,78 (iyirmi iki min beş yüz otuz üç, 78) manat məbləğində pulun, 150,71 (yüz əlli, 71) manat dövlət rüsümunun və 40 (qırx) manat ipotekanın qeydə alınması üçün ödənilmiş, cəmi 190,71 (yüz doxsan, 71) manat pulun Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına, iddiaçının ipoteka hüququnun Bakı şəhəri, Ş.Mirzəyev küçəsi ilə K.Balakişiyev küçəsi kəsişməsindəki 2439-cu məhəllədə 5 saylı binasında olan 2 otaqlı 89.4 kv.m, binanın 7-ci mərtəbəsindəki 40 saylı mənzilə şamil edilməsi və həmin əmlak üzərində Cavabdeh sahiblik hüququna tutmanın yönəldilməsi, bu hüququn qanunvericiliklə müəyyənləşdirilmiş qaydada satılması, onun satışından əldə edilmiş pul vəsaiti hesabına Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankına cəmi 22533,78 manat məbləğində pulun və 190,71 manat dövlət rüsumunun ödənilməsi, satışdan əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin məhkəmə baxışı zamanı tərəflər məhkəməyə ərizə ilə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə proses iştirakçılarını dinləyib, mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ləğv prosesində olan olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 02 dekabr 2010-cu il tarixli 141/14/13/10 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan olan QSC “Bank Standard” KB-nin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC cəlb edilməklə Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka hüququnun mənzilə şamil edilməsi, tutmanın həmin əmlak üzərində sahiblik hüququna yönəldilməsi, bu hüququn satılması, onun satışından əldə olunan vəsait hesabına borcun ödənilməsi, pul kifayət etmədiyi halda, qalan borcun tutulması” tələbinə dair e-2(007)-15/2025 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. Tərəflər təsdiq edirlər ki, cavabdehin xx.xx.2010-cu il tarixli, 141/14/13/10 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 15.078,18 manat məbləğində əsas borc, 4.678,96 manat məbləğində faiz borcu, 452,56 manat məbləğində cərimə borcu, 2324,08 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 20.236,87 manat məbləğində icra edilməmiş borc öhdəliyi mövcuddur.

2. Tərəflər təsdiq edirlər ki, xx.xx.2010-cu il tarixli, 141/14/13/10 saylı kredit müqaviləsinin təminatı qismində xx.xx.2010-cu il tarixli 141/14/13/10 saylı alqı-satqı və ipoteka müqaviləsi əsasında ünvan 2 ünvanında yerləşən 2 mərtəbəli binanın 2-ci mərtəbəsində 11 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. Sonradan "xxxx" MMC tərəfindən həmin mənzil sökülmüş və yerində hündür mərtəbəli bina inşa edilmiş və köhnə mənzilin əvəzində həmin binada, yəni Bakı şəhəri, Ş.Mİrzəyev küçəsi ilə K.Balakişiyev küçəsi kəsişməsindəki 2439-cu məhəllədə 5 saylı binanın 7-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 89.4 kv.m. sahədən ibarət olan 40 saylı mənzilə cavabdehə təhvil verilmişdir.

3. Tərəflər razılaşırlar ki, cavabdeh tərəfindən əsas və faiz borcu məbləğindən 17.000 manat ödənildiyi təqdirdə iddiaçı tərəfindən hesablanmış digər borc məbləğlərinə (2757,14 manat faiz borcu, 452,56 manat cərimə borcu, 2324.08 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu) güzəşt tətbiq edilir.

4. Bu Sazişin 2.3-cü bəndində (qərardadın 3-cü bəndi) göstərilən əsas və faiz borcu məbləğindən (17.000 manat) 3.000 manat məbləği 30 iş günü müddətində ödənildikdən sonra əsas və faiz borcuna görə qalan 14.000 manat qalıq borcu 14 ay müddətinə, yəni bu Saziş təsdiq edildiyi tarixdən etibarən hər ay 1000 manat bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini cavabdeh öz üzərinə götürür.

5. İddiaçı bu Sazişin 2.4-cü bəndində (qərardadın 4-cü bəndi) göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür.

6. Tərəflər razılaşırlar ki, bu Sazişin 2.4-cü bəndində (qərardadın 4-cü bəndi) göstərilən şərtlər cavabdeh tərəfindən pozulduğu halda bu Sazişin 2.3-cü bəndində (qərardadın 3-cü bəndi) göstərilən güzəştlər ləğv ediləcək və ümumilikdə 20.236,87 manat məbləğində borc cavabdehdən tutulacaq, tutma bu Sazişin 2.2-ci bəndində (qərardadın 2ci bəndi) göstərilən əmlaka - Bakı şəhəri, Ş.Mİrzəyev küçəsi ilə K.Balakişiyev küçəsi kəsişməsindəki 2439-cu məhəllədə 5 saylı binanın 7-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 89.4 kv.m. sahədən ibarət olan 40 saylı mənzilə yönəldiləcək, icra mərhələsində həmin əmlaka qiymət qoyularaq dəyəri müəyyən olunduqdan sonra açıq hərracdan satılacaq, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda qalıq borc ümumi qaydada Cavabdehdən tutulacaqdır.

7. Tərəflər razılaşırlar ki, hər ay ödəniləcək məbləğin cavabdeh tərəfindən 2 ay ərzində ardıcıl olaraq lazımınca icra edilməməsi bu Sazişin 2.4-cü bəndinin (qərardadın 4cü bəndi) şərtlərinin pozulması kimi qiymətləndiriləcək və QSC “Bank Standard” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qərardadın icraya yönəldilməsi üçün məhkəməyə müraciət olunacaqdır.

8. Saziş imzalandıqdan sonra Cavabdeh tərəfindən iddiaçıya QSC “Bank Standard" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 141/14/13/10 nömrəli kredit müqaviləsi üzrə borcun olmaması haqqında arayışı təqdim etmədiyi halda Bakı şəhəri, Ş.Mİrzəyev küçəsi ilə K.Balakişiyev küçəsi kəsişməsindəki 2439-cu məhəllədə 5 saylı binanın 7-ci mərtəbəsində yerləşən, 2 otaqlı, 89.4 kv.m. sahədən ibarət olan 40 saylı mənzilə dair hər hansı sənəd təqdim etməyəcəyini üçüncü şəxs öz öhdəsinə götürür.

9. Bu Saziş məhkəmə qərardadı ilə təsdiq olunduğu andan qüvvəyə minir.

10. Bu Saziş tərəflərin öz öhdəliklərini tam icra etməsi anınadək qüvvədədir.

11. Tərəflər öhdələrinə götürürlər ki, bu Saziş üzrə öhdəliklərini tam, vaxtında icra etdikdən sonra bjr-birinə qarşı gələcəkdə hər hansı bir tələbləri və şikayətləri olmayacaqdır.

12. Bu Sazişə əlavə və dəyişikliklərin edilməsi tərəflərin razılığı ilə həyata keçirilir.

13. Bu Sazişə edilən hər bir əlavə və dəyişiklik onun ayrılmaz tərkib hissəsi hesab edilir.

14. Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar.

15. Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və onun bütövlükdə etibarsızlığına səbəb olmur.

16. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib edilmişdir. Nüsxələrdən biri Sazişi təsdiq edən məhkəməyə, digər nüsxələri isə Tərəflərə təqdim edilir.

Qeyd olunan həmin barışıq sazişləri təsdiq edilsin və e-2(007)-15/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar