Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1895/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili- fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bir neçə illərdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Baksol” adlanan ərazidə metal tikinti materiallarının satışı ilə məşğul olur. Bir neçə il əvvəl Şəmkir rayonunda yaşayan Cavabdeh1 və onun atası Nəriman Hüseynov ondan işlədiyi “Baksol” tikinti bazarında çoxlu sayda metal tikinti materiallarını nisyə alaraq bir neçə günə ödəmək şərtilə aparmış, lakin bu günə kimi həmin materialların pulunu ona ödəməmişdir. Bildirir ki, Rövşənin ondan apardığı və ödəmədiyi tikinti materiallarının ümumi dəyəri 10140 manat təşkil edir. Onunla bağlı kifayət qədər sübutları da vardır. Dəfələrlə bu şəxsdən malların pulunu tələb etsə də, o, yaxın vaxtlarda pulu ödəməyinə söz verməyinə baxmayaraq bu günə kimi borcunu ödəməmişdir. Onu da qeyd edir ki, Rövşən bir neçə dəfə borcunun ödənilməsinə görə ona digər Cavabdeh2 vasitəsilə möhlət almışdır. Ona görə də hesab edir ki, Rövşən ilə yanaşı Elvar da ona borcludur və pul hər ikisindən tutulmalıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 10140 manat əsas borc, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 10670 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda digər Cavabdeh2 mübahisədə cavabdehliyinin qalmadığını, ona görə də Cavabdeh2 qarşı olan iddia tələbini geri çəkdiyini, buna görə də Cavabdeh1 4140 manat əsas borcun, nümayəndəyə ödənilmiş 500 manat pulun və 30 manat dövlət rüsumunun, cəmi 4670 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili- fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iddia tələbini müdafiə edib, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda cavabdeh tərəfindən iddiaçıya ümumi borcdan 6000 manat pul ödənilmişdir. Onlar bu barədə məhkəməyə ərizə təqdim etmişlər. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 faktiki olduğu yer məlum olmadığından, məhkəmə bildirişləri cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 76 saylı Mənzil Kommunal İstismar Sahəsinə, o cümlədən Bakı şəhəri Nizami rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə təqdim edilmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin sahə inspektoru, Nicat Ələkbərov tərəfindən verilmiş arayışın surətindən görünür ki, Xətai rayonu Əhmədli qəsəbəsi Neopol dairəsi ev 24A-da yaşayan İddiaçı ərizə ilə 17-ci PŞ-nə müraciət edərək Dərnəgül bazarında işlətdiyi obyektdən vətəndaş Nəriman Hüseynova 10140 manat dəyərində tikinti materialı verdiyini, lakin pulunu ala bilmədiyini bildirmişdir. Bununla əlaqədar olaraq vətəndaş Nəriman Hüseynovun ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlayarkən, Nərimanın oğlu xx.xx.1989-cu ildə Şəmkir şəhərində anadan olmuş, Şəmkir rayonu Əzizbəyov küçəsi ev 77-də yaşayan Cavabdeh1 telefona cavab verərək bildirmişdir ki, hal hazırda Şəmkir rayonundadır. Qeyd olunan materialını atası Nəriman yox, o, özü almış və borclu qalmışdır. Eləcə də Cavabdeh1 bildirmişdir ki, İddiaçı olan 10140 manat borcunu yaxın zamanlarda ödəyəcəkdir. Odur ki, vətəndaşın yaşayış yeri üzrə PŞ-də etiraf izahatı alınmış və 17-ci PŞ-nə göndərilmişdir. İddiaçı müraciəti əsasında toplanmış materialdan belə qənaətə gəlmək olar ki, tərəflər arasında mülki öhdəliyin tələbləri pozula bilər. Odur ki, vətəndaşa aidiyyatı üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə olunmuşdur; - xx xxxxxx 1989-cu il tarixdə Şəmkir şəhərində anadan olmuş Cavabdeh1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsində verdiyi izahatdan görünür ki, o, izahatında İddiaçı göstərdiyi kimi ona 10140 manat borcunun olduğunu etiraf etmiş, o cümlədən maddi imkanı yaxşı olmadığı üçün qaytara bilmədiyini, bununla belə yaxın müddətdə borcunu qaytaracağını bildirmişdir; - 26 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir; - 27 mart 2021-ci il tarixli “eManat” ödəniş terminalına məxsus 14148 saylı qəbzin surətindən görünür ki, qeyd olunan tarixdə 500 manat məbləğində pul vəsaiti Nümayəndə (Fin: xxxxxxx) hesabına ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı təxminən 2019-cu ildə Cavabdeh1 10140 manat dəyərində tikinti materialı vermişdir. Cavabdeh1 həmin materialın dəyəri olan pulu bir neçə günə qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçının etdiyi müraciətlərə baxmayaraq, cavabdeh borcunu tam şəkildə qaytarmamış və borcu qaytarmaqla bağlı üzərinə düşən öhdəliklərə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Qeyd edilənlərlə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh1 arasında mülki hüquq münasibətinin əmələ gəlməsinə səbəb olmuş şifahi borc müqaviləsi bağlanmış, həmin şifahi razılaşmaya uyğun olaraq, cavabdehin xahişi ilə, iddiaçı təxminən 2019-cu ildə cavabdehə 10140 manat dəyərində tikinti materialı vermiş, cavabdeh bir neçə günə borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Bu müddət başa çatdıqdan sonra iddiaçının tələb etməsinə baxmayaraq, cavabdeh borcu ödəməmiş və borc verənin bununla bağlı tələb etdiyi vəzifəsini icra etməmiş, öhdəliyinə əməl etməmişdir. Cavabdeh borcu qaytarmadığına görə iddiaçı pulun cavabdehdən alınıb, ona verilməsi ilə bağlı iddia qaldırmalı olmuşdur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borcu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır. İddiaçının təqdim etdiyi sübutların tədqiqi, eləcə də işin faktiki halları ilə iddia tələbinin əsaslı olması, cavabdehin iddiaçı qarşısında götürdüyü öhdəliyi pozması, öhdəliyinə əməl etməməsi tam sübuta yetirilmişdir. Bu zaman məhkəmə, cavabdehin ibtidai araşdırma zamanı verdiyi izahatında iddiaçıya 10140 manat borcu olması barədə izahatını, qanunvericiliyin tələbi baxımından, cavabdehin iddianı faktiki etiraf etməsi kimi qiymətləndirir. Hazırda isə iddiaçı tərəfin təqdim etdiyi sübutlardan da göründüyü kimi, cavabdeh qeyd olunan borcun 6000 manat hissəsini ödəmiş və sonuncunun iddiaçıya 4140 manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün hüquqşünasa müraciət etməli olmuş, iddia ərizəsinin tərtib edilməsi, müvafiq sənədlərin toplanması və məhkəmədə təmsil olunması üçün vəkil ilə hüquqi xidmət haqqında müqavilə bağlamış, vəkilə göstərdiyi yardıma görə 500 manat məbləğində pul ödəməli olmuşdur. Məhkəmə hesab edir ki, vəkilin göstərdiyi yardıma görə iddiaçının tələb etdiyi 500 manat ağlabatan məbləğdir, bu barədə ödəniş qəbzi mövcuddur, ona görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4140 (dörd min yüz qırx) manat əsas borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 500 (beş yüz) manat pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 4140 (dörd min yüz qırx) manat əsas borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 500 (beş yüz) manat pul Cavabdeh1 İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-1895/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1895/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver