Məhkəmə qərarları › İş №e-2(007)-1860/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1860/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1860/2023 24.11.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Cavabdehlər X1 və X2 qanuni nümayəndəsi Cavabdeh2 və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X2 qanuni nümayəndəsi Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb olunmaqla, “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X2 qanuni nümayəndəsi Cavabdeh2 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 152.8 ay müddətinə 54400 (əlli dörd min dörd yüz manat) manat məbləğində ipoteka krediti verilmişdir. 16 oktyabr 2021-ci il tarixində vəfat etmiş X4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. İpoteka Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinin 177 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində (reyestr nömrəsi **********41-05303-093009, qeydiyyat nömrəsi **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Məcəllə) 1134.1.-cü maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Eyni zamanda bildiririk ki, Məcəllənin 1151.1 -ci maddəsinə əsasən mərhum X4 yuxarıda istinad edilən müqavilənin şərtlərinə əsasən əldə etdiyi əmlak miras toplusuna daxildir. xx.xx.2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün mərhumun ailə üzvlərinə xx.xx.2023-cü il tarixli 6-3/07/05-196/2023 saylı pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. xx.xx.2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas borcu 54400 (əlli dörd min dörd yüz manat) manat, faiz borcu 7936.13 (yeddi min doqquz yüz otuz altı manat 13 qəpik) manat təşkil edir. İş materiallarına əlavə olunmuş AZ-İİ №213558 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 1.10.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin internet saytından əldə edilmiş məlumata əsasən vərəsəlik işinin açılması aşkarlanmamışdır. Bununla da cavabdehin vərəsələrindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli, 6-3/07/05-195 saylı pretenziya (xəbərdarlıq) məktubu, o cümlədən, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xx.xx.2023-cü il tarixli, 6-3/xx/xx-1211 saylı bildiriş də cavabsız qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 54400 (əlli dörd min dörd yüz manat) manat əsas, 7936.13 (yeddi min doqquz yüz otuz altı manat 13 qəpik) manat faiz, cəmi 62336.13 (altmış iki min üç yüz otuz altı manat on üç qəpik) manat pul, bildirişin ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi İdarəsi qeydiyyatı ilə bağlı 45 (qırx beş) manat ödəniş tutulması, İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi, tutma ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi, ipoteka predmeti açıq hərrac vasitəsilə satılması və bankın kredit tələbi satılmış əmlakın hesabına ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda cavabdehlər və digər şəxslərin 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və “Elekton kabinet” vasitəsilə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyib, izahatında bildirdi ki, ipoteka predmeti olan mənzil "xxxx" ASC-də yüz faiz həcmində sığortalanmışdır. Buna görə də, hazırkı iddia tamamilə əsassız bir iddiadır. Bank göstərilən halı araşdırmamışdır. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil eyni məzmunlu izahat verdi və iddianın əsassız olduğundan rədd edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə həmin nümayənlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə X4 arasında bağlanmış 06 oktyabr 2021-ci il tarixli, 180/21 saylı kredit, ipoteka və alqı-satqı müqavilələrindən görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 152.8 ay müddətinə 54400 (əlli dörd min dörd yüz manat) manat məbləğində ipoteka krediti verilmişdir. X4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. - Məhkəmənin sorğusu əsasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli, ******* nömrəli İpoteka Krediti üzrə Borcalanın həyat sığortası şəhadətnaməsindən görünür ki, Sığortalı X3 ərizəsi əsasında sonuncuya Sığortaçı "xxxx" ASC tərəfindən sığorta şəhadətnaməsi verilmişdir. Faydalanan şəxs- Sığorta hadisəsinin baş vermə tarixinə sığorta olunanın kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği həcmində Azər-Türk Bank ASC, təkrar maliyyələşdirmədən sonra Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu; Sığorta təminatı- “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarının 5-ci bəndinə əsasən məhdudiyyətlər nəzərə alınmaqla aşağıdakılara təminat verilir: Sığorta olunanın ölməsi- Xəstəlik və ya bədbəxt hadisə nəticəsində İ, İİ və İİİ dərəcəli əlilliyin təyin edilməsi; Sığorta məbləği- xx.xx.2021-ci il tarixli (1243259) Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 54.400,00 AZN təşkil edir. Növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun olaraq müəyyən edilir. Sığorta müddəti- Yerli vaxtla xx.xx.2021-ci il saat 24.00-dan, xx.xx.2034-cü il saat 24.00-dək müəyyən edilmişdir. Sığorta ödənişinin həddi isə Sığorta olunanın istənilən səbəbdən ölümü halında sığorta ödənişinin həcmi qalıq borc məbləğinin 100,00%-i həcmində müəyyən edilmişdir. - AZ-İİ seriyalı 213558 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə ürək çatışmazlığından vəfat etmişdir. - İddiaçı ASC tərəfindən cavabdehlərə ünvanlanmış 16 fevral 2023-cü il tarixli Pretenziyadan görünür ki, cavabdehlər yaranmış borcun ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi verilərkən İddiaçı ASC tərəfindən 276.61 manat dövlət rüsumu ödənilmişdir; Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 152.8 ay müddətinə 54400 (əlli dörd min dörd yüz manat) manat məbləğində ipoteka krediti verilmişdir. 16 oktyabr 2021-ci il tarixində vəfat etmiş X4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. İpoteka Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Ərazi İdarəsinin 177 nömrəli reyestr kitabının 43 nömrəli vərəqində (reyestr nömrəsi **********41-05303-093009, qeydiyyat nömrəsi **********) xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə öhdəliklər vaxtlı-vaxtında yerinə yetirilmədiyi üçün mərhumun ailə üzvlərinə xx.xx.2023-cü il tarixli 6-3/07/05-196/2023 saylı pretenziya məktubu göndərilmiş və bunun heç bir nəticəsi olmamışdır. xx.xx.2021-ci il tarixli 180/21 saylı Kredit Müqaviləsi üzrə xx.xx.2023cü il tarixinə əsas borcu 54400 (əlli dörd min dörd yüz manat) manat, faiz borcu 7936.13 (yeddi min doqquz yüz otuz altı manat 13 qəpik) manat təşkil edir. Hazırda isə iddiaçı qeyd olunan borc məbləğinin cavabdehlərdən tutulmasını, tutmanın ipoteka predmetinə yönəldilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 317.1-ci maddəsinə əsasən, “əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər”. 319.1-ci maddəsinə əsasən, “Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir”. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 59.3-cü maddəsinə görə İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşma çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 180/21 saylı kredit müqaviləsinə əsasən təminatlılıq əsasında 152.8 ay müddətinə 54400 (əlli dörd min dörd yüz manat) manat məbləğində ipoteka krediti verilmişdir. X4 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin şərtlərinə əsasən əldə edilmiş ünvan 1 ünvanında yerləşən əmlak qanunvericiliklə müəyyən olunmuş qaydada ipoteka predmeti olaraq yüklü edilmişdir. Bundan sonra, xx.xx.2021-ci ildə X4 ərizə ilə "xxxx" ASC-yə müraciət etmiş və ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən, sığorta məbləği xx.xx.2021-ci il tarixli (1243259) Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 54.400,00 AZN təşkil etməklə, sığorta müddəti xx.xx.2034cü il saat 24.00-dək müəyyən edilməklə, "xxxx" ASC ilə sığorta ödənişinin həcmi Sığorta olunanın istənilən səbəbdən ölümü halında qalıq borc məbləğinin 100,00%-i həcmində müəyyən edilmişdir, hansı ki, iddiaçının hazırkı tələbinin əsasını da qeyd olunan sığortalanmış məbləğ təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan həyat sığortasının müddəaları nəzərə alınmaqla, iddiaçının hazırkı cavabdehlərə olan tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X2 qanuni nümayəndəsi Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb olunmaqla, “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və X2 qanuni nümayəndəsi Cavabdeh2 qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankı və Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu cəlb olunmaqla, “kredit borcunun tutulması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı ASC-yə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar