Məhkəmə qərarları › İş №e-2(007)-1613/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1613/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1613/2022 07.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASCnin xeyrinə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 5064,94 manat əsas, 287,96 manat faiz borcu olmaqla cəmi 5352,90 manat pul vəsaitinin və 73,52 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən ona illik 20 faiz dərəcəsi ilə 60 ay müddətinə 5267,12 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi isə İddiaçı ASC Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli Zaminlik müqaviləsi bağlamışdır. Bu müqavilənin 1-ci bəndinə əsasən zamin şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərilərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmirlər. Cavabdeh1 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2021-ci il tarixli Kredit müqaviləsinə əsasən 5064,94 manat əsas; 287,96 manat faiz; cəmi 5352,90 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədlər məhkəməyə təqdim edildiyini, iddia ərizələri tam aslı və qanuni olduğunu hesab etdiklərini bildirmiş və iddia ərizəsində qeyd edilənlərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etdiyini bildirdi və qeyd etdi ki, pandemiya oldu, işsiz olduğundan ödəniş etməkdə çətinlik çəkmişdir. Bundan başqa avtomobil qəzası keçirmiş və bankın borcunu ödəyə bilməmişdir. O, banka yaxılaşaraq ödəniş etməsi üçün yeni qrafik açmalarını bildirmiş, onlar da işi məhkəməyə verdiklərini demişdirlər. O, 2021-ci il tarixdə ödənişlər etdiyini, onun da ödəniş qəbzləri ilə banka yaxınlaşmasını bankı nümayəndəsinə də bildirdiyiniqeyd etdi. Həmçinni o bildirdi ki, halhazırda işləyir, yeni qrafik açılarsa ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2021-ci il tariхli, RGTK3409250A102 nömrəli krеdit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 20% dərəcəsi ilə 5267,12 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tariхli, RGTK3409250A102 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuş və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tariхli krеditi müqaviləsinə əsasən əsasən onun İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə 5064,94 manat əsas, 287,96 manat faiz borcu olmaqla, cəmi 5352,90 manat borcu mövcuddur. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 73,52 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tariхli, RGTK3409250A102 nömrəli krеdit müqaviləsinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh1 60 ay müddətinə, illik 20% dərəcəsi ilə 5267,12 manat məbləğində krеdit vеrilmişdir. Cavabdeh1 öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh1 İddiaçı ASC ilə arasından bağlanılmış xx.xx.2021-ci il tariхli, RGTK3409250A102 nömrəli krеdit müqaviləsin üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Bununla da müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Cavabdeh2 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5064,94 manat məbləğində əsas bоrc və 287,96 manat faiz borcu оlmaqla, cəmi 5352,90 (beş min üç yüz əlli iki (.90)) manat borc və 73,52 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5064,94 manat məbləğində əsas bоrc və 287,96 manat faiz borcu оlmaqla, cəmi 5352,90 (beş min üç yüz əlli iki manat doxsan qəpik) manat borc və 73,52 manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar