Məhkəmə qərarları › İş №e-2(007)-1952/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1952/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1952/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "Rabitəbank” ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "Rabitəbank” ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 05 avqust 2022-ci il tarixli, AXNPU-06135 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 5465,8 (beş min dörd yüz altmış beş manat, 80 qəpik) manat, faiz borcuna görə 206,03 (iki yüz altı manat, 03 qəpik) manat, dəbbə borcuna görə 465,96 (dörd yüz altmış beş manat, 96 qəpik) manat, cəmi 6137,79 (altı min bir yüz otuz yeddi manat, 79 qəpik) manat məbləğində pulun və 82 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Ağsu filialı ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2022-ci il tarixli, AXNPU-06135 saylı kredit müqaviləsinə əsasən illik 14% (on dörd) faiz dərəcəsi olmaqla 36 (otuz altı) ay müddətinə 9000 (doqquz min) manat məbləğində cavabdehə kredit verilmişdir. 05 avqust 2022-ci il tarixli, AXNPU-06135 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 05 avqust 2022-ci il tarixli kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5-dən gec olmayaraq hər ay 307,60 (üç yüz yeddi manat, 60 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 05 avqust 2022-ci il tarixli, AXNPU-06135 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 5465,80 (beş min dörd yüz altmış beş manat, 80 qəpik) manat, faiz borcuna görə 206,03 (iki yüz altı manat, 03 qəpik) manat, dəbbə borcuna görə 465,96 (dörd yüzaltmış beş manat, 96 qəpik) manat, borcun cəmi məbləği 6137,79 (altı min bir yüz otuz yeddi manat, 79 qəpik) manat təşkiledir. Tərəflərin izahatları: Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə münasibətdə bildirmişdir ki, iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul edir. Faiz borcunun ləğv edilməsi yaxşı olardı. Cərimə borcunu da ödəmək onun üçün çətin olacaqdır. O, krediti ikinci iş kimi taksi fəaliyyəti ilə məşğul olsun deyə maşın almaq üçün götürmüşdür. Onun maşını 2007-ci il buraxılışlı, “Hyundai Santafe” markalı maşın olmuşdur. Lakin 01 iyul 2024-cü ildən bəzi taksilərin fəaliyyəti dayandırılacağı üçün taksi fəaliyyəti ilə məşğul ola bilməyəcəkdir. Onun borcu ödəməkdə çətinliyi yaranmış, may ayından ödəniş etməmişdir. İyul ayından ayda 150-200 manat ödəniş edə bilər. Əvvəl aylıq ödənişi 309 manat olmuşdur. O, Fövqəladə Halar Nazirliyinin əməkdaşıdır və 595 manat əmək haqqı alır. Xarkov şəhərində Fövqəladə Hallar Nazirliyini Akademiyasının 5-ci kurs tələbəsidir və öz vəsaiti hesabına illik 1200 ABŞ dollar təhsil haqqı ödəniş edərək oxuyur. Son kurs olduğuna görə sessiyalarda çətinlik olmuşdur. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "Rabitəbank” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AXNPU-06135 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh 36 ay illik 14 faiz ödənilmək şərti ilə 9000 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 5465,80 manat əsas, 206,03 manat faiz, 465,96 manat cərimə borcu olmaqla, ümumilikdə 6137,79 manat borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixli bildirişdə göstərilən məbləğdə), yəni 206,03 manat faiz borcunu tələb etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 462.1-ci, 464.1-ci, 465.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidirlər. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, cərimə (dəbbə pulu) əsas borc məbləğinə münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq 382 manat olaraq müəyyən edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 82 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5465,80 manat əsas borc, 206,03 manat faiz borcu, 382 manat cərimə borcu olmaqla, cəmi 6053,83 manat borc və ödənilmiş 82 manat dövlət rüsumunun əvəzi "Rabitəbank” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar