Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1734/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh "xxxx" ASC-nin xeyrinə 1840.11 manat əsas borc, vəfat etdiyi tarixə 6.39 manat faiz borcu olmaqla, cəmi 1846.5 borc, ödənilmiş 38.47 manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Qaradağ filialı ilə Nəsirov Yengibar Sədi oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli, BPM**********79 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Nəsirov Yengibar Sədi oğluna 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə hesablanmaqla, 2400 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X3 Sədi oğlu xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilən məlumata əsasən Nəsirov Yengibar Sədi oğlunun vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Nəsirov Yengibar Sədi oğlunun banka ödənilməmiş 1840.11 manat əsas borcu, vəfat etdiyi tarixə 6.39 manat faiz borcu olmaqla, cəmi 1846.5 manat borcu qalmışdır. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cəmi 38.47 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Cavabdeh vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.
İş materialları :
3. İddiaçı "xxxx" ASC ilə cavabdeh Nəsirov Yengibar Sədi oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********79 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC Nəsirov Yengibar Sədi oğluna 60 ay müddətinə kreditdən istifadəyə görə illik 25 faiz dərəcəsi ilə ödəmək şərti ilə 2400 manat kredit verməyi, borcalan isə əsas və fazi borcunu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş qrafiki əsasında ödəməyi öhdəsinə götürmüşdür.
4. xx.xx.2018-cü il tarixli BPM**********79 saylı kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən görünür ki, cavabdeh 60 ay müddətinə, xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü ilədək ayda 70.50 manat (son ay 63.78 manat), illik 25 % dərəcəsi ilə ödəmək şərtilə 2400 manat əsas, 1823.28 manat faiz ödəməyi öhdəsinə götürmüşdür.
5. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdeh Nəsirov Yengibar Sədi oğlunun xx.xx.2024-cü il tarixə xx.xx.2018-cü il tarixli kredit müqaviləsi üzrə 559.89 manat əsas borc və 814.34 manat faiz borcundan ödəniş edilmiş, 1840.11 manat əsas borcu, vəfat etdiyi tarixə 6.39 manat faiz borcu olmaqla, cəmi 1846.5 manat borcu vardır.
6. xx.xx.2018-ci il tarixli məxaric orderindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən cavabdeh Nəsirov Yengibar Sədi oğluna 2400 manat məbləğində kredit verilmişdir.
7. xx.xx.2018-ci il tarixdə verilmiş X1 məxsus hesab üzrə xx.xx.2018-xx.xx.2018-ci il tarixləri əhatə edən çıxarışdan görünür ki, hesab üzrə sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə ödəniş edilmişdir.
8. xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş-Nəsirov Yengibar Sədi oğlunun vərəsəsi arvadı – Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.
9. Bakı 5 saylı “Asan Xidmət” X2 tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli AZ İİ seriyalı 047071 nömrəli “ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Nəsirov Yengibar Sədi oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 1360 nömrə ilə qeyd edilmişdir.
10. İddiaçı "xxxx" ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş qrafiki”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. Cavabdehə əri-Nəsirov Sədi Yengibar oğlunun banka 1840.11 manat məbləğində əsas kredit borcu və bu borca müvafiq olaraq hesablanmış faiz məbləğini 7 (yeddi) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq edilmişdir.
11. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 38.87 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, həyat yoldaşı 2019-cu il tarixində vəfat etmişdir. O həayt yoldaşının kredi borcu olduğunu məhkəmə prosesinə dəvət edildiyi zaman məlumatı olmuşdur. Həyat yoldaşı İ Qarabağ müharibəsi zamanı yaralanmışdır, onun başında qəlpə var idi. O, miras olaraq həyat yoldaşı öldükdən sonra dövlət tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə verilən 4400 manat məbləğində birdəfəlik ödənişi qəbul etmişdir.
13. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
14. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh həyat yoldaşı Nəsirov Yengibar Sədi oğlu arasında xx.xx.2018-cü il tarixli, BPM**********79 saylı kredit müqaviləsi bağlanmışdır.
15. Nəsirov Yengibar Sədi oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür.
16. Nəsirov Yengibar Sədi oğlunun vərəsəsi arvadı – Cavabdehdır.
17. Miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.
18. İddiaçı "xxxx" ASC ilə cavabdehin əri Nəsirov Yengibar Sədi oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********79 saylı kredit müqaviləsi üzrə 1840.11 manat əsas borc, vəfat etdiyi tarixə 6.39 manat faiz borcu olmaqla, cəmi 1846.5 manat borc vardır.
Məhkəmə baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
22. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarı.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi :
24. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur.
26. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh əri Nəsirov Yengibar Sədi oğlu arasında xx.xx.2018-ci il tarixli BPM**********79 saylı kredit müqaviləsi bağlanmışdır.
27. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (MM 739.2m) (kredit müqaviləsinin 2023-cü ilin oktyabr ayının 1-dək bağlanılması nəzərə alınmaqla).
28. Mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
29. Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən zəruri şərtlər dedikdə, müqavilənin müddəti, məbləği, faiz dərəcəsi, valyuta vəs. dair şərtlərdir.
30. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh əri Nəsirov Yengibar Sədi oğlu arasında müqavilənin bütün mühüm şərtləri barədə tələb olunan formada razılıq əldə edilmiş etibarlı kredit müqaviləsi bağlanmışdır.
31. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə, hər ay 70.5 manat ödəmək şərtilə 2400 manat məbləğində kredit verilmişdir.
32. Həmçinin işin məhkəmə tərəfindən tədqiq edilmiş halalrı ilə müəyyən edilmişdir ki, Nəsirov Yengibar Sədi oğlu öldüyü vaxtadək (xx.xx.2019-cu il) kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, sonuncu ödənişi xx.xx.2019-cu il tarixdə etmişdir. Lakin o, kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirə bilməmiş, nəticədə onun bank qarşısında icra edilməmiş öhdəliyi qalmışdır.
33. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
34. Belə olan halda iddiaçı "xxxx" ASC ilə tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlik yerinə yetirilərək Cavabdeh əri Nəsirov Yengibar Sədi oğluna kredit verilməsi və həmin kredit müqaviləsi üzrə Nəsirov Yengibar Sədi oğlu tərəfindən öhdəliyin tam şəkildə yerinə yetirilməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən, iddiaçının məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququ mövcuddur.
35. Hazırkı halda isə işin məhkəmə tərəfindən araşdırılaraq qiymət verilməli olan halı iddiaçı "xxxx" ASC-nin həmin pul vəsitinin ödənilməsini Cavabdeh tələb etmək hüququ olub-olmamasının müəyyən edilməsidir.
36. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verərək verilmiş iddia tələbinin üzrə iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilməsini xahiş etmişdir.
37. O məhkəmə iclasında verdiyi izahatda qeyd etmişdir ki, o, Nəsirov Yengibar Sədi oğlunun kredit borcu olduğundan məlumatı olmamışdır. O məhkəmə bildirişini aldıqdan sonra məhkəmə prosesi zamanı Nəsirov Yengibar Sədi oğlunun kredit götürdüyündən və kredit borcu olduğundan məlumatı olmuşdur. Həmçinin qeyd etmişdir ki, onun kredit borcunu ödəmək üçün imkanı yoxdur. Ərinin 2019-cu il tarixdə ölməsinə baxmayaraq 2024-cü ildə ona qarşı iddia qaldırmaqla iddia müddətini ötürmüşlər.
38. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, «iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafıq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”.
39. Məhkəmə Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarını nəzərə alaraq hesab edir ki, iddia müddətinin ötürülməsi ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verməmişdən əvvəl irəli sürülmüş iddia tələbinə hüquqi qiymət verilməlidir. İddia məhkəmə tərəfindən əsassız hesab edildiyi təqdirdə iddia müddətinin tətbiqi barədə ərizəyə də ehtiyac qalmayacaqdır.
40. İddiaçı Cavabdeh qarşı olan iddia tələbini onun Nəsirov Yengibar Sədi oğlunun vərəsəsi olması ilə əsaslandırmışdır.
41. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı olan iddia tələbinin qanuni əsasını Azərbaycan respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsi təşkil edir.
42. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
43. Ona görə də, hazırkı iddia tələbi məhz qeyd edilən dispozisiya şərti baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
44. Qeyd olunmalıdır ki, miras qoyan şəxsə müqabil tərəf vərəsə hesab olunur. Vərəsə dedikdə elə bir şəxs başa düşülür ki, miras qoyanın əmlak hüquq və vəzifələri vərəsəlik qaydasında məhz ona keçir.
45. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir.
46. Bu zaman vərəsə iki cür – qanun üzrə və vəsiyyət üzrə olur.
47. Qanun üzrə vərəsələr qanunda miras qoyanın hüquqi varisləri kimi göstərilən şəxslər başa düşülür. Yəni müəyyən şəxslər qanunda ifadə edilən göstərişə əsasən vərəsə ola bilərlərsə, həmin şəxslərə qanun üzrə vərəsələr deyilir. Bu kateqoriya vərəsələrin olması məhz qanunun birbaşa göstərişi ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.
48. Hazırki iş üzrə Cavabdeh mərhum Nəsirov Yengibar Sədi oğlunun arvadıdır. Bu halı mövcudluğu Mülki Məcəllənin 1159.1.1- ci maddəsinə əsasən cavabdehin mərhum Nəsirov Yengibar Sədi oğlunun birinci növbə vərəsəsi olması statusunu təsdiq edir.
49. İddiaçı cavabdehə qarşı iddia tələbini ona 6 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi əsası ilə irəli sürmüşür.
50. İşin faktiki hallarından görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun ödəniləcək vəsaiti almaq hüququndan ibarətdir.
51. Məlum olduğu kimi miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Mirasın kütləsinə əmlak hüquqları, əmlak vəzifələri, habelə müəyyən şəxsi qeyri-əmlak hüquqları daxildir. Burada əmlak hüquqlarının məcmusu miras aktivi, əmlak vəzifələrinin məcmusu isə miras passivi adlanır. Yəni miras aktiv və passivlərin məcmusundan ibarətdir.
52. Miras aktivi anlayışı daha geniş olub miras qoyanın öldüyü məqama kimi malik olduğu əmlak hüquqlarını özündə birləşdirir. Bura əşya hüquqları, öhdəlik hüquqları müstəsna hallarda əqli mülkiyyət hüquqları və korporativ hüquqlar daxil edilir. Vərəsəlik hüququ haqqında şəhadətnamələr də məhz həmin miras aktivlərinə şamil edilən əmlak hüquqlarına dair verilir.
53. Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud olan və ölən şəxsə mənsub olan əmlakı ifadə edir. Məhz bu adi məntiq və həqiqətə görə də Mülki Məcəllənin 1151.1-ci maddəsində göstərilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Vərəsə isə, miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllənin 1133.1-ci maddəsi).
54. Məhkəmə iclasında cavabdehin veridyi izahata əsasən müəyyən edilmişdir ki, o miras əmlak olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli Fərmanına uyğun olaraq 4400 manat məbləğində pul vəsaiti almışdır.
55. Məhkəmə qeyd edir ki, birdəfəlik kompensasiya məbləğinin mirasın aktivinə daxil edilməsi həmin ödənişlər mirasqoyanın öldüyü məqama kimi sahib olmadığı üçün yolverilməzdir. Çünki ölmüş şəxsin vərəsələrinə yalnız o mülki hüquq və vəzifələr keçə bilər ki, onlar əmlak xarakterli olmaqla, miras qoyanın öldüyü məqamda mövcud olsun. Öz məzmununa görə mülki (əmlak) xarakterə malik olmayan hüquq və vəzifələr - o cümlədən əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələr vərəsəlik əsasında keçməsi mümkünsüzdür.
56. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 dekabr 2022-ci il tarixli Qərarında qeyd edilir ki, Dövlət tərəfindən verilən birdəfəlik ödənişin hüquqi təyinat və məqsədi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının birgə təsərrüfat şəraitində yaşadıqları ailə üzvlərinin məhrum olduqları mənəvi və maddi zərərin qismən də olsa azaldılmasıdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi çərçivəsində görülən əlavə tədbirlərin, xüsusilə birdəfəlik ödəmənin vərəsəlik hüquq münasibətləri ilə əlaqələndirilməsi vərəsəlik institunun mahiyyətinə ziddir.
57. Bu baxımdan, mərhum Nəsirov Yengibar Sədi oğlunun ölümündən sonra sözügedən fərmana əsasən onun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması üçün ödəniləş məbləğ, onun sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyan Nəsirov Yengibar Sədi oğluna məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
58. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı olan iddia tələbinin faktiki halları onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamaqdadır.
59. Konstitusiya Məhkəməsi Plenumunun vərəsələrin məsuliyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
60. Hazırki mülki iş üzrə Cavabdeh vərəsəlik şəhadətnaməsi üzrə əldə etdiyi əmlak hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən birdəfəlik ödəmədən ibarət olduğundan və həmin vəsait miras əmlaka daxil olmadığından iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı olan iddia tələbi təmin edilə bilməz.
61. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbi əsassız olduğundan, təmin edilmədiyindən cavabdeh tərəfindən verilən iddia müddətinin tətbiqi barədə ərizəyə əlavə qiymət verilməsinə ehtiyac yoxdur.
Məhkəmə xərcləri :
62. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 38.47 manat məbləğində dövlət rüsumunun əvəzinin və 0.40 manat xidmət haqqının cavabdehlərdən tutulması tələbini irəli sürmüşdür.
63. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə :
64. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia tələbi rədd edilməlidir.
65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehdan 1840.11 manat əsas borc, vəfat etdiyi tarixə 6.39 manat faiz borcu olmaqla, cəmi 1846.5 borc, ödənilmiş 38.47 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulmasına dair iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 38.47 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva