Məhkəmə qərarları › İş №e-2(007)-1886/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1886/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1886/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5416.9 manat, faiz borcuna görə 523.57 manat, dəbbə borcuna görə 388.7 manat, cəmi 6329.17 manat məbləğində pulun və 84 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Baş ofisi ilə Cavabdeh arasında bağlanmış 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinə əsasən illik 16.5% faiz dərəcəsi olmaqla 29 ay müddətinə 6600 manat məbləğində cavabdehə kredit verilmişdir. 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dan gec olmayaraq hər ay 277.51 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5416.9 manat, faiz borcuna görə 523.57 manat, dəbbə borcuna görə 388.7 manat, cəmi 6329,17 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdeh 17 mart 2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5416.9 manat, faiz borcuna görə 523.57 manat, dəbbə borcuna görə 388.7 manat, cəmi 6329.17 manat pul tutulmalıdır.

İş materialları :

3. xx.xx.2023-cü il tarixli ərizə-anket nümunəsində görünür ki, Cavabdeh 16.5 faiz dərəcəsi ilə 6600 manat məbləğində kredit verilməsi üçün İddiaçı ASC-yə müraciət etmişdir.

4. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh şəxsi istehlak məqsədi üçün illik 16.5 % faiz dərəcəsi ilə 29 ay müddətinə, rəsmiləşdirmə komissiyası 99 manat olmaqla, 6600 manat məbləğində krediti borcalanın cari hesabına köçürülmə vasitəsi ilə verməyi, borcalan isə həmin krediti xx.xx.2025-ci il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür.

5. xx.xx.2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə uyğun olaraq 29 ay müdətinə, illik 16.5 % faiz dərəcəsi ilə, ayda 277.51 manat (sonuncu ay 277.82 manat) ödəmək şərti ilə, xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-ci il tarixinədək 6600 manat məbləğində əsas borc ödənişi və 1448.10 manat faiz ödənişi etməyi öhdəsinə götürmüşdür.

6. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəzinə məxaric orderinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixində 6600 manat məbləğində kredit verilmişdir.

7. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbləri pozulmuş, kredit ödənişləri müqavilənin tərkib hissəsi hesab edilən ödəniş cədvəlinə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə olan borc qalığı 5416.90 manat əsas borc, 501.25 manat faiz borcu, 307.61 manat cərimə borcu olmaqla, cəmi 6225.76 manat borcu olmuşdur. Cavabdeh 3 iş günü müddətində borcun Banka ödənilməsi, əks təqdirdə müqavilənin şərtlərinə əsasən, həmin borcun tərəfindən ödənilməsi üçün qanunamüvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər.

8. İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RBNPU- 11172 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə 5416.90 manat əsas borc, 523.57 manat faiz borcu, 388.70 manat cərimə borcu olmaqla, cəmi 6329.17 manat borcu vardır.

9. xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzinə əsasən müəyyən olunur ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 84 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir.

10. Cavabdeh məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı ASC-yə 5416.90 manat əsas və 523.57 manat faiz borcu olduğunu qəbul etmişdir.

Tərəflərin izahatları :

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, ödəniş edə bilməməsinin səbəbi işdən ixtisara düşərək çıxarılması və həmin tarixlərdə övladının olması olmuşdur. Hal-hazırda özünə iş axtarır və işə başlayan kimi yaranmış borca görə ödənişlər edəcəkdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.

13. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İşin faktiki halı :

14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsinin bağlanması və cavabdehin kredit müqaviləsi üzrə irəli gələn öhdəlikləri lazımi qaydada yerinə yetirilməməsi hazırki mülki işin mübahisəsiz halıdır.

15. Məhkəmə həmçinin qeyd edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli, RBNPU- 11172 saylı kredit müqaviləsinin bağlanılmasından irəli gələn öhdəlik hüquq münasibətinə Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır.

Məhkəmə baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq :

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :

739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi :

19. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki qanunvericiliyinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (MM 739.2).

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir.

22. İş materiallarına (müqavilə, ödəniş qrafiki, kassa məxaric orderi) əsasən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, RBNPU- 11172 saylı kredit müqaviləsi üzrə öhdəlik yerinə yetirilərək Cavabdeh 29 ay müddətinə (xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2025-cı il tarixədək), illik 16.5 % ödəmək şərtilə 6600 manat məbləğində kredit verilmişdir. Lakin iş materiallarına (maliyyə arayışı) və özünün etirafına əsasən müəyyən olunmuşdur ki, Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca, yəni vaxtında, ödəniş qrafikinə uyğun yerinə yetirməmişdir.

23. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

24. Belə olan halda məhkəmə qeyd edir ki, Cavabdeh öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

25. Həmçinin məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

26. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

27. İddiaçı ASC-nin Cavabdeh ünvanlandırdığı xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə, 501.25 manat məbləğində) tələb edə bilər.

28. Belə olan halda məhkəmə qeyd edir ki, ki, məhkəmə Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddiaçının əsas borca görə 5416.90 manat və faiz borcu qismində 501.25 manat tutulmasını tələbini əsaslı hesab edir.

29. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur

30. Məhkəmə Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli borcu etiraf etməsinə dair ərizəsinə münasibət bildirirək qeyd edir ki, cavabdehin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.

31. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

32. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

33. Məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edildiyi üçün İddiaçı ASC-nin iddia tələbi əsaslıdır cə cavabdehdən 5416.90 manat əsas borc və 501.25 manat faiz borcu tutulmalıdır.

34. Həmçinin İddiaçı ASC Cavabdeh 388.70 manat məbləğində cərimənin tutulması tələbini irəli sürmüşdür.

35. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, 388.70 manat təşkil edən cərimə məbləğinin 10 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir.

Məhkəmə xərcləri :

36. İddiaçı ASC ödənilmiş 84 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutulması tələbini irəli sürmüşdür.

37. İş materiallarına əsasən müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, ********** saylı mədaxil qəbzi üzrə, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 84 manat dövlət rüsumu ödənilmişdir.

38. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 84 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə :

39. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsi üzrə 5416.9 manat əsas borc, 501.25 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5928.15 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, RBNPU-11172 saylı kredit müqaviləsi üzrə 5416.9 manat əsas borc, 501.25 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 5928.15 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin hesabına ödənilsin. İddiaçı ASC ASC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar