Məhkəmə qərarları › İş №e-2(007)-1833/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1833/2024

28.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1833/2024 28.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Emina Bəhruz qızının katibliyi, "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə,a İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İbrahimov Həmid Xanlar oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1801,70 manat əsas, vəfat etdiyi tarixə 25,82 manat faiz borcu olmaqla 1827,52 manat borcun və ödənilmiş 38,28 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli, e-2(007)- 1833/2024 nömrəli qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barədə e-2(007)-1833/2024 saylı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Nizami filialı ilə İbrahimov Həmid Xanlar oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********66 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən 60 ay müddətinə, illik 29 faiz dərəcəsi ilə hesablanmaqla, 2300 manat məbləğində İbrahimov Həmid Xanlar oğluna kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X8 Xanlar oğlu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 50 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən İbrahimov Həmid Xanlar oğlunun vərəsələri Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən mənzilə dair Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən, İbrahimov Həmid Xanlar oğlunun Banka ödənilməmiş qalan 1801,70 manat əsas, vəfat etdiyi tarixə 25.82 manat faiz borcu olmaqla 1827,52 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 vərəsə kimi müəyyən olunmasına baxmayaraq, "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

Cavabdehin etirazı:

4. Cavabdeh3 və Cavabdeh1 iddia ərizəsinə etiraz edərək bildirmişlər ki, məlum olduğu kimi, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin onlara qarşı cavabdeh İbrahimov Həmid Xanlar oğlunun vərəsələri Cavabdeh3, X1 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 1801,70 manat əsas, vəfat etdiyi tarixə 25,82 manat faiz borcu olmaqla 1827,52 manat borcun və ödənilmiş 38,28 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə iddiası Bakı Şəhər Nizami Rayon Məhkəməsinin icraatındadır. Qarşı tərəf iddia edir ki, ataları İbrahimov Həmid Xanlar oğlu xx.xx.2020-ci ildə vəfat etdikdən sonra ünvan 2 ünvanında yerləşən mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verildiyinə görə sözügedən borc məbləğinə görə məsuliyyət daşıyırlar. Lakin öncədən də dəfələrlə bildirdikləri kimi, 17 dekabr 2021-ci il tarixli “miras payının bağışlanma” müqaviləsinə (Bakı şəhər 50 saylı notariat ofisinin xüsusi notariusu X7 tərəfindən təsdiq edilmişdir) görə, onlar - Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2V-234 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İbrahimov Həmid Xanlar oğlundan miras qalmış əmlakdan hər birinə çatası 1/3 hissədə ümumilikdə 2/3 hissədə paylarını digər vərəsə X2 bağışlamışlar.

Tərəflərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdehlərə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər.

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

8. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

9. "xxxx" ASC-nin Nizami filialı ilə İbrahimov Həmid Xanlar oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsindən görünür ki, İbrahimov Həmid Xanlar oğluna istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29 % ödəmək şərtilə 2300 manat məbləğində kredit verilmişdir.

10. "xxxx" ASC-nin Nizami filialı ilə İbrahimov Həmid Xanlar oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********66 nömrəli müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəlindən görünür ki, hər ayın 30-dan gec olmayaraq 60 ay müddətinə hər ay 73.10 manat, sonuncu ay 60.78 ödəniş etməlidir.

11. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsinə əsasən öhdəlikləri yerinə yetirmədiyi üçün borclunun banka 1801.70 manat əsas və bu borca müvafiq olaraq hesablanan faiz borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 5 gün müddətində yerinə yetirilməsi borcluya təklif edilmişdir. Əks təqdirdə, borc məbləğinin qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir.

12. Maliyyə arayışından görünür ki, İbrahimov Həmid Xanlar oğlunun "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 1801,70 manat əsas, 25,82 manat faiz, cəmi 1827,52 manat borcu vardır.

13. AZ-İİ seriyalı, 109547 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov Həmid Xanlar oğlu 18 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür.

14. “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”nin surətindən görünür ki, İbrahimov Həmid Xanlar oğlunun vərəsələri oğlu-Cavabdeh3, arvadı-Cavabdeh2 və qızı- Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak **********39-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.11 kv.m olan mənzildən ibarətdir.

15. 17 dekabr 2021-ci il tarixli “miras payının bağışlanma” müqaviləsinə görə, Cavabdeh3 və Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 2V-234 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İbrahimov Həmid Xanlar oğlundan miras qalmış əmlakdan hər birinə çatası 1/3 hissədə ümumilikdə 2/3 hissədə paylarını digər vərəsə X2 bağışlamışlar.

16. 09.04.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 38,28 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki "xxxx" ASC-nin Nizami filialı ilə İbrahimov Həmid Xanlar oğlu arasında xx.xx.2018-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən İbrahimov Həmid Xanlar oğluna 2300 manat məbləğində kredit verilmişdir. İbrahimov Həmid Xanlar oğlu qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 60 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X9 Xanlar oğlu 18 sentyabr 2020-ci il tarixdə ölmüşdür və nəticədə kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə əməl etməmişdir. İbrahimov Həmid Xanlar oğlu qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. İbrahimov Həmid Xanlar oğlunun vərəsələri oğlu-Cavabdeh3, arvadı-Cavabdeh2 və qızı-Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından iddiaçı kredit müqaviləsi üzrə qalan borcun Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutulmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar.

19. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi 4 iyun 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Plenumunun Qərarı:

Mülki Məcəllənin 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı:

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.

Məhkəmənin mövqeyi:

21. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də İbrahimov Həmid Xanlar oğlu müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və İbrahimov Həmid Xanlar oğlu müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc və ona hesablanmış faizlər ödənilməlidir.

23. İşin hallarından görünür ki, "xxxx" ASC ilə İbrahimov Həmid Xanlar oğlu arasında qanunla müəyyən olunan qaydada Kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği müqavilə üzrə X8 Xanlar oğluna versə də sonuncu öz öhdəliklərinə əməl etmədən vəfat etmişdir. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 borcalanın qanun üzrə vərəsələri olduqlarından borcalanın miras əmlakı ilə birlikdə borclunun öhdəlikləri üzrə də məsuliyyət daşıyırlar.

24. Belə ki, "xxxx" ASC-nin Nizami filialı ilə İbrahimov Həmid Xanlar oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli BPM**********66 nömrəli kredit müqaviləsinə əsasən 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 2300 manat kredit verilmişdir. Lakin X8 Xanlar oğlu banka olan borcunu tam ödəmədən vəfat etmişdir. İbrahimov Həmid Xanlar oğlunun vərəsələri oğlu-Cavabdeh3, arvadı-Cavabdeh2 və qızı-Cavabdeh1 miras əmlakı qəbul edən vərəsələri olduqlarından borcalanın banka olan borcunu ödəməlidirlər.

25. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar.

26. Konstitusiya Məhkəməsinin Plenumu borclunun ölümü halında mirası qəbul etmiş vərəsələrin miras qoyanın öhdəlikləri üzrə borcluya çevrildiyini nəzərə alaraq hesab edir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar.

27. Həmçinin qanunvericiliyə əsasən borclu öldüyü halda kreditorun vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Göründüyü kimi iddia tələbində borclulardan müştərək qaydada 1827.52 manat məbləğində əsas borcun tutulması xahiş edilir. “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”yə əsasən İbrahimov Həmid Xanlar oğlunun vərəsələri oğlu-Cavabdeh3, arvadı-Cavabdeh2 və qızı- Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Miras əmlak **********39-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.11 kv.m olan mənzildən ibarətdir.

28. Məhkəmə qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlərin qəbul etdikləri miras əmlakın dəyərini müəyyən etmək məqsədi ilə qiymətləndirmə təyin edilməsinə lüzum görməmişdir. Belə ki, İbrahimov Həmid Xanlar oğlundan qalmış miras əmlakın dəyəri açıq-aşkar iddia tələbindən dəfələrlə çoxdur. Odur ki, qiymətləndirmənin keçirilməsi işin lüzumsuz uzadılmasına gətirib çıxardar və prosessual qənaət prinsipinə ziddir.

29. Məhkəmə Cavabdeh3 və Cavabdeh1 öz paylarını anaları Cavabdeh2 bağışlamalarına münasibət bildirərək qeyd edir ki, cavabdehlər miras əmlakı qəbul etmişlər, daha sonra cavabdehlərin miras əmlakı vərəsələrdən birinə bağışlamaları onları miras qoyanın kredit borcunu ödəməkdən azad etmir. Belə ki, qanunvericiliyin tələbinə əsasən mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Etirazdan da göründüyü kimi cavabdehlər onlara çatası miras payı qəbul etmişlər və öz iradələri ilə digər cavabdehə bağışlamışlar.

30. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərdən 1801,70 manat əsas, 25,82 manat faiz borcu olmaqla 1827,52 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmə baxışının hədləri:

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Məhkəmə xərcləri:

32. İddia tələbi təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 38,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə:

33. Beləliklə məhkəmə işin hallarını tam və hərtərəfli araşdırıb iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1801,70 manat əsas, 25,82 manat faiz borcu, ödənilmiş 38,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

34. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1801,70 manat əsas, 25,82 manat faiz borcu, ödənilmiş 38,28 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar