Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-1988/2024 31.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASCnin xeyrinə 4866 manat əsas, 710,56 manat faiz, 66,18 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5642,74 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,43 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 25% ödəmək şərtilə 4866 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 15 may 2024-cü il tarixinə "xxxx" ASC-yə 4866 manat əsas, 710,56 manat faiz, 66,18 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5642,74 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı tərəf məhkəməyə ərizə ünvanlayaraq iddia ərizəsinə onların nümayəndəsinin iştirakları olmadan baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək əlavə olaraq qeyd etmişdir ki, 20000 manata qədər kredit götürmüşdür. Həm aptekdə, həm də “Bakı Abadlıq Xidməti”ndə işləmiş, 1600 manata yaxın gəliri olmuşdur. Axırıncı dəfə bu krediti götürəndən 1 ay sonra işdən çıxmış, işdən çıxandan sonra çətin anları başlamışdır. 13 fevral 2024-cü il tarixində su şirkətində işə daxil olmuşdur və hal-hazırda da orada işləyir. Buradan 320 manat kartla, 80 manatı isə nağd şəkildə olmaqla, ümumilikdə 400 manat əmək haqqı alır. Məhərrəmlik ayı çıxandan sonra ayıq sürücü kimi də işləyəcək, sadəcə Məhərrəmlik ayı 2 ay çəkəcəyi üçün müvəqqəti çətinliyi olacaqdır. Banka borcu vardır, bu borcunu ödəməlidir. Mümkündürsə iki ay 50 manat ödəniş etsin. xx.xx.2024-cü il tarixindən sonra ödəniş etdiyi yadına gəlmir, həmin vaxt 100 manat ödəniş edib-etmədiyini bilmir. Amma böyük ehtimal ödəniş etməmişdir. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1295nkNFT/23 saylı kredit müqaviləsinə və 1 saylı əlavəyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə illik 25% ödəmək şərtilə 4866 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Bunun nəticəsində "xxxx" ASC xx.xx.2024-cü il tarixinə borcun olması barədə Cavabdeh bildiriş ünvanlayaraq bildirmişdir ki, kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka 28 mart 2024-cü il tarixinə 4866 manat əsas, 551,23 manat faiz, 37,72 manat cərimə borcu olmaqla, cəmi 5454,95 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi təklif etmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar tərəflərindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Həmçinin, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə borclunun banka 4866 manat əsas borc, 710,56 manat faiz borc, 66,18 manat cərimə borcu olmaqla, ümumilikdə 5642,74 manat borcu vardır. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edib, cavabdehin izahatını dinləyib araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci, 739.3-cü, 448.1-ci, 462.1-ci, 464.1-ci, 465.1-ci maddələrinə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və müqavilə üzrə onun risk dairələrinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi üzrə əsas borc və cərimə borcu hissəsində tam təmin edilməli, faiz borcu isə azaldılmalıdır. Belə ki, iddiaçı "xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixinə borc olması barədə bildirişdən görünür ki, iddiaçı cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi ilə əlaqədar borcun vaxtından əvvəl qaytarılmasını tələb etmiş, bununla da öhdəliklərin lazımi qaydada icra edilməməsi ilə əlaqədar müqavilədən imtina etməsi ilə bağlı iradə ifadəsini qarşı tərəfə bildirmişdir. Odur ki, həmin tarixdən mübahisəli kredit müqaviləsinə birtərəfli qaydada xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müqavilə üzrə hesablanmış faizləri (xx.xx.2024-cü il tarixinə borcun olması barədə bildirişdə göstərilən məbləğdə), yəni 551,23 manat faiz borcunu tələb edə bilər. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 76,43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4866 manat əsas borc, 551,23 manat faiz borc, 66,18 manat cərimə borcu olmaqla, cəmi 5483,41 manat borc və ödənilmiş 76,43 manat dövlət rüsumunun əvəzi "Unibank KB” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-1988/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-1988/2024
31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver