Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1507/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi ilə, İddiaçı ASC-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış Rest№ 019CASA193230008 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ”Bank Respublika” ASC-nin xeyrinə 6889 AZN əsas kredit borcu, 12.26 AZN kreditdən istifadəyə görə faiz borcu və 4.16 AZN cərimə olmaqla, cəmi 6905,42 AZN və 89,06 AZN ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Rest № 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 bir il güzəşt müddəti olmaqla beş il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 9011.13 AZN məbləğində kredit verilmişdir. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmamışdır. Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış 019FİZAM77829701 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinə əsasən o, Cavabdeh1 Rest№ 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Rest№ 019CASA193230008 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin Rest№ 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 xx.xx.2022-ci il tarixinə 6889.00 AZN kredit borcu, 12.26 AZN kreditdən istifadəyə görə faiz borcu və 4.16 AZN cərimə olmaqla, cəmi 6905.42 AZN borclu qalmaqdadır. Cavabdeh1 xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun ölkə hüdudlarından kənar olmağını və normal kreditor olmağını nəzərə alıb İddiaçı ASC-nin ona qarşı qaldırdığı iddia tələbini ləğv edilməsini və işə xitam verilməsini xahiş etmişdir. Ərizədə bildirilmişdir ki, o, əvvəldən Rusiya Federasiyasındadır. Süravi vətəndaş kimi Rusiya Federasiyasına ruzi-bərəkət əldə etmək üçün getmiş və 3 aylıq qeydiyyata alınmış, qeydiyyatın tarixi xx.xx.2022-ci il tarixdə bitəcəkdir. Bilindiyi üzrə RF-na getmək, orada qeydiyyata alınmaq insanı bir çox çətinliklərlə üzləşdirir. O, İddiaçı ASC-yə olan borcunun 2019-cu ilin dekabr ayından 2021-ci ilin oktyabr ayına kimi vaxtında ödəmiş, lakin müəyyən çətinliklər ucbatından noyabr və dekabr ayında ödəniş edə bilməmişdir. Buna baxmayaraq 2022-ci ilin yanvar ayından bu günə qədər ödənişləri etmiş və arxada qalan ödəmədiyi ayları yaxın vaxtlarda maddi durumunu yaxşılaşdıran kimi bir dəfəlik ödəniş etməklə tamamlayacaqdır. İddiaçı ASC-nin 3 ay ödəniş etmədiyinə görə ona qarşı iddia qaldırmağı gülünc və heç bir çərçivəyə sığmır. Bu gün o, vaxtında ödəniş etdiyinə görə normal kreditor sayıla bilər və gələcəkdə öhdəsində qalan kreditləri də vaxtında ödəyəcəkdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq mülki işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunmasını xahiş etmişlər. Eyni zamanda cavabdehin oğlu X1 teleqram vuraraq Cavabdeh1 xarici ölkədə olduğu üçün iclasda iştirak edə bilməyəcəyini bildirmiş və nəzərə alınmağını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Rest № 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 9011.13 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 019FİZAM77829701 saylı, xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış Rest № 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən onun İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 6889 manat əsas, 12.26 manat faiz, 4.16 cərimə borcu olmaqla, cəmi 6905.42 manat borcu mövcuddur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 89,06 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinin surətindən görünür ki, 9011,13 manat əsas borc, 275,43 manat faiz borc olmaqla ümumilikdə 9286,56 manat ödəniş müəyyən olunmuşdur. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış Rest 019CASA193230008 saylı xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 9011.13 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər; Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə arasında bağlanılmış xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsin üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6889,00 manat məbləğində əsas bоrc, 12,26 manat faiz borc və 4,16 manat cərimə borcu оlmaqla, cəmi 6905,42 manat borc və 89,06 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC -yə ödənilməli, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış Rest№ 019CASA193230008 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6889,00 manat məbləğində əsas bоrc, 12,26 manat faiz borc və 4,16 manat cərimə borcu оlmaqla, cəmi 6905,42 manat borc və 89,06 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış Rest№ 019CASA193230008 saylı, xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1507/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1507/2022
06.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver