Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1721/2022 13.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı “X1” Bakı filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “X1” Bakı filialının cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “X1" Bakı filialı cavabdehlər Cavabdeh, Zamin1 və Zamin2 qarşı “kredit və kredit borcuna görə hesablanmış faizlərin ödənilməsi” tələbinə dair iddia ərizəsi və iddia həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli iddia tələbində qeyd olunan tələbin artırılaraq Cavabdeh, Zamin2 və Zamin1 8.825,04 manat (Bundan 8.002,79 manat əsas və 822,25 manat isə hesablanmış faiz borcu) kredit borcu və 105,70 manat dövlət rüsumu tutulub «X1» Bakı filialına verilməsi və kredit müqaviləsinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «X1» Bakı filialı ilə Cavabdeh arasında imzalanmış «15» Mart 2021-ci il tarixli 193 nömrəli Kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 19% olmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmən tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi «X1» Bakı filialı ilə Zamin2 arasında 287 saylı və Zamin1 arasında 288 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən «Borcalan» ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq hər ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlərdə daxil olmaqla 366,56 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə «Borcalan» tərəfindən «Kredit müqaviləsi» nin hər hansı bir şərti pozulduqda «Bank» verilmiş krediti Dövlət rüsumunun ödənilməsi haqqında məlumat hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq «Borcalan» xx.xx.2022-ci il tarixə «Bank»a kredit borcu üzrə 4765,28 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2022-ci il tarixə kimi «Borcalan» tərəfindən «Banka»a 3.340,00 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən borcalana kredit müqaviləsi üzrə öhdəliklə yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbardarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, «Borcalan» «Bank»a illik 29% ödəməlidir. 27 Aprel 2022-ci il tarixə cavabdehin «Bank»a olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 8.570,14 manat təşkil edir. Bundan 8.002,79 manat əsas borc və 567,35 manat faiz borcu təşkil edir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciət edilərək, kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi tələb olunsa da, onun tərəfindən bu öhdəliklərin yerinə yetirilməsi üçün heç bir tədbir göstərilməmişdir. Cavabdeh ilə bağlanmış 15 mart 2021-ci il tarixli 193 saylı Kredit müqaviləsinin təminatı olaraq həmin tarixdə Zamin2 arasında 287 saylı və Zamin1 arasında 288 saylı Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə Zamin borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə «Borcalan» zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür. Məhkəmə iclasında “X1” Bakı filialının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər, Cavabdeh, Zamin1 və Zamin2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etdiyini, əsas borclunun özü, digərlərinin zamin olduğunu, onların məhkəmə iclasında iştirak etməmələrinin önəmi olmadığını, zaminlərin borcunu da özünün ödəyəcəyini, zaminlərin burada yaşamadıqlarını, ailəsində problem olduğu üçün son aylarda ödənişi gecikdirdiyini, borcu bir dəfəlik ödəyə bilməyəcəyini, ona imkanı olmadığını, başqa banka da borcu olduğunu, evdə tələbəsi və əsgəri olduğunu, maaşı ilə ödəyəcəyini bildirmiş və ona yeni qrafik açılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “X1” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsindən görünür ki, "Bank” tərəfindən “borcalan”a 36 ay müddətinə, illik 19 faiz olmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - “X1” Bakı filialı ilə Zamin2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 287 saylı, Zamin1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, 288 saylı zaminlik müqavilələrindən görünür ki, Zamin2 və Zamin1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdur və həmin kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdürlər. - “X1” Bakı filialının xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsi üzrə 8002,79 manat əsas borc, 822,25 manat faiz borcu olmaqla, ümumilikdə 8.825,04 manat pul məbləğində borcu vardır. - xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, iddia ərizəsinin verilməsi üçün “X1” Bakı filialı tərəfindən 105,70 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, “X1” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsinə əsasən, "Bank” tərəfindən “borcalan”a 36 ay müddətinə, illik 19 faiz olmaqla, 10.000 manat məbləğində kredit verilmişdir. Həmin razılaşmaya əsasən borcalan kredit məbləğini, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydalarla 36 ay müddətinə istifadə etməli və kreditdən istifadəyə görə Banka illik 19% faiz vəsait ödəməyi öz üzərinə götürmüşdür. Bu kredit müqaviləsinə əsasan yaranmış öhdəliklərin icrasına təminat olaraq Zamin2 xx.xx.2021-ci il tarixli, 287 saylı və Zamin1 xx.xx.2021-ci il tarixli, 288 saylı zaminlik müqavilələrinə əsasən, zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olmuşdurlar. Razılaşmalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı “X1” Bakı filialı ilə bağladığı xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Bununla da müəyyən olundu ki, cavabdehlər Zamin1 və Zamin2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh “X1” Bakı filialı qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən Zamin1 və Zamin2 zaminliklə təmin edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdürlər. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri və digər xərcləri ödəməlidir. Bundan başqa, Cavabdeh tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsi üzrə 8002,79 manat əsas borc, 822,25 manat faiz borcu olmaqla, ümumilikdə 8825,04 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 105,70 manat dövlət rüsumunun əvəzi tutulmalı, “X1” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 193 saylı tarixli kredit müqaviləsi ləğv edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh, Zamin1 və Zamin2 müştərək qaydada xx.xx.2021-ci il tarixli, 193 saylı kredit müqaviləsi üzrə 8002,79 manat əsas borc, 822,25 manat faiz borcu olmaqla, ümumilikdə 8825,04 manat pul məbləği və məhkəməyə müraciət etmək üçün ödənilmiş 105,70 manat dövlət rüsumunun əvəzi tutularaq “X1” Bakı filialına ödənilsin. “X1” Bakı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 193 saylı tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1721/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1721/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver