Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1977/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: "alimentin artırılması" tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Tələb:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2914/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında cavabdehdən hər uşaq üçün tutulan 150 manat sabit pul məbləğində alimentin miqdarını artıraraq hər uşaq üçün hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin cavabdehdən xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2914/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehə qarşı digər tələbləri ilə yanaşı birgə nikahından doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Uşaqlar böyüyürlər və hazırda maddi vəziyyəti çətin olduğu üçün onların artan tələbatını ödəyə bilmir. Cavabdeh isə bunu görə-görə onlara yardım etmir. Əgər o, valideynik vəzifəsini dərk etsə idi başa düşərdi ki, uşaqların qayğısını çəkən, təlim-tərbiyəsi ilə məşğul olan, bacardığı qədər onun ehtiyaclarını ödəməyə çalışan, lakin çox vaxt da buna nail ola bilməyən tək ana üçün ayda 300 manatla 2 uşağı saxlamaq çətindir. O, dəfələrlə ona uşaqların tələbatının ödənilməsi üçün ona əlavə yardım etməsini xahiş etsə də cavabdeh ona məhəl qoymur. Halbuki, o, özü kifayət qədər yüksək gəlirə məxsusdur və istəsələr hər ay hər uşaq üçün ən azı 300 manat həcmində aliment ödəyə bilər. Lakin qeyd etdiyi kimi o, bundan boyun qaçırır. Belə olan halda o da təyin edilmiş alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəldi. Hesab edir ki, məhkəmə Azərbaycan Respublikasında 2024-cü il üçün Yaşayış minimumu haqqında qanuna əsasən uşaqlar üzrə müəyyən edilmiş minimum dolanışıq xərclərini və uşaqların mənafeyini nəzərə alaraq iddianı təmin edəcəkdir.
Tərəflərin izahatları:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi, hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasına etiraz etmədiyini bildirdi və bu barədə ərizə təqdim etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasına razı olduğunu bildirdi və bu barədə ərizə təqdim etdi.
İş materialları:
5. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 11 mart 2024-cü il tarixli, MŞB/10/2024-00098 saylı arayışdan görünür ki, Cavabdeh 11 mart 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərci ödəmişdir.
6. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(007)- 2914/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 01 may 2007-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 314 № ilə qeyd edilmiş nikahın pozulması, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 30 sentyabr 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.
7. AZ-İİ seriyalı, 095923 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 01 mart 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
8. AZ-İİ seriyalı, 975301 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 18 noyabr 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
9. “Elektron Məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı “X7 Təhsil İdarəsində” “müəllim, ümumi təhsil məktəbi/dil” vəzifəsində işləyir. Aylıq əmək haqqı 759 manatdır..
İşin faktiki halları:
10. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar, birgə nikahlarından 01 mart 2008-ci il təvəllüdlü X5 və 18 noyabr 2012-ci il təvəllüdlü X8 doğulmuşdur. Tərəflərin nikahı pozulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(007)-2914/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 01 may 2007-ci il tarixdə bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 314 № ilə qeyd edilmiş nikahın pozulması, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 anaları İddiaçı himayəsində saxlanılması, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 30 sentyabr 2020-ci il tarixdən başlayaraq hər uşaq üçün hər ay 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda ana uşaqların saxlanılmasında çətinlik çəkdiyi üçün tutulan alimentin miqdarının artırılmasını xahiş edir.
Tətbiq edilən hüquq:
11. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2-ci maddəsinə əsasən valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarının:
8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
15. 2024-cü il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu:
2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmə baxışının hədləri:
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun:
8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
20. Göründüyü kimi cavabdeh hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulmasına razıdır və iddiaçı da buna etiraz etmir. Odur ki, məhkəmə tərəflərin razı olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
21. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı qərarı ilə formalaşdırdığı hüquqi mövqeyini, uşaqların mənafeyini, işin faktiki hallarını, həmçinin tərəflərin razılığını nəzərə alaraq, belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulmalıdır.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
23. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş aliment hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
24. Məhkəmə iddia tələbinin “mediasiva xidməti üçün ödədiyi 50 manat rüsum məbləğinin tutularaq İddiaçı verilməsi” hissəsinə münasibətdə cavabdehin aylıq əmək haqqını və ondan tutulacaq alimentin miqdarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.
Nəticə:
25. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(007)- 2914/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməli.
26. Hazırki halda, alimentin tutulması ilə bağlı ödənilməli olan 32 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərcindən az olduğundan, cavabdeh ödəməli olduğu dövlət rüsumunu ödəməkdən azad olunur.
27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia qismən təmin edilsin. 01 mart 2008-ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmalı olan, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli 2(007)-2914/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 mart 2008ci il təvəllüdlü X3 və 18 noyabr 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 200 manat cəmi 400 manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ülkər Yusifova