Məhkəmə qərarları › İş №e-2(007)-1599/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1599/2024

31.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1599/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 1191,50 manat maddi zərər məbləğinin, 31,92 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 1223,82 manat məbləğində pul vəsaitinin Cavabdeh Cəmiyyətin xeyrinə tutulması və ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində **-LV-*** dövlət qeydiyyat nişanlı “QAZ 3110 MİNİK” markalı avtomobilin sürücüsü Cavabdeh 8 Noyabr prospektində hərəkətdə olarkən manevr qaydalarını pozaraq, İddiaçı MMC-yə məxsus ** JO *** dövlət qeydiyyat nişanlı “BMC Procity Avtobus” markalı avtobusu arxa sol hissədən vurmuş və bununla da yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi zamanı Cavabdeh xəsarət aldığı üçün hadisə yerinə Nizami RPİ-nin aidiyyatı əməkdaşı cəlb edilmiş və müvafiq təhqiqat araşdırmaları aparılmışdır. Araşdırmanın nəticəsi olaraq cavabdeh barəsində “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərar çıxarılmış və cavabdeh inzibati qaydada məsuliyyətə cəlb edilərək barəsində Xətai RPİ-nin DYPŞ-nin Polis X1 tərəfindən xx.xx.2022-ci il tarixli TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar verilmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobus yararsız hala düşmüş və təmir olunması üçün 15 gün müddətində xidmətdən kənar edilmiş xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2022-ci il tarixli 9315 saylı Zərər Aktına əsasən ** JO *** dövlət qeydiyyat nişanlı avtobusa 2586,56 manat maddi zərər dəymişdir. Qeyd etmək istəyir ki, yuxarıda qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində ** LV *** dövlət qeydiyyat nişanlı “QAZ 3110 minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 2586,56 manat zərərdən 1395,06 manat "xxxx" ASC tərəfindən qarşılanaraq ödənilmişdir, lakin qalan 1191,50 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdehlə aparılmış danışıqlar nəticə verməmiş və cavabdeh tərəfindən bu istiqamətdə müsbət addım atılmamışdır.

Tərəflərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 iddia tələbin müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul edir. Yol nəqliyyat hadisəsi 2 il əvvəl olub. İndiyə qədər ondan bu məsələ ilə bağlı vurulmuş ziyan tələb olunmayıb. Buna görə də İddiaçınə dəymiş ziyanın sığorta tərəfindən ödənildiyini düşünürdü. İddiaçınə dəymiş ziyanın ödənilməsinə razıdır.

İş materialları:

5. 11 yanvar 2023-cü il tarixli zərər aktının surətindən görünür ki, “BMC Procity Avtobus” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobusa 2586,56 manat məbləğində zərər dəymişdir.

6. 15 mart 2024-cü il tarixli, 1631 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, 1395,06 manat "xxxx" ASC tərəfindən İddiaçınə ödənilmişdir.

7. 11 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 21:00-da 8 Noyabr prospektində hərəkətdə olarkən “QAZ 3110 MİNİK” markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmnuş inzibati xətanı törətmişdir və 40 manat məbləğində cərimə edilmişdir.

8. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xəsarət alması barədə toplanmış material üzrə cinayət təqibi olmadığlna görə rədd edilmişdir.

9. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 31,92 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir.

İşin faktiki halları:

10. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə 8 Noyabr prospektində hərəkət edərkən “QAZ 3110 MİNİK” markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMC Procity Avtobus” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobus toqquşmuşdur. Cavabdeh İXM-in 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəticədə “BMC Procity Avtobus” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobusa zərər dəymişdir. Sığorta tərəfindən iddiaçıya icbari sığortaya görə 1395,06 manat məbləğində ödəniş edilmişdir. Hazırda iddiaçı 1191,50 manat məbləğində zərərin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi. tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarına əsasən delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. X5 yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslərin daşıması nəticəsinə gəlmişdir.

Məhkəmə baxışının hədləri:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

13. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

14. Məhkəmə qeyd edir ki, “QAZ 3110 minik” markalı ** LV *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “BMC Procity Avtobus” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobusun toqquşması ilə yol-nəqliyyat hadisəsinin baş verməsi, bu zaman iddiaçıya məxsus avtobusun əzilməsi nəticəsində ona maddi zərər vurulması, cavabdehin yolnəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır və cavabdeh tərəfindən etiraf edilir, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbini qəbul edir və iddiaçıya dəymiş ziyanın məbləği ilə razıdır.

15. Məhkəmə iclasında işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericiliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçınə maddi zərər vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi zərərin əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi zərərin əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir.

16. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi zərəri və iş üzrə digər xərcləri ödəməlidir.

17. Dəymiş maddi zərərin həcmi ilə bağlı qeyd edilməlidir ki, 11 yanvar 2023-cü il tarixli zərər aktından görünür ki, “BMC Procity Avtobus” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtobusa 2586,56 manat zərər dəymişdir. Sığorta Şirkəti tərəfindən icbari sığortaya görə 1395,06 manat məbləğində ona zərərin əvəzi ödənilmişdir. Cavabdeh iddiaçıya dəymiş zərərin məbləği ilə bağlı hər hansı narazılığını ifadə etməmişdir və iddia tələbini qəbul etdiyini bildirmişdir.

18. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin iddia tələbini qəbul etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, iddia təmin edilməli, maddi zərərin əvəzi olaraq 1191,50 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

19. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən 31,92 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi 1191,50 manat məbləğində pul, 31,92 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçınə ödənilməlidir.

21. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi 1191,50 manat məbləğində pul, 31,92 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar