Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1655/2023 25.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11 fevral 2022-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov qəsəbəsi filialından həmin Bankın apardığı “Bol kart” kompaniyası vasitəsilə 2500 (iki min beş yüz) manat kredit götürmüşdür. Həmin vaxt onun iş yeri olduğuna görə kredit ödənişlərini 6 (altı) ay müddətində ardıcıl olaraq ödəmişdir. Lakin sonradan işdən çıxarıldığı üçün kredit ödənişini ardıcıl ödəyə bilməmişdir. Bu yaxınlarda Bakı şəhəri, Nizami Rayonu İcra və Probasiya Şöbəsi tərəfindən edilən zəng nəticəsində məlum olmuşdur ki, "xxxx" ASC Bakı şəhəri, 30 saylı Notariat Ofisinə müraciət etmiş və həmin Notariat Ofisi tərəfindən 05 aprel 2023-cü il tarixli, 8i – 4376 reyestr nömrəli İcra qeydi tərtib olunmuşdur. Həmin İcra qeydinə əsasən ondan AL/28278/83/14 nömrəli müqaviləyə əsasən vaxtında ödənilməmiş 2916 manat 90 qəpik (iki min doqquz yüz on altı manat, 90 qəpik) əsas borc, 367 manat 93 qəpik (üç yüz altmış yeddi manat, 93 qəpik) məbləğində cərimə, 25 (iyirimi beş) manat məbləğdə dövlət rüsumu olmaqla, cəmi 3309 manat 83 qəpik (üç min üç yüz doqquz manat, 83 qəpik) məbləğdə pul tutulması qeyd edilmişdir. Həmin İcra qeydini aşağıdakılara əsasən qanunsuz və əsassız hesab edir. İcra qeydində göstərilən borc məbləği düzgün hesablanmamışdır. Belə ki, o, işdən çıxdıqdan sonra da kredit üzrə müəyyən ödənişlər həyata keçirmişdir və hazırda da kredit borcunu hissə-hissə ödəməkdədir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Lakin onun belə bir İcra qeydinin tərtib olunmasından ümumiyyətlə xəbəri olmayıb. Bu barədə tələbkar tərəfindən ona heç bir bildiriş verilməyib. Ona bu barədə məlumat İcra və Probasiya şöbəsi tərəfindən, telefon vasitəsilə verilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş 05 aprel 2023-cü il tarixli, 8i–4376 reyestr nömrəli icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olarkən "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Mübahisə predmeti müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçıya icra qeydindən qabaq bildiriş göndərilmişdir. İddiaçı öz ərizəsində icra qeydi aparılacağı ilə bağlı bildiriş vasitəsi ilə məlumatlandırılmadığını iddia etsə də, bank tərəfindən bildiriş xx.xx.2023 -cü il tarixdə ünvan 1 ünvanına göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Nəticə olaraq icra qeydi “Notariat haqqında" qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbəmaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. İddiaçının borcun artıq hesablandığını əsas gətirməsi tələbi isə sırf banka qarşı mübahisədir, bunun notariusa və onun icra qeydinə aidiyyəti yoxdur və iddiaçı real tələbini müəyyən edib, Banka qarşı iddia verməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianı təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC-nin nümayəndəsi X6 etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinun xüsusi notariusu Ə.Əliyev məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/28278/83/14 saylı Kredit Sazişinin surətindən görünür ki, “Bank” X5 7 il müddətinə, illik 25 % dərəcəsi ilə hesablanmaqla, ilkin olaraq 2500 məbləğində kredit xətti açılmışdır. Kredit xəttinin maksimal məbləği 10000 manat müəyyən edilmişdir; - “İcra qeydinin aparılacağı barədə tələbkar "xxxx" ASC tərəfindən borclu X5 göndərilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, borclunun barəsində xx.xx.2021 tarixli, № AL/28278/83/14 saylı, borcun (pul məbləği və ya əmlakın) mübahisəsiz olduğunu təsdiq edən sənəd(lər) mövcuddur. Həmin sənədə görə 85 ay müddətinə, illik 0 faiz olmaqla 2500 Azərbaycan manatı məbləğində kredit götürmüş və öhdəliyi yaranmışdır. xx.xx.2022-ci il tarixdən etibarən qeyd edilən sənədlə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi nəticəsində xx.xx.2023-ci il tarixinə xx.xx.2021-ci tarixli, № AL/28278/83/14 saylı sənəddən irəli gələrək 2499,16 AZN əsas, 375,98 AZN komisyon haqq, 367,93 AZN cərimə borcu tərəflərindən ödənilməlidir. Borc 20 gün müddətində ödənilmədiyi halda "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak (ipoteka predmeti istisna olmaqla) barəsində notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmiş, həmçinin qeyd olunan bildiriş poçt vasitəsilə də borcluya göndərilmiş və bildiriş qaimə üzərində “ünvan bağlıdır, nömrəyə zəng çatmır” məzmununda qeyd edilərək geri qaytarılmışdır; - Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən 05 aprel 2023cü il tarixdə verilmiş icra qeydin surətindəndən görünür ki, "xxxx" ASC- xeyrinə ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı AL/28278/83/14 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2916 manat 90 qəpik (iki min doqquz yüz on altı manat doxsan qəpik) tutulması, borclu İddiaçı 367 manat 93 qəpik (üç yüz altmış yeddi manat doxsan üç qəpik) məbləğində cərimə peniya, tələbkar tərəfindən ödənilmiş 25 manat 00 qəpik (iyirmi beş manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 3309 manat 83 qəpik (üç min üç yüz doqquz manat səksən üç qəpik) pulun tutulması təklif edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AL/28278/83/14 saylı Kredit Sazişinə əsasən X1 7 il müddətinə, illik 25 % dərəcəsi ilə hesablanmaqla, ilkin olaraq 2500 məbləğində kredit xətti açılmış, kredit xəttinin maksimal məbləği 10000 manat müəyyən edilmişdir, borc alan X7 isə qeyd olunan krediti müqavilədə göstərilən şərtlərlə qaytarmağı öz öhdəsinə götürmüşdür. Bank tərəfindən borclu müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etməkdən müxtəlif yollarla yayındığı üçün X7 barəsində icra qeydinin aparılması xahiş edilmişdir. X5 xx.xx.2023-cü il tarixli məktub göndərilmiş və kredit müqaviləsi üzrə borcun 20 gün müddətində qaytarılması xahiş edilmiş, əks təqdirdə kredit müqaviləsində icra qeydi aparılacağı barədə xəbərdar edilmişdir. Həmin bildiriş X4 qeydiyyat ünvanına, hazırda iddia tələbində göstərilən ünvanına göndərilmiş, lakin qapı bağlı olduğu üçün çatdırılmamışdır. Bundan sonra 30 saylı notariat ofisi tərəfindən 05 aprel 2023-cü il tarixdə icra qeydi aparılmışdır. Həmin icra qeydinə əsasən 30 saylı notariat ofisi "xxxx" ASC-nin xeyrinə X3 AL/28278/83/14 saylı müqaviləyə əsaəsn müddət üçün vaxtında ödənilməmiş 2916, 90 manat və 367,93 manat məbləğində cərimə tutulması təklif edilmişdir. Bundan əlavə borcludan tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3309,83 manat pulun tutulması təklif edilmişdir. Hazırda iddiaçı X7 həmin icra qeydinin ləğv edilməsi tələbi ilə məhkəmə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə predmetini təşkil edən icra qeydinin verilməsinə əsas "xxxx" ASC ilə borclu X7 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, AL/28278/83/14 saylı Kredit Sazişi olmuşdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərinə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin Qanunun 79-cu maddəsinə əsasən icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli təqdim olunur. Məhkəmə qeyd edir ki, Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X10 qanunvericiliyin tələblərinə uyğun olaraq "xxxx" ASC-nin təqdim etdiyi sənədlər əsasında, borcun mübahisəsiz olduğunu müəyyənləşdirdirmişdir, "xxxx" ASC isə ödəniş müddətinin keçirilməsi haqqında yazılı bildirişi borcluya göndərmiş, lakin borclu öhdəliyini 20 gün ərzində icra etməmişdir. Bundan sonra, yəni 05 aprel 2023-cü il tarixdə notariat ofisi tərəfindən icra qeydi aparılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X4 “30 saylı notariat ofisinin xüsusi notariusu X8 05 aprel 2023-cü il tarixli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı bank tərəfindən borcunun düzgün hesablanmadığını qeyd etsə də, göstərilən hal icra qeydinin ləğv edilməsi üçün əsas deyil, bankla iddiaçı arasında mövcud olan mübahisədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 qarşı “05 aprel 2023-cü il tarixli, 8i–4376 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X4 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" ASC cəlb edilməklə cavabdeh Bakı şəhəri 30 saylı notariat ofisinin xüsusi notariusu X9 qarşı “05 aprel 2023-cü il tarixli, 8i–4376 reyestr nömrəli icra qeydinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1655/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1655/2023
25.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver