Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1986/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9767/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavavabdeh Cavabdeh hər ay 250 (iki yüzəlli) manat sabit pul formasında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar:
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9767/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulub, birgə nikahlarından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X2 onun himayəsində saxlanılması və onun yetkinlik yaşına çatanadək saxlanması üçün cavavabdeh Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi və 50 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilib. Bildirir ki, hazırda məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment övladlarının maddi və s. ehtiyaclarının təmin edilməsi üçün kifayət etmədiyindən alimentin mələği dəyişdirilərək artırılması zərurəti yaranıb. Hazırki aliment məbləğ qanunvericiliklə uşaqlar üçün müəyyən edilmiş minimum dolanacaq xərclərini ödəmir. Qızı böyüdükcə onun maddi və digər ehtiyacları artır. Bakı 8 saylı Mediasiya təşkilatına müraciət edilsə də, cavabdeh ilkin mediasiya sessiyasında vaxtı olmadığından iştirak etməkdən imtina etdiyi üçün bu barədə xx.xx.2024-cü il tarixdə arayış verilib.
Etirazın dəlilləri:
3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimenti çox çətinliklə ödəyir. Belə ki, avtoqəza hadisəsi nəticəsində ağır xəsarətlər alıb və səhhəti ilə bağlı mütamadi olaraq müalicə olunur, dərman pereparatları qəbul edir, ağır işlərdə işləyə bilmir. Son olaraq səhhəti ilə bağlı müalicə olunduğundan artıq 4 aydır üzrlü səbəblərdən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini, 113 manatı ödəyə bilmir. O, hazırda fiziki şəxs X1 idarə etdiyi çörək sexində işləyir və aylıq əmək haqqı məbləği 345 manat təşkil edir və bu iş yeri onun yeganə işi və gəlir yeridir. Səhhəti ilə bağlı başqa işlərdə işləyə bilmir, başqa yerdən gəliri yoxdur. Bunu iddiaçı da bilir. Lakin hazırki əsassız iddia tələbi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib. O, iddiaçıya aliment ödədiyindən ailə və maddi vəziyyəti günü-gündən pisləşir. Ona görə ki, mütamadi olaraq müalicəyə ehtiyacı vardır və aliment ödədiyindən borc edərək müalicə olunur və sonra həmin borcu da ödəmək məcburiyyətində qalır ki, bu onun addi vəziyyətinə çox pis təsir edir. Baxmayaraq ki, borc içindədir, yenə də uşağına görə ödədiyi alimentin 135 manata artırılmasına etiraz etmir. Yəni iddiaçının iddia tələbini qismən qəbul edir, lakin o, iddiaçının iddia etdiyi kimi alimentin 250 manata artırılmasına qəti etiraz edir, o həmin məbləğdə alimenti ödəyə bilməz. Çünki bu onun maddi imkanı xaricindədir. Buna səhhəti və maddi imkanı yol vermir. Aliment məbləği 250 manata artırılarsa borcları yarana bilər və gələcəkdə barəsində cinayət işi başlanması ilə nəticələnə bilər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edildiyi kimi, ölkə əhalisi üçün 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat müəyyən edilmişdir ki, o, məhkəmə qətnaməsinə əsasən təyin edilmiş 250 manat məbləğində alimenti ödəsə, tam müflis vəziyyətdə qalır, özünün ehtiyaclarını, müalicə xərclərini təmin edə bilmir. Bu da yaşayış minimumu haqqında qanuna ziddir. Bundan başqa, zəruri kommunal borclar, nəqliyyat xərcləri demək olar ki, hər dəfə artaraq yaşayışlarını daha da dözülməz edir. O isə, işə gedən şəxs olaraq əlavə nəqliyyata pul xərcləməlidir ki, işindən olmasın, iddiaçıya ödəməli olduğu aliment məbləğini ödəyə bilsin. Hələ hazırki vəziyyətdə bir ata kimi uşağı ilə ünsiyyətdə olarkən ona istədiklərini alıb verə bilmir, mədəni istirahətini təmin edə bilmir. Əgər aliment məbləği 250 manata artırılarsa, hansı vəziyyətə düşər?! Hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə onun maddi vəziyyətini daha da ağırlaşdırmağa, barəsində daha ağır tədbirlər görülməsinə qəsdən və qərəzli olaraq, hətta bilərəkdən zəmin yaradır. Bundan başqa, iddiaçı uşağın onu çox sevdiyini bildiyi üçün bu iddianı qaldırmaqla onu bir ata kimi uşağının gözündən salmağa çalışır. Hətta buna naildə olub. Çünki borc içindədir, uşağının mədəni və mənəvi istirahətini təmin edə bilmir. Ona görə də, hesab edir göstərdikləri məhkəmə tərəfindən nəzərə alınmalıdır. O, bir ata kimi uşağını saxlamağa borclu olduğu kimi, iddiaçı da uşağının zəruri ehtiyaclarını təmin etməyə borcludur. Uşağın saxlanması üçün nəzərdə tutulan xərclər tək ondan tutula bilməz. İstər iddiaçı, istərsə də o, qanun qarşısında bərabər hüquqlara malik və həmin bərabərlik prinsipi məhkəmə tərəfindən pozulmamalıdır. Belə ki, “Yaşayış minimumu haqqında” Qanuna əsasən bir uşağın aylıq ehtiyacları 235 manatdırsa, həmin xərclər bərabərlik prinsipinə əsasən onunla iddiaçı arasında bərabər məbləğdə bölünməlidir ki, o, hazırda faktiki üzərinə düşən məbləği 113 manatı bir ata kimi ödəyir. Göründüyü kimi ilkin məhkəmə qətnaməsindən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmayıb, əksinə cavabdehə hər ay müəyyən edilmiş alimenti ödəmək üçün maddi imkanı olmadığından borcları yaranıb, səhhəti ilə bağlı və əlavə gəlirləri olmadığından ehtiyac içərisində yaşayır. İddiaçı isə maddi vəziyyətinin yaxşılaşması barədə mötəbər sübutları məhkəməyə təqdim etməyib. Qeyd edilənlərə əsasən iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9767/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək-artırılaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 135 (yüz otuz beş) manat sabit pul formasında alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İş materialları:
4. AZ-İİİ seriyalı, 953767 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15 may 2017-ci ildə doğulmuşdur, atası Cavabdeh, anası X6r.
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə X9 arasında Sumqayıt "ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2016-cı il tarixdə bağlanmış, 1735 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər anası X4 yanında qalması, 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi və 50 manat sabir pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi, alimentin tutulması müddətinin xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi qət edilmişdir.
6. “Mediasiya Şurası” Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00971 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS və 10 manat poçtkargüzarlıq xərclər ödənilmişdir.
7. Fiziki şəxs X3 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 01 saylı arayışdan görünür ki, Cavabdeh fiziki şəxs X1 idarə etdiyi çörək sexində işləyir. Aylıq əmək haqqı məbləği 345 manat təşkil edir.
8. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh fiziki şəxs X1 idarə etdiyi müəssisədə çörək xəmiri qarışdıran vəzifəsində işləyir, aylıq əmək haqqı məbləği 345 manat təşkil edir. 3-cü qrup əlillidr və 150 manat pensiya təyin edilmişdir.
Tərəflərin izahatları:
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halı:
11. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olublar və tərəflərin birgə nikahdan 15 may 2017-ci il təvəllüdlü X5 anadan olub. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsinə əsasən 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi və 50 manat sabir pul məbləğində alimentin tutularaq iddiaçı X7 verilməsi, alimentin tutulması müddətinin xx.xx.2019-cu il tarixdən müəyyən edilməsi qət edilib.
12. İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq uşağa görə hər ay 235 manat aliment məbləğinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh isə iddia tələbinə etiraz edərək, 135 manat məbləğində aliment ödəyə biləcəyini qeyd etmişdir.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:
75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
17. “Uşaq Hüquqları haqqında” Qanunun:
4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı:
Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
19. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı:
8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanunu:
2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Məhkəmənin mövqeyi: 21 Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
22. Məhkəmə ilk növbədə qeyd edir ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
23. Aliment öhdəliyi ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətidir ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
24. Qeyd etmək zəruridir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumu səviyyəsindən aşağı olmayan maddi təminat hüququ vardır və valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.
25. Hazırda İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbini irəli sürmüş və tələbini uşağın tələbatlarının və uşaq üçün müəyyən edilmiş yaşayış minimumu məbləğinin artması ilə əsaslandırmışdır.
26. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir.
27. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
28. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsi ilə alimentin miqdarı müəyyən edildikdən sonra ödəmələrin miqdarının müəyyənləşdirilməsi üçün əsas olmuş hallar dəyişmiş, uşağın maddi tələbatları daha da artmış, uşaqlar üçün yaşayış minimumu artmışdır.
29. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
30. Məhkəmə onuda bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir.
31. Məhkəmə qeyd edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bu günədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüməsi tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.
32. Məhkəmə hesab edir ki, alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün yetərli olmayacaqdır və bu miqdar dəyişməlidir.
33. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaq böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. İddiaçı məhkəmə qətnaməsinə əsasən 2019-cu ildə müəyyən edilmiş alimentlə uşağı saxlamaqda çətinlik çəkir. 34 Məhkəmə dəyişdirililməli olan aliment məbləğinin həcmini müəyyən edərkən iddiaçının və onun himayəsində yaşayan uşağın mənafeləri ilə yanaşı cavabdehin də mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, aliment məbləğinin 250 manat müəyyən edilməsinə dair iddia tələbi qismən təmin edilməlidir. Nəzərə alınmalıdır ki, burada, tələbi əsaslı edəcək, müəyyən edilməli olan hal - məhz məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən cavabdehin (atanın) ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hansı ki, iddiaçı buna dair hər hansı sübutunu iddiasına əlavə etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, məhkəmədə də belə sübutlar təqdim edilməmişdir.
35. Məhkəmə həmin halları nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay uşaq üçün 235 manat müəyyən edilməlidir.
36. Məhkəmə qeyd edir ki, cavabdeh etirazında səhhətində olan problemlərə görə müalicə olunduğu, artırılmış aliment məbləğini ödəyə bilməcəyini göstərmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırda cavabdeh əlavə xərclərinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.
37. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
38. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad edilən 28 mart 2016-cı il tarixli qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə məhkəmə hesab edir ki, miqdarı dəyişdirilən aliment hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır.
Məhkəmə xərcləri:
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir;
40. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
41. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ilkin mediasiya xidmətinə görə 60 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməli və məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
Nəticə:
42. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia qismən təmin edilməli, 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)-9767/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 15 may 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay uşaq üçün 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva