Məhkəmə qərarları › İş №e-2(007)-1887/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1887/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1887/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “borc” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh (X2 qanun üzrə vərəsəsi) xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 9497,66 AZN, kreditdən istifadəyə görə faiz borcu 228,78 AZN, cərimə borcu 132,69 AZN, cəmi 9859,13 AZN məbləğində pulun və 119 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə borclu X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 14% olmaqla 36 ay müddətinə 15000 manat məbləğində cavabdehə kredit verilib. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsinə görə, cavabdeh öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməyib. Təqdim olunan maliyyə arayışına əsasən xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsi üzrə borcun məbləği əsas borcuna görə 9497,66 AZN, kreditdən istifadəyə görə faiz borcu 228,78 AZN, cərimə borcu 132,69 AZN, cəmi 9859,13 təşkil edir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzi Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli Ölüm haqqında şəhadətnaməsinə əsasən, X4 xx.xx.2023-cü ildə vəfat edib. Hazırda Bank Azərbaycan Respublikası MM-nin 1306.1. madddəsinə (vərəsələrin kreditorlar qarşısında məsuliyyəti) əsaslanaraq, borclu X2 xx.xx.2023-cü ildə vəfat etdiyini nəzərə alaraq, onun yuxarıda adı çəkilən xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsinə görə borcunu onun qanun üzrə 1-ci dərəcəli vərəsəsindən tələb edir. Bakı şəhəri 52 saylı notariat ofisinin sorğumuza verdiyi cavab məktubu ilə xx.xx.2024-cü il tarixli 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surəti göndərilib. xx.xx.2024-cü il tarixli 2V-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən borclunun qanun üzrə vərəsəsi Cavabdehdır. Bu səbəbdən xx.xx.2022-ci il tarixli, SHNPU- 10115 saylı kredit müqaviləsi üzrə qalıq borc tam şəkildə X2 qanun üzrə vərəsəsi Cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 1306.1-ci maddəsinə qeyd edilir ki, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərinin hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunanlara əsasən Cavabdeh (X2 qanun üzrə vərəsəsi) xx.xx.2022-ci il tarixli, SHNPU-10115 saylı kredit müqaviləsi üzrə əsas borca görə əsas borcuna görə 9497,66 AZN, kreditdən istifadəyə görə faiz borcu 228,78 AZN, cərimə borcu 132,69 AZN, cəmi 9859,13 AZN məbləğində pul tutulmalıdır.

Cavabdehin etirazı və ona dəlilləri:

3. Cavabdeh xx.xx.2025-ci il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, aşağıda qeyd edilənlər baxımından iddiaçının iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Əvvəla, onu bildirir ki, mərhum oğlu X4 xx.xx.2023-cü il tarixində vəfat etdikdən sonra onun vərəsəsi kimi tanınmayıb və onun adına heç bir vərəsəlik şəhadətnaməsi verilməyib. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İş materialları:

4. İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHNPU-10115 saylı razılaşmadan görünür ki, İddiaçı ASC tərəfindən X3 36 ay müddətinə kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir.

5. İddiaçı ASC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci il tarixə xx.xx.2022-ci il tarixli SHNPU-10115 saylı kredit müqaviləsi üzrə 9497,66 manat əsas, 228,78 manat faiz borcu, 132,69 manat cərimə olmaqla, cəmi 9859,13 manat borcu vardır.

6. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 564 nömrə ilə qeyd edilmişdir.

7. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan 1/1 tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-258174/2023 nömrəli məktubuna əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 11000 (on bir min) manat icbari sığorta ödənişindən ibarətdir.

8. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan 1/1 tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7031 nömrəli məktubuna əsasən 991,67 manat birdəfəlik pul mükafatından ibarətdir.

9. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan 1/1 tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7090 nömrəli məktubuna əsasən 2574,55 manat əşya əmlak əvəzinə pul mükafatından ibarətdir.

10. İddiaçı ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehlə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 9497,66 manat əsas, 228,78 manat faiz, 132,69 manat cərimə olmaqla, cəmi 9859,13 manat məbləğində borcunun ödənilməsinin təmin etməsi təklif edilmiş, əks halda qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görüləcəyinə dair xəbərdarlıq edilmişdir.

11. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli 85/6484 saylı məktubdan görünür ki, 52 nömrəli Notariat ofisinə ünvanladığı 7031 nömrəli məktubda qeyd edilmiş 991,67 manat vəsait qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatıdır və ödəniş qaydaları Azərbaycan Respublikası Müdafiə Nazirinin 22 nömrəli 19 oktyabr 2017-ci il tarixli Qərarının 27.2-ci bəndinə əsasən müəyyən edilir. Həmin qərarın 10-cu maddəsinin 10.1-ci bəndinə əsasən hərbi qulluqçu vəfat etdikdə onun yaşadığı zaman hüququ olduğu, lakin almadığı birdəfəlik xarakterli pul təminatı (birdəfəlik pul mükafatı) onunla birgə yaşayan ailə üzvlərinə ödənilir. Eləcə də, 7090 nömrəli məktubda qeyd edilən 2574,55 manat əşya əmlak əvəzinə pul kompensasiyası Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 nömrəli 29 avqust 2016-cı il tarixli Qərarının 14-cü fəslinin 14.1-ci bəndinə əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyasıdır və 14.2 bəndinə əsasən vəfat etmiş hərbi qulluqçuya verilməli olan əşya əmlakının əvəzinə pul kompensasiyası onun varislərinə verilir.

12. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2025-ci il tarixli 9/3688 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ASC ilə “X5” oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHNPU-10115 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2023-cü il tarixə (1-ci sualda soruşulan tarixə) və xx.xx.2025-ci il tarixə (2-ci sualda sroruşulan tarixə) banka olan borcu aşağıdakı kimi müəyyən edilir. O cümlədən: xx.xx.2023 cü il tarixə (1-ci sualda soruşulan tarixə): əsas borc üzrə 9.868,77 manat, faiz borcu üzrə 15,35 manat; xx.xx.2025-ci il tarixə (2-ci sualda soruşulan tarixə): əsas borc üzrə 9481,59 manat, faiz borcu zrə 1961,33 manat.

13. "xxxx" ASC-nin 49 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-yə (VÖEN-**********) müraciət edərək, qəbirüstü abidə hazırlanması üçün sifariş vermişdir. Sifarişə əsasən mərhum X2 qəbirüstü abidəsi qara qranitdən hazırlanıb, Yasamal rayonu qəbirstanlığında quraşdırılıb. Sifarişin tam dəyəri 3000 (üç min) manata və quraşdırma işləri isə 1500 (bir min beş yüz) manata razılaşdırılıb. Həmin sifarişin dəyəri sifarişçi Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə 4500 (dörd min beş yüz) manat məbləğində tam olaraq ödənilib.

14. xx.xx.2025-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 119 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

15 İddiaçının nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraicət edərək, mülki işə iştirakları olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir.

17. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

18. Məhkəmə iclaslarında iştirak etmişd cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizanın təyin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, mərhum zabit olub, 44 günlük Vətən Müharibəsində iştirak edib. Ölüm haqqında şəhadətnaməni aldıqdan sonra borcla əlaqədar "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə gedib, ölüm haqqında şəhadətnaməni verəndə bankın işçiləri ona borcu siləcəkələrini bildiriblər. Ona görə də, borcu ödəməyib. Mərhumun ölümü ilə əlaqədar əldə etdiyi pul başqa xərclərin və borcların ödənilməsinə sərf olunub. Mərhuma verilən pulu qəbul edib. Mərhuma qalan pul, hərbiçilərə əmək haqqı kimi ödənilən, geyim pulu və dəfn üçün müavinət idi.

İşin faktiki halı:

19. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında xx.xx.2022-ci il tarixli SHNPU-10115 saylı Kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən X3 36 ay müddətinə kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. X4 qeyd olunan məbləği kredit müqaviləsində göstərilən müddətədək geri qaytarmağı öhdəsinə götürmüşdür. X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun atası Cavabdeh vərəsəlik işinin açılmasına dair notariat ofisinə müraciət etmiş və o, miras əmlaklarına, yəni Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023cü il tarixli, 3-17-1/2-258174/2023 nömrəli məktubuna əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 11000 (on bir min) manat icbari sığorta ödənişi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7031 nömrəli məktubuna əsasən 991,67 manat birdəfəlik pul mükafatı və xx.xx.2023-cü il tarixli 7090 nömrəli məktubuna əsasən 2574,55 manat əşya əmlak əvəzinə pul mükafatına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr almışdır. Bundan sonra iddiaçı yaranmış borcun ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliklərə əməl etməmişdir.

Məhkəmə baxışının hədləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir.

Məhkəmənin mövqeyi:

23. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

24. Müqavilə azadlığı prinsipinə uyğun olaraq, X3 İddiaçı ASC ilə bağladığı xx.xx.2022-ci il tarixli SHNPU-10115 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə kreditdən istifadəyə görə illik 14 faiz ödəmək şərti ilə 15000 manat kredit verilmişdir. X4 isə aldığı krediti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun atası Cavabdeh miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələr almışdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

26. Cavabdeh mirası qəbul etdiyindən iddia üzrə tutulmalı olan borc da qəbul edilmiş miras həddində tutulmalıdır. Hazırda isə miras kütləsi mübahisələndirilmişdir.

27. Məhkəmə miras qalmış əmlaklara münasibətdə qeyd edir ki, Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə ölmüş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli, 3-17-1/2-258174/2023 nömrəli məktubuna əsasən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş 11000 (on bir min) manat icbari sığorta ödənişindən tam hissədə irs almışdır.

28. ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.5-ci maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 dekabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.

29. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.

30. On bir min manat məbləğində birdəfəlik ödəmə isə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ölümü ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.

31. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 11000 (on bir min) manat icbari sığorta ödənişi miras əmlak sayılmır.

32. Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən X2 vərəsəsi atası Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7031 nömrəli məktubuna əsasən 991,67 manat birdəfəlik pul mükafat və xx.xx.2023-cü il tarixli 7090 nömrəli məktubuna əsasən 2574,55 manat əşya əmlak əvəzinə pul mükafatını tam hissədə irs almışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 991,67 manat vəsait qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və qüsursuz hərbi intizama görə birdəfəlik pul mükafatıdır və 2574,55 manat əşya əmlak əvəzinə pul kompensasiyası Azərbaycan Respublikası Müdafiə Nazirinin 15 nömrəli 29 avqust 2016-cı il tarixli Qərarının 14-cü fəslinin 14.1-ci bəndinə əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyasıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin əmlaklar miras qoyanın öldüyü anadək mövcud olduğundan və ona mənsub olduğundan miras əmlaklarıdır.

33. Göründüyü kimi, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən ümumilikdə 3566,22 (991,67+2574,55) manat miras əmlakının qəbul olunduğu müəyyən edilmişdir.

34. Həmçinin, müəyyən edilmişdir ki, mərhum olan Cavabdeh subay olmuş, ölümündən sonra cavabdeh tərəfindən başqa bir əmlakın miras kimi qəbul edilməsi halı aşkar olunmamışdır.

35. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh qəbul edilən miras həddi həcmində, yəni 3566,22 manat məbləğində mərhumun öhdəliyi üçün məsuliyyət daşıyır.

36. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə 9497,66 manat əsas, 228,78 manat faiz borcu, 132,69 manat cərimə borcu olmaqla, cəmi 9859,13 manat borcu vardır.

37. Məhkəmə araşdırması zamanı cavabdehin yazılı ərizəsini nəzərə alınaraq iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və xx.xx.2025-ci il tarixli 9/3688 nömrəli rəydən görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli SHNPU- 10115 saylı kredit müqaviləsinin şərtləri üzrə xx.xx.2025-ci il tarixə (bildiriş göndərilən tarixə) banka olan əsas borcu 9481,59 manat, faiz borcu 1961,33 manat məbləğində müəyyən edilmişdir.

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 39.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.

40. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

41. Məhkəmə ekspert rəyini nəzərə alaraq, iddia tələbindən kənara çıxmamaq şərtilə hesab edir ki, X2 9481,59 manat əsas, 228,78 manat faiz borcu müəyyən edilmişdir.

42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunur ki, dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər.

43. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə cərimə məbləğinin cavabdehdən tutulması tələbini irəli sürsə də, cərimə borcunun cavabdehin təqsiri nəticəsində yarandığını sübut edə bilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.

44. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını, kredit müqaviləsi üzrə X2 9481,59 manat əsas, 228,78 manat faiz borcu olduğunu, cavabdehin 3566,22 manat həddində öhdəlik daşımasını nəzərə alaraq hesab edir ki, vərəsə olan Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3337,44 (3566,22-228,78) manat əsas, 228,78 manat faiz borcu olmaqla, cəmi 3566,22 manat məbləğində borc tutulmalıdır.

Məhkəmə xərcləri:

45. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 119 manat dövlət rüsumu ödənilmişdir.

46. Bundan əlavə, işdə olan xx.xx.2025-ci il tarixli 9/3688 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

47. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 119 manat dövlət rüsumunun 76 manatı iddiaçıya, 43 manatı Cavabdeh aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatın 63,8 manatı iddiaçıdan, 36,2 manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

Nəticə:

48. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3337,44 manat əsas, 228,78 manat faiz borcu olmaqla, cəmi 3566,22 manat məbləğində borc, ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi tutulmalı, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 76 manatı iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 36,2 manatı Cavabdeh və 63,8 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 3337,44 manat əsas, 228,78 manat faiz borcu olmaqla, cəmi 3566,22 manat məbləğində borc, ödənilmiş 43 manat dövlət rüsumunun əvəzi tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 76 manatı iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 36,2 manatı Cavabdeh və 63,8 manatı İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədirlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar