Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(007)-1508/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: İddia tələbi :
1. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 2 otaqlı 364 №li mənzilin və ya "xxxx" MMC tərəfindən inşa edilmiş digər mənzilin onun mülkiyyətinə verilməsinə dair ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Çox təəsüflər olsun ki, bəzi hallarda Konstitusiyasının bu müddəasına bir sıra vəzifəli şəxslər və məmurlar əməl etmirlər və Ulu öndər Heydər Əliyevin böyük zəhmətlə ərsəyə gətirdiyi ən ali qanunun ayaqlar altına atılması üçün (öz şəxsi maraqları naminə) əllərindən gələni edirlər. Belə ki, vətəndaşların xüsusi mülkiyyətində olan evlər və torpaq sahələri bəzi MTK-lar tərəfindən zorla əllərindən alınır və dağıdılır, bu işdə birbaşa marağı olan dövlət qurumları isə ağzına su alaraq susur. Yəqin ki, bunun cavabı hərkəsə məlumdur. Görəsən söküntü və tikintiyə icazə verən hansı məmur Azərbaycan Respublikasında mülkiyyətin toxunulmazlığına və dövlət tərəfindən müdafiə olunmasına təminat verir yoxsa bu sadəcə quru sözdür? Məhkəməyə müraciət etmək məcburiyyətində olmaqla, hesab edir və ümid edir ki, pozulmuş hüquqların bərpası üçün məhkəmə ədalətli qərar qəbul edəcəkdir. İddiaçı xx.xx.2019-cü ildə, "xxxx" MMC ilə 364002 saylı müqavilə bağlayaraq, ilkin ödəniş 25000 manat olaraq, ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 2 otaqlı 364 №-li mənzilini hissə-hissə ödənilməsi şərtilə almışdır. Lakin sonradan məlum olmuşdur ki, həmin mənzil digər şəxslərə qanunsuz olaraq satılmışdır. Cavabdeh "xxxx" MMC-yə ünvan 2 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 2 otaqlı 364 №-li mənzilə görə indiyədək ümumilikdə 47 000 manat ödənilmişdir. Bununla bağlı bütün qəbzlər ondadır və qalıq borcun 8 000 manat olmasını təsdiq edən sənəd də sübüt növü kimi mövcuddur. İddiaçının məhkəməyə müraciət etməsinə səbəb o olub ki, cavabdeh "xxxx" MMC ünvan 1 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində 2 otaqlı 364 №-li mənzili digər şəxslərə də satmışdır. Binanının bütün təminatları təmin olmadığından, təmir üçün əlverişsiz olduğundan bir müddət gözləməyi qərara almışdır. 2021-ci ilin sonlarında iddiaçı növbəti dəfə mənzillərə baş çəkmək istəyərkən yeni qapıların qoyulduğunu görmüş və bundan sonra iddiaçı mənzillərin "xxxx" MMC-yə satılmasının qanuna zidd olduğunu bildirmişdir. Başqa sözlə, iddiaçı mübahisəli mənzili qanunla müəyyən edilmiş qaydada əldə etmişdir, lakin "xxxx" MMC tərəfindən digər şəxslərə qanunsuz olaraq satıldıqdan, iddiaçının mənzildən istifadə edə bilmək hüququ məhdudlaşmışdır.
İş materialları :
3. xx.xx.2019-cü il tarixli 364002 saylı müqavilədən görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı ilə ünvan 1 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbəsində ümumi sahəsi 90.4 kv.m olan, 2 otaqlı 364 №-li mənzil hissə-hissə ödənilməsi şərtilə pay kimi verilmişdir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m sahəsi üçün 608 manat təyin edilməklə cəmi 90.4 kv.m sahəsi üçün 55000 (əlli beş min) manat təşkil etdiyi müəyyən edilmişdir.
4. İş materiallarına İddiaçı tərəfindən "xxxx" MMC-yə 01 may 2019-cu ildən 08 aprel 2021-ci il tarixə qədər ödənişlərin aparılmasına dair 26 ədəd arayış əlavə edilmişdir.
5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
6. İddiaçı tərəfindən Bakı şəhəri Nizami rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024cü il tarixli teleqramdan görünür ki, 2(007)-1508/2024 saylı mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları :
7. İddiaçı və cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir.
8. İddiaçı məhkəməyə teleqram vasitəsi ilə müraciət edərək, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
9. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə telqram vasitəsi ilə müraciət edərək, məhkəmədən məhkəmə iclasında işlərin çoxluğu səbəbindən iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının başqa vaxta keçirilməsini xahiş etmişdir.
10. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçı və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq :
11. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarı 2-ci bənd :
Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.2. İşin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi :
13. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır.
14. Belə ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. İddiaçı teleqram vasitəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.
15. Mülki prosessual qanunvericiliyə əsasən hazırlıq icraatında iddiaçının vəsatəti ilə ərizə geri qaytarıla bilər.
16. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli Qərarına əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.
Nəticə :
17. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hazırlıq icraatı mərhələsində iddia ərizəsinin baxılmadan geri qaytarılması barədə müraciət edildiyindən mülki prosessual qanunvericiliyin tələbinə əsasən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.
18. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD: 391629944; qəbzin nömrəsi : 25943; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 13:51) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
Qərara Aldı:
İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “mənzil” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, VÖEN: **********; əməliyyat İD: 391629944; qəbzin nömrəsi : 25943; büdcə səviyyə kodu: 142213; GPP qəbz nömrəsi : **********; tarix: xx.xx.2024, saat: 13:51) dövlət büdcəsindən iddiaçıya qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə informasiya sistemi”ndə yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Starə Əliyeva