Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1827/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əzimzadə küçəsində qeydiyyatda olan Cavabdeh 1100 (bir min bir yüz) manat məbləğində pul vəsaitinin və ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun iş yoldaşı olmuşdur. O bərkə düşdüyü üçün ona müraciət edərək adına kredit götürməyi və ona pul verməsini xahiş etmişdir. Onun xahişini nəzərə alaraq adına “Kapital Bank”dan illik 24% olmaqla 35 ay müddətinə kredit götürərək ona 1200 manat borc vermişdir. Razılaşmaları əsasında həmin borc üzrə ödənilməli bank faizinidə o ödəməyə söz vermişdir. Pulu xx.xx.2025-ci il tarixində o, onun adına olan **********820381 nömrəli kartına terminal vasitəsilə köçürmüşdür. Köçürmə çekini əlavədə təqdim etmişdir. Ödəniş vaxtı çatanda o, iki dəfə onun kredit hesabına 100 manat olmaqla, cəmi 200 manat pul vurmuşdur. Həmin pulunda yarısı faizə, geri qalanı isə əsas məbləğə silinmişdir. Sonrakı ödəniş vaxtı çatsa da o, müxtəlif bəhanələrlə ödənişdən yayınmışdır. Sonda işçilərin whatsapp qrupunda gedən yazışmalardan məlum olmuşdur ki, Cavabdeh oxşar işlərinə görə işdən çıxarılıb və bir çox onun kimi iş yoldaşlarını aldadıb pulunu mənimsəmişdir. Özü ilə whatsapp vasitəsilə yazışmış və demişdir ki ödəyəcəkdir. Amma ödəməmişdir. Sonra ona bir kart şəkli atmışdır ki, hesabında 27 min pul var. Amma həmin pulu aprel ayında çıxardacağını və borcunu bağlayacağını. Amma buda yalan olmuşdur. Məcbur qalıb Şəki şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin oradan bildiriblər ki, əməl mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməlidir. Məhz buna görədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hal-hazırda onun ona 1100 manat verəcəyi qalmışdır.
İş materialları :
3. İş materiallarına əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, iddiaçı tərəfindən banka xx.xx.2025-ci ildə 82.39 manat, xx.xx.2025-ci ildə 82.39 manat və xx.xx.2025-ci ildə 82.39 manat ödəniş edilmişdir.
4. xx.xx.2025-ci il tarixli, 25626 nömrəli qəbzdən görünür ki, 5213********0381 nömrəli kart hesabına “mpay” vasitəsi ilə 1200 manat məbləğində (12 manat komissiya çıxılmaqla 1188 manat) ödəniş mədaxil edilmişdir.
5. xx.xx.2025-ci il tarixli, 24154 nömrəli və xx.xx.2025-ci il tarixli 19160 nömrəli qəbzlərdən görünür ki, xx.xx.2025-ci il tarixdə 100 manat və xx.xx.2025-ci il tarixdə 102 manat məbləğində kredit ödənişi edilmişdir.
6. İş materiallarına iddiaçı və cavabdeh arasında “whatsapp” sosial tətbiqində olan yazışmalara dair fotoşəkillər əlavə edilmişdir.
7. "xxxx" ASC-nin Məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavabde məktubundan görünür ki, 5213-6571-2682-0381 nömrəli kart xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin Müştəri Xidmətləri Mərkəzində Cavabdeh adına açılmışdır. Həmin hesab üzrə çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixində Cavabdeh adına açılmış hesaba 1188 manat məbləğində vəsait daxil olmuşdur.
8. Şəki şəhər-rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı qaldırdığı məsələnin daxili orqanın səlahiyyətinə aid olmaması səbəbindən ərizəsində göstərilən xüsusatlarla bağlı aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququ izah olunmuşdur.
9. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 31 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və ərizə ilə məhkəməyə müraciət edərək Şəki şəhərindən gəldiyi və iş üçün icazə alıb gələ bilmədiyinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə hazırlıq iclasında cavabdeh ilə telefon vasitəsi ilə video görüntülü əlaqə saxlanılan zaman cavabdeh izahatında iddia tələbindən məlumatlı olduğunu, iddia tələbini qəbul etdiyini bildirmişdir. O, bildirmişdir ki, iddiaçı onun xahişi əsasında kredit götürərək ona 1200 manat məbləğində pul vəsaitini borc vermiş, o isə həmin borcdan 400 manat qaytarmışdır. Qəbzləri saxlamadığı üçün sübutu yoxdur. O, iddiaçı ilə həm kredit məbləğinin, həm də faizlərin ödənilməsi ilə bağlı razılığa gəlmişdir. Lakin sonuncu danışıqlarında iddiaçı faizi istəmədiyini bildirmişdir.
12. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı :
13. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmış və cavabdeh iddiaçı qarşısında öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir.
Məhkəmə baxışının hədləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
Məhkəmənin mövqeyi :
17. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir.
19. Tələbin qanuni əsası dedikdə isə qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh şifahi borc müqaviləsi bağlanmışdır.
21. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehin xahişi əsasında bankdan 1200 manat məbləğində kredit götürərək cavabdehə borc olaraq vermişdir. Tərəflər arasında əldə edilmiş razılığa cavabdeh iddiaçı tərəfindən götürülmüş kredit məbləğinin həm əsas ödəniş hissəsini, həm də faiz hissəsini ödəyəcəkdir. Lakin cavabdeh iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi lazımı qaydada yerinə yetirmədiyindən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1100 manat məbləğində pul vəsaitinin tutulmasını istəyir.
22. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehə məxsus kart hesabına iddiaçı tərəfindən 1200 manat məbləğində pul vəsaiti mədaxil edilmiş, həmin pul vəsaitindən 120 manat komissiya xərci olaraq çıxılmaqla, cavabdehin kart hesabına 1188 manat məbləğində pul vəsaiti daxil olmuşdur.
23. Həmçinin məhkəmə iclasında Cavabdeh ilə telefon vasitəsilə görüntülü əlaqə saxlanılan zaman Cavabdeh iddia tələbini qəbul edərək İddiaçı 1200 manat məbləğində borc aldığını və hazırda iddiaçıya 1100 manat borcu olduğunu qəbul etmişdir.
24. Belə olan halda məhkəmə qeyd etməyi zəruri hesab ki, hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsi təşkil edir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Məhkəmə həmçinin onuda qeyd edir ki, mülki qanunvericiliyə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. (739.2 m).
27. Tərəflərin izahatlarından göründüyü kimi tərəflər arasında bağlanmış borc müqaviləsinin predmetinin məbləği 1200 manat təşkil etmişdir.
28. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır.
29. Cavabdeh aldığı borc məbləğini qaytarmaması cavabdehin etiraf etməsi ilə öz təsdiqini tapdığından iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək borc məbləğin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur.
30. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən iddia tələbindən kənara çıxmamaq şərtilə, qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
31. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehin iddianı etirafı qəbul olunmalıdır.
32. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
33. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən cavadehin iddiaçı qarşısında şifahi borc müqaviləsindən irəli gələn icra edilməmiş öhdəliyi olan 1100 manat borcu iddiaçıya qaytarmalıdır.
Məhkəmə xərcləri :
34. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMnin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
Nəticə :
35. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh 1100 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi təmin edilsin. Cavabdeh 1100 (bir min bir yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 31 (otuz bir) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva