Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-166/2024 01.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-035 saylı Kredit müqaviləsi ləğv edilərək, cəmi 44276,39 (qırx dörd min iki yüz yetmiş altı manat, 39 qəpik) AZN, bundan 20884,84 (iyirmi min səkkiz yüz səksən dörd manat, 84 qəpik) AZN əsas, 23391,55 (iyirmi üç min üç yüz doxsan bir manat, 55 qəpik) AZN faiz borcunun və iş üzrə ödənilmiş 223 (iki yüz iyirmi üç) AZN dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 08 iyul 2010-cu il tarixli Ak-035 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh1 221 (iki yüz iyirmi bir) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 22379,25 (iyirmi iki min üç yüz yetmiş doqquz manat 25 qəpik) AZN məbləğində kredit verilib. Kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. Zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən cavabdeh müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməyib və banka olan kredit üzrə borcunu ödəməyib. Kredit müqaviləsinin 13-cü bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh "xxxx" ASC ilə İddiaçı ASC arasında bağlanmış 08 iyul 2010-cu il tarixli “Zaminlik” müqaviləsinin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki: “Zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır”. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********516 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilib, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməyib. Bank tərəfindən **********560 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-yə göndərilib, cavabdehlər banka heç bir cavab verməyib və kredit borcunun banka qaytarılmasını təmin etməyiblər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyiblər. Nəticədə, xx.xx.2023-cü il tarixə cavabdehlərin banka hesablanmış 20884,84 (iyirmi min səkkiz yüz səksən dörd manat, 84 qəpik) AZN əsas, 23391,55 (iyirmi üç min üç yüz doxsan bir manat, 55 qəpik) AZN faiz, cəmi 44276,39 (qırx dörd min iki yüz yetmiş altı manat, 39 qəpik) AZN borcu yaranıb. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilib. Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraiciət edərək qeyd etmişdir ki, iddianı cavabdeh Akkorda aid hissədə aşağıdakı səbəblərə görə tamamilə əsassız və qanunsuz hesab edirlər. Kreditor İddiaçı ASC-nin “Həyat” filialı ilə borcalan Cavabdeh1 arasında 08 iyul 2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsi bağlanılıb. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Kreditor Borcalana 221 ay müddətinə 22379,25 manat məbləğində kredit verib. Eyni zamanda, 19 iyul 2010-cu il taxdə Kredidor İddiaçı ASC, Zamin "xxxx" ASC və borcalan Cavabdeh1 arasında üçtərəfli Zaminlik müqaviləsi bağlanılıb. 08 iyul 2010-cu il tarixli Zaminlik müqaviləsinin 4.1-ci bəndində qeyd olunur ki, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hesab edirlər ki, Zaminlik müqaviləsinə əsasən Akkordun məsuliyyəti subsidiar məsuliyyət olduğu üçün İddiaçı əvvəlcə əsas borcluya, Cavabdeh1 qarşı tələb irəli sürməli, yalnız borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etdikdən sonra öhdəliyin icra edilməsi ilə bağlı subsidiar məsuliyyət daşıyan zaminə qarşı tələb irəli sürülə bilər. Qanunverici zaminin məsuliyyətinin iki növünü fərqləndirib: birgə məsuliyyət və subsidiar məsuliyyət. Birgə (solidar, latınca “solidus”- tam, bütöv) məsuliyyətin başlıca cəhəti ondan ibarətdir ki, zaminlik müqaviləsi üzrə bu məsuliyyət növü razılaşdırıldığı halda kreditor əsas öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə öz istəyi və mülahizəsi ilə tələbini eyni zamanda həm əsas borcluya, həm də birgə məsuliyyət daşıyan zaminə və ya onlardan birinə qarşı yönəldə bilər. Subsidiar (latınca “subsidiarius” - ehtiyat, yardımçı) məsuliyyət zamanı zaminliklə təminat altına alınmış öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor, ilk növbədə, əsas borcluya qarşı tələb irəli sürməli, onun tərəfindən öhdəliyin icrasının təmin edilməsi üçün mümkün vasitələrdən istifadə etməli, məhkəmədə iddia qaldıraraq borclunun müqavilədən irəli gələn vəzifələrinin məcburi icrasına və (və ya) dəymiş zərərin əvəzinin ödənilməsinə yönəlmiş zəruri hərəkətləri etməlidir. Yalnız bundan sonra öhdəliyin icra edilməsi ilə bağlı tələb subsidiar məsuliyyət daşıyan zaminə qarşı irəli sürülə bilər.” Beləliklə yuxarıda qeyd olunanlara əsasən hesab edirlər ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər "xxxx" ASC-yə və Cavabdeh1 qarşı iddia tələbi "xxxx" ASC-yə aid hissədə əsassız olduğu üçün iddia tələbi həmin hissədə təmin olunmamalıdır. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən təqdim edilmiş etirazla bağlı mülahizələrini məhkəməyə təqdim edərək qeyd etmişdir ki, Kreditorun Borcluya Zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və Zaminin Kreditor qarşısında Borclunun Müqavilə üzrə öz öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsi bağlanıb. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən, Bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının Kreditor qarşısında təminat üsulu Zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin 4.2-ci maddəsinə əsasən, Borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə Kreditorun ilk yazılı müraciətinə əsasən Zamin Borclunun Kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində Kreditora ödəməyi öz öhdəsinə götürür. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış 16 may 2023-ci il tarixli **********560 saylı xəbərdarlıq məktubu ilə 08 iyul 2010-cu il tarixli zaminlik müqaviləsinin yuxarıda qeyd edilmiş bəndinə əsaslanaraq, zamin kimi öhdəliklərinin verinə yetirməsi tələb edilib. Göründüyü kimi iddiaçı tərəfindən həmçinin zaminin subsidiar məsuliyyəti ilə bağlı qavdalara da riayət edilərək, borcludan borcun ödənilməsi tələb edilib, borclu öhdəliyi icra etmədikdən sonra borclu və zaminə qarsı iddia qaldırılıb. Məhkəmə təcrübəsinin vahidliyinin təmin etmək məqsədilə Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci tarixli. 2(102)-3925/2022 saylı qərarı mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-035 saylı Kredit müqaviləsi ləğv edilərək, cəmi 45717,39 (qırx beş min yeddi yüz on yeddi manat 39 qəpik) manat, bundan 20884,84 (iyirmi min səkkiz yüz səksən dörd manat 84 qəpik) manat əsas, 24832,55 (iyirmi dörd min səkkiz yüz otuz iki manat 55 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə etirazla məhkəməyə müraicət edərək qeyd etmişdir ki, mülki iş üzrə iddia tələbi ilə razı deyil. O, xəstə olduğu günə kimi krediti vaxtlıvaxtında ödəyib. Xəstə olmağı barədə şifahi banka məlumat verib, sonra uzun müddət işsiz olduğu üçün kredit ödənişin icra edə bilmədiyini bildirib. Daha sonra qalıq kredit borucunun ödənişini davam etdirilməsini bildirsə də, iddiaçı tərəfindən ona kredit ödənişi ilə bağlı şərait yaradılmayıb. O, hazırda işləyir, əvvəlki məbləğdə, yəni hər ay 250 manat həcmdə kredit ödəniş etməyə hazırdır. Amma kredit üzrə qanunsuz və əsassız hesablanmış cərimə faizləri silinməlidir. Çünki cərimə faizləri süni şəkildə şişirdiblər, əsas məbləğdən daha çoxdur. Belə olan halda, mülki qanunvericiliyin tələbləri pozulub. İddiaçı tərəf hüquqdan sui-istifadə edərək, onun vəziyyətini kəskin şəkildə pislədirən hərəkətlər edib. Qeyd edilələrə əsasən hazırki iddia tələbini qəbul etmir və məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər (nümayəndələri) məhkəmə icasında iştirak etməmişlər. Məhkəmə işə cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadna baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC-nin Həyat filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2010-cu il tarixli, № AK-035 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə 221 ay müddətinə illik 12%-lə 22379,25 manat məbləğində pul vəsaiti verilmişdir. Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə faziləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; - Borcverən İddiaçı ASC, borclu Cavabdeh1 və zamin "xxxx" ASC arasında bağlanmış xx.xx.2010-cu il tarixli, zaminlik müqaviləsindən görünür ki, kreditorla borclu arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən 221 müddətinə borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasını təminatı kimi zamin borclunun öz üzərinə götürdüyü öhdəliyi tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Bu müqavilə ilə müəyyən edilmiş kredit öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zamının öz üzərinə götürdüyü sübsidar məsuliyyətdir. Borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. - "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 4310 nömrəli mənzilin alqı-satqı müqaviləsindən görünür ki, ASC-satıcı Bakı şəhəri, Sabunçu rayonu, 2595-ci məhəllə, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, 7 saylı binanın, 1 blok, 92a saylı 1 otaqdan ibarət, ümumi sahəsi 51,22 kv.m olan mənzili cavabdeh-alıcı Cavabdeh1 satmağı, cavabdeh-alıcı isə mənzilin dəyərini 240 ay müddətində müqavilə ilə müəyyən edilmiş qaydada satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Tərəflərin razılığı ilə mənzilin qiyməti 64810 manat müəyyən edilmişdir; - xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə 20884,84 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 23391,55 manat faiz borcu olmaqla, cəmi 44276,39 manat borcu vardır; - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 20884,84 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 24832,55 manat faiz borcu olmaqla, cəmi 45717,39 manat borcu vardır; - LPO İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2023-ci il tarixli xəbərdarlıqdan görünür ki, hazırda "Aqrarkredit” QSC-yə xx.xx.2023-cü il tarixinə olan borcu 43997,91 manat təşkil edir. Odur ki, qeyd edilənləri nəzərə alaraq ondan xx.xx.2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə cəmi 43997,91 manat borcun 3 gün müddətində "Aqrarkredit” QSC-yə ödənilməsi tələb olunur. Əks təqdirdə kredit müqaviləsinin ləğv edilərək bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılacaqdır; - LPO İddiaçı ASC tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, xx.xx.2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə cəmi 43997,91 manat borcun 3 gün müddətində "Aqrarkredit” QSC-yə ödənilməsi tələb olunur. Əks təqdirdə borcun ödənilməsi barədə tərəflərindən müvafiq məhkəmədə iddia qaldırılacaqdır; - xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il mədaxil qəbzlərindən görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 222,83 manat və 5 manat dövlət rüsumu ödənilmişdir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8664 nömrəli rəyindən görünür ki, hazırkı ekspertiza tətqiqatı zamanı, iş materiallarında olan hesabdab çıxarış məlumatları və xx.xx.2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, Cavabdeh1 xx.xx.2023-cü il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-yə olan borcu 43664,82 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 23178,64 manat təşkil edir; - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/2817 nömrəli rəyindən görünür ki, rəyin tətqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, maliyyə arayışı və xx.xx.2010-cu il tarixli, AK-035 saylı kredit müqaviəsinin şərtlərini əsas götürməklə Cavabdeh1 xx.xx.2023-cü il tariədək (sualda göstərilən tarixədək) banka olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 22960,12 manat. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı ASC-nin arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-035 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 221 (iki yüz iyirmi bir) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 22379,25 (iyirmi iki min üç yüz yetmiş doqquz manat 25 qəpik) AZN məbləğində kredit verilib. Kreditorun borcluya zamindən fərdi yaşayış sahəsinin/mənzilin alınması məqsədi üçün kredit verməsindən və zaminin kreditor qarşısında borclunun müqavilə üzrə öz öhdəliyini təmamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürməsi barədə Bank ilə "xxxx" ASC arasında 08 iyul 2010cu il tarixli zaminlik müqaviləsi bağlanıb. Borcun ödənilməsi barədə Cavabdeh1 və onun zamininə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həlledilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamışdır. Bu səbəbdən məhkəməyə müraciət edilmişdir. Hazırda İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 iyul 2010-cu il tarixli AK-035 saylı Kredit müqaviləsi ləğv edilərək, cəmi 45717,39 (qırx beş min yeddi yüz on yeddi manat 39 qəpik) manat, bundan 20884,84 (iyirmi min səkkiz yüz səksən dörd manat 84 qəpik) manat əsas, 24832,55 (iyirmi dörd min səkkiz yüz otuz iki manat 55 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 223 (iki yüz iyirmi üç) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, müqavilə azadlığı prinsipinə uyğun olaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli, № AK-035 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 22379,25 manat məbləğində kredit verilmiş, cavabdeh isə aldığı krediti 221 ay müddətinə, illik 12 faiz olmaqla ödəməyi öhdəsinə götürsə də, öhdəliyi lazımi qaydada və tam icra etməmiş, nəticədə banka əsas və faiz borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra): 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 "Texnikabank” Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2010-cu il tarixli AK-035 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, "xxxx" ASC Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 iddiaçı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında tam məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinə əsasən, bu müqavilə ilə müəyyən edilən öhdəliklərinin icrasının kreditor qarşısında təminat üsulu zaminin öz üzərinə götürdüyü subsidiar məsuliyyətdir. Hazırda cavabdeh "xxxx" ASC müqavilənin həmin bəndinə əsasən onların subsidar məsuliyyət daşıdığını və iddianın onlara aid hissədə əsassız olduğunu qeyd etmişdir. Məhkəmə cavabdehin etirazını əsassız hesab edərək, qeyd edir ki, həmin müqavilənin 4.2-ci maddəsinə əsasən, borclu davamlı olaraq 60 (altmış) gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini ödəniş qrafiki üzrə ödəmədikdə və ya 12 (on iki) ay ərzində 3 (üç) dəfədən artıq müddətdə ödəməli olduğu əsas və faiz borcu ödənişlərini möhlət müddətindən 5 (beş) gün artıq gecikdirərsə, kreditorun ilk yazılı müraciətinə əsasən zamin borclunun kreditora olan əsas və faiz borcunu 20 (iyirmi) iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 7.4-cü bəndində qeyd edilmişdir ki, Zamin bu müqavilənin 4.2-ci bəndində qeyd olunmuş müddət ərzində borclunun öz üzərinə düşən öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditorun müqavilə üzrə tələblərini tam ödəməyə görə məsuliyyət daşıyır. Belə ki, iddiaçı tərəfindən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə yazılı xəbərdarlıq ünvanlanmış, bu hal Cavabdeh1 tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh1 müqavilənin 4.2-ci bəndinin tələblərinə uyğun müəyyən edilmiş müddətlərdə borcu ödəməmişdir. Bununla bağlı LPO "Texnikabank” ASN-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli məktub ünvanlanaraq xx.xx.2010-cu il tarixli müqavilənin 4.2-ci bəndinə uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi tələb olunmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehlər müştərək qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iddiaçının “08 iyul 2010-cu il tarixli AK-035 saylı kredit müqaviləsinin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, qeyd edildiyimi kimi kredit müqaviləsinə əsasən Cavabdeh1 221 ay müddətinə, xx.xx.2028-ci il tarixinədək, illik 12 faiz ödəmək şərtilə 22379,25 (iyirmi iki min üç yüz yetmiş doqquz manat 25 qəpik) AZN məbləğində kredit verilib. MM-in: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Cavabdeh1 müraciət edərək, borcun ödənilməsi tələb edilmiş, əks halda kredit müqaviləsinin ləğv ediləcəyi və borcun tutulması barədə məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehi xəbərdar etmişdir. Bununla da, iddiaçı öz iradə ifadəsini cavabdehə Cavabdeh1 bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilənin ləğv edilməsi hissəsində təmin edilməməli, kredit müqaviləsi artıq ləğv edilmiş hesab edilməlidir. İş materialların da olan xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 xx.xx.2010-cu il tarixli AK-035 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 20884,84 manat əsas borcu, müqavilə müddəti üçün hesablanmış 24832,55 manat faiz borcu olmaqla, cəmi 45717,39 manat borcu vardır. Məhkəmə araşdırması zamanı Cavabdeh1 faiz borcuna şifahi etirazı nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2023-cü il tarixli 9/8664 nömrəli rəydən görünür ki, xx.xx.2010-cu il tarixli, AK-035 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixinə (maliyyə arayışı üzrə tarixə) əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 23178,64 manat məbləğində müəyyən edilmişdir. Bundan sonra məhkəmə həmin ekspert rəyi ilə razılaşmayaraq, xəbərdarlıq məktubu göndərilən tarixinə borcun müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024cü il tarixli 9/2817 nömrəli rəyin əsasən Cavabdeh1 xx.xx.2023-cü il tariədək (sualda göstərilən tarixədək) banka olan əsas borc üzrə 20486,18 manat, faiz borcu üzrə 22960,12 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə iddia tələbinin əsas və faiz borcuna münasibətdə ekspert rəyini və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə MPM-nin 218.3cü maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən müştərək qaydada 20486,18 manat məbləğində əsas borc və 22960,12 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün tərəfindən 227,83 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-cü il tarixli 9/8664 saylı və xx.xx.2024-cü il tarixli 9/2817 saylı ekspert rəylərindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 245 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 227,83 manat dövlət rüsumunun 11,33 manatı iddiaçıya, 216,50 manatı cavabdehlərə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 245 manatın 12 manatı iddiaçıdan, 233 manatı cavabdehlərdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 20486,18 manat əsas borc, 22960,12 manat faiz borcu, cəmi 43446,3 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 216,50 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli, ödənilmiş dövlət rüsumunun 11,33 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 245 manat məbləğində pulun 12 manatı ləğv prosesində olan İddiaçı ASC-dən və 233 manatı Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada 20486,18 manat əsas borc, 22960,12 manat faiz borcu, cəmi 43446,3 məbləğində kredit borcu və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 216,50 manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 11,33 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 245 manat məbləğində pulun 12 manatı ləğv prosesində olan İddiaçı ASC-dən və 233 manatı Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, Kod 21005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-166/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-166/2024
01.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver