Məhkəmə qərarları › İş №e-2(007)-1817/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1817/2024

17.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1817/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borcun tutulması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, X2 mirası qəbul etmiş vərəsəsi Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi Cavabdeh1 vasitəsilə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********44 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 2244,70 manat əsas borcun, ödənilmiş 43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********44 saylı Kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən X3 48 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 5300 manat məbləğində kredit verilib. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilib ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №175671 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X4 xx.xx.2021-ci il tarixdə vəfat edib. 4 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin xx.xx.2023-cü il tarixli, 2896 saylı məktubuna əsasən X2 mirası qəbul etmiş vərəsələrinin Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilib. Bankın Mərkəzi filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 2244,70 manat əsas borcu qalıb. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməyib. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehlərə xx.xx.2024-cü il tarixində 6-2-22/2-2795/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncular öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməyiblər.

İş materialları:

3 İddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış xx.xx.2020-ci il tarixli BPM**********44 saylı tam kart çərçivə müqaviləsindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən X3 48 ay müddətinə kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərti ilə 5300 manat kredit verilmişdir.

4. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə xx.xx.2020-ci il tarixli BPM**********44 saylı kredit müqaviləsi üzrə 2244,70 manat əsas borcu vardır.

5. AZ-İİ seriyalı 175671 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 463 nömrə ilə qeyd edilmişdir.

6. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notarial ofisinin xx.xx.2023-cü il tarixli 2896 saylı məktubundan görünür ki, mərhum X2 vəfatı ilə əlaqədar ondan mirası Cavabdeh1 və Cavabdeh2 qəbul etmiş, V-373/2021 saylı vərəsəlik işi açılmış, lakin onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

7. İddiaçı "xxxx" ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanlandığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 2244,70 manat məbləğində borcunun ödənilməsinin 3 (üç) gün ərzində təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişlər.

8. “Azəriqaz” İB-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, idarənin 3 saylı qəza, təmir-bərpa xidmətinin mərhum işçisi yeraltı qaz kəmərlərinin təmiri və istismarı üzrə çilingər X4 üçün vərəsə təyin ediləcək şəxs 6061,97 manat məbləğində pul vəsaiti alacaqdır. Bu vəsaitin 2036,97 manat məbləği xx.xx.2021-ci il tarixində X4 vəfat etdiyi gündən sonra onun əmək haqqı kartına köçürülmüşdür. 4025 manat məbləğində pul vəsaiti isə vərəsənin təqdim edəcəyi bank hesabına köçürüləcəkdir.

9. xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 43 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

Tərəflərin izahatları:

10. İddiaçının nümayəndəsi İmamverdiyeva ərvin Arif qızı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilməsini və iddia tələbimizin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

11. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

12. xx.xx.2024-cü il tarixli məhkəm iclasında Cavabdeh1 ərizə ilə müraciət edərək, iddia tələbini qəbul etdiyini, 2244,70 manat əsas borcu, 43 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqını ödəməyə razı olduğunu qeyd etmişdir.

İşin faktiki halı:

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında xx.xx.2020-ci il tarixli BPM**********44 saylı Kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən X3 48 ay müddətinə kreditdən istifadəyə görə illik 20 faiz ödəmək şərti ilə 5300 manat kredit verilmişdir. X4 qeyd olunan məbləği kredit müqavilələrində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və onlara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməməsinə baxmayaraq, miras əmlakı kimi “Azəriqaz” İB tərəfindən ödəniş edilməli olduğu müəyyən edilmişdir. İddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehlərə müraciət etmiş, lakin cavabdehlər üzərinə düşən öhdəliklərə əməl etməmişdir.

Məhkəmə baxışının hədləri:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

19. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X3 "xxxx" ASC ilə bağladığı xx.xx.2020-ci il tarixli BPM**********44 saylı kredit müqaviləsinə əsasən 48 ay müddətinə müddətinə illik 20 faiz ödəmək şərti ilə 5300 manat məbləğində kredit verilmişdir. X4 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdehlər mərhumdan qalmış mirası qəbul etmişlər. Hazırda Cavabdeh1 məhkəmə iclasında iddia tələbini etiraf etmişdir.

20. Cavabdehlər mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə borcun miras kütləsindən çox olması mübahisələndirilməmiş və ya cavabdehlər borcun mirasdan çox olduğunu sübut edəcək dəlillərini məhkəməyə təqdim etməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən olundu ki, X2 vərəsəsi olan Cavabdeh1 və Cavabdeh2 miras əmlakını qəbul etdiyindən onlar mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc məbləğini ödəməlidirlər.

Məhkəmə xərcləri:

23. İddiaçı "xxxx" ASC ödənilmiş 43 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzinin Cavabdeh1 tutulması tələbini irəli sürmüşdür.

24. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 43 manat məbləğində dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir.

25. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 43 manat məbləğində dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2244,70 manat əsas borc, ödənilmiş 43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulmalıdır.

27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (qanuni nümayəndəsi vasitəsi ilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 2244,70 manat əsas borc, ödənilmiş 43 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının əvəzi tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar