Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1906/2025 11.08.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Nümayəndə Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “pul” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Rufullayeva Rövşanə Elşən qızının katibliyi ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:
1. İddiaçı Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, ortaq dostları vasitəsi ilə tanıyır. Cavabdehin dostları xarici ölkələrdən maşın gətirib satmaqla məşğul olurlar. Söhbət əsnasında cavabdeh ona şərik avtomobil gətirməyi təklif etmişdir. Həmin vaxt kifayət qədər vəsaiti olmamışdır. Lakin dostları bu məqsədlə ona yardım edə biləcəklərini demişlər. Bu məqsədlə o, 2022-ci ilin fevral ayının 5-də özü borca aldığı 130000 manat pulu borc müqaviləsi əsasında cavabdehə vermişdi. Cavabdeh özü tanışları vasitəsi ilə maşın gətirərək satışını həyata keçirmiş, bunun müqabilində hər avtomobildən əldə etdiyi gəlirdən ona 50 faiz pul vermişdir. 2022-ci ilin 10 dekabrında borc müqaviləsi əsasında cavabdehə əlavə olaraq 100000 manat pul vermişdi. Həmin pulun 30000 manatı ona məxsus olsa da, 70000 manatını yenə dostlarından alıb vermişdi. Cavabdeh ümumilikdə 2022-ci il ərzində ona 26700 manat gəlir vermişdir. Sonradan dostları artıq müəyyən qədər gəlir əldə etdiyini görüb ondan verdikləri 200000 manat pulu geri tələb etməyə başlamışlar. O, da bununla bağlı cavabdehə müraciət etmiş və cavabdeh ona 2024-cü ilin təxminən yay aylarında 100000 manat, ondan bir neçə ay sonra 50000 manat pul qaytarmışdır. Cavabdeh pulu qaytardıqdan sonra daha onda qalan pulla maşın ticarəti ilə məşğul ola bilməyəcəyini və ona gəlir verə bilməyəcəyini qeyd etmişdir. Ona görə o, qalan pulun, da qaytarılmasını tələb etdi. 2024-cü ilin təxminən payız aylarında cavabdeh borclu olduğu puldan ona 30000 manat qaytarmışdır. Cavabdeh ümumilikdə ondan aldığı 230000 manat puldan 180000 manat qaytarsa da, qalan 50000 manat pulu hal-hazıradək qaytarmamışdır. Dəfələrlə pulu tələb etsə də pulu qaytarmaq üçün hazırda imkanı olmadığını bildirmişdir. Pulu aldığı şəxslər isə ondan tam pulun qaytarılmasını tələb edirlər.
Cavabdehin etirazı:
3. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı Nümayəndə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ondan 50000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçıdan 05 fevral 2022-ci il tarixli borc müqaviləsinə əsasən 130000 manat, 10 dekabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən 100000 manat borc almışdır. Avtomobil satışı nəticəsində iddiaçıya olan borcundan 26700 manat pul qaytarsa da onu gəlir olaraq nəzərə almış və borc puldan çıxmamışdır. Halbuki iddiaçı ilə aralarında olan müqavilələrdə pulun faizə verilməsi və ya onun ona gəlir verməyi ilə bağlı heç bir qeyd olmamışdır. Bundan başqa o, həmin pulun 100000 manatını 26 yanvar 2023-cü il tarixdə banka əmanət olaraq qoymuş və iddiaçı pulunu tələb etdikdə həmin pulu 2024-cü ildə bankdan çıxarıb qaytarmışdır. Daha sonra 24 sentyabr 2024-cü il tarixdə özünə məxsus avtomobili sataraq borcundan 40000 manat qaytarmışdır. Əlavə olaraq 01 oktyabr 2024cü il tarixdə "xxxx" ASC-dən 50000 manat kredit götürərək iddiaçıya olan borcdan qaytarmışdır. İddiaçıya olan borcundan 216700 manat məbləğində pul qaytarmışdır, 230000 manat puldan qalıq qalan 13300 manat pulu isə 2025-ci ilin yanvar ayında qaytarmış və iddiaçıya heç bir borcu qalmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
Tərəflərin izahatları:
4. İddiaçı Nümayəndə elektron kabinet vasitəsilə ərizə verərək bildirmişdir ki, əvvəlki məhkəmə baxışı iclasında vəkili və nümayəndəsi iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Hazırda iddia tələbini müdafiə edir. 11 avqust 2025-ci il tarixə saat 10:10-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı Nümayəndə vəkili və nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi X1 bildirmişdir ki, iddia tələbini qəbul etmir. Hüquqlarını müdafiə etdiyi Cavabdeh iddiaçı Nümayəndə müqavilə üzrə olan borcunu tam qaytarmışdır. Birinci dəfə borcundan 26700 manat ödəyib. 2-ci dəfə 100000 manat, sonra avtomobili satıb 40000 manat, həmçinin 50000 manat kredit götürüb iddiaçıya qaytarmışdır. Qaalan 13300 manatı isə bu ilin yanvar ayında qaytarmışdı.
7. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə (əlavə olaraq, elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat verilməsinə) baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
9. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
10. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 05 fevral 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Nümayəndə Cavabdeh 130000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. 2.2.1-ci bəndinə əsasən borc məbləğini borc alan tələb etdiyi andan 1 ay müddətində tam həcmdə geri qaytarmalıdır.
11. Nümayəndə ilə Cavabdeh arasında bağlanmış 10 dekabr 2022-ci il tarixli borc müqaviləsindən görünür ki, Nümayəndə Cavabdeh 100000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. 2.2.1-ci bəndinə əsasən borc məbləğini borc alan tələb etdiyi andan 1 ay müddətində tam həcmdə geri qaytarmalıdır.
12. 10 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Nümayəndə 05 fevral 2022-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh 130000 manat, 10 dekabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən 100000 manat borc vermişdir. Borc puldan 100000 manat, 50000 manat və 30000 manat olmaqla ümumilikdə 230000 manat puldan 180000 manat qaytarsa da qalan 50000 manat pulu hal-hazıradək qaytarmamışdır. Cavabdeh 1 ay müddətində borcu geri qaytarmadığı təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
13. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün illik 13,9 faizlə 36 ay müddətinə 50000 manat məbləğində kredit verilmişdir.
14. Nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh “Toyoto Highlander HM” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili X4 39500 manat satmışdır.
15. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, Nümayəndə məhkəməyə müraciət etmək üçün 240 manat dövlət rüsumu ödəmişdir.
İşin faktiki halları:
16. Məhkəmə iclasında müəyyən olundu ki, 05 fevral 2022-ci il tarixli borc müqaviləsinə əsasən Nümayəndə Cavabdeh 130000 manat məbləğində borc, 10 dekabr 2022-ci il tarixli borc müqaviləsinə əsasən isə 100000 manat məbləğində borc pul vermişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən borcun faiz üzrə verilməsi nəzərdə tutulmur. 2.2.1-ci bəndinə əsasən borc məbləğini borc alan tələb etdiyi andan 1 ay müddətində tam həcmdə geri qaytarmalıdır. Cavabdeh borcunu qaytarsa da tam şəkildə qaytarmamışdır. Hazırda iddiaçı Cavabdeh 50000 (əlli min) manat məbləğində pulun və 240 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş edir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə iddiaçı qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini ödəməlidir.
20. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı Nümayəndə ilə bağladığı 05 fevral 2022-ci il və 10 dekabr 2022-ci il tarixli borc müqavilələri üzrə götürdüyü öhdəliyə əməl etməyərək, borcu tam ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuş və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
21. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit (borc) müqavilələri bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulan məbləği cavabdehə versə də sonuncu öz öhdəliklərinə əməl etməmişdir və müəyyən olunmuş vaxtda borcunu tam qaytarmamışdır. İş materiallarından müəyyən olunur ki, cavabdeh borc müqavilələrinə əsasən 26700 manat, 100000 manat, 39500 manat və 50000 manat cəmi 216200 manat qaytarmışdır. 230000 manat borcdan 13800 manat məbləğində borc qaytarılmamışdır. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdeh ona 26700 manat gəlir vermişdir. Lakin tərəflər arasında bağlanmış müqavilələrdə borc müqabilində gəlir verilməsi və ya faiz alınması nəzərdə tutulmamışdır. Odur ki, verilən məbləğ borc məbləğindən çıxılmalıdır. Həmçinin cavabdeh avtomobili 40000 manata satıb borcunu qaytardağını bildirsə də nəqliyyat vasitəsinin alqısatqı müqaviləsindən görünür ki, Cavabdeh “Toyoto Highlander HM” markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobili X4 39500 manata satmışdır.
22. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 66,24 manatı tutularaq Nümayəndə ödənilməlidir.
Məhkəmə baxışının hədləri:
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə:
24. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 13800 manat məbləğində pul tutularaq Nümayəndə ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 66,24 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh 13800 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 66,24 manatı tutularaq Nümayəndə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova