Məhkəmə qərarları › İş №e-2(007)-2003/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-2003/2025

24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-2003/2025 24.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeḣ oğlunun vəkili və nümayəndəsi Vəkil Fəxrəddı̇ n oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi və onun əsaslandırıldığı hallar: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı 6 saylı Mediasiya Təşkilatında tərəflər arasında razılaşmaya əsasən xx.xx.2024- cü il tarixli Barışıq sazişi əsasında 235 manat (sabit pul) məbləğində olan alimentin miqdarının dəyişdirilərək Cavabdeh əmək haqqının və gəlirinin ¼ hissəsi qədər alimentin tutulub İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2013-cü ildə rəsmi nikah bağlanmış, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 01 mart 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq Səmədova (Məhəmmədova) Elvira Əsədulla qızının xeyrinə ödənilməsi qət edilmişdir. Oğulları Omar onun yanında qalır. Sonradan uşaqlar üçün yaşayış minimumunun artırılmasını nəzərə alaraq sabit pul məbləğində məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin miqdarının artırılması barədə qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmiş və 2024-cü ildə mediasiya mərhələsində hazırkı iş üzrə cavabdeh X9 235 manat aliment ödəməsi barədə razılığa gələrək bu barədə xx.xx.2024-cü il tarixində barışıq sazişi bağlanmışdır. Lakin cavabdehin sonradan daimi iş yeri, yüksək əmək haqqı alması məlum olduqdan və cavabdeh bunu gizlətdiyindən qanunvericiliyin tələbinə əsasən mediasiya təşkilatına müraciət etmiş, mediasiya mərhələsində cavabdehin nümayəndəsi aliment tələbi ilə bağlı tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişinin olmasını əsas gətirərək razılığa gəlmədiyindən hazırkı tələblə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ərəfəsində cavabdehin daimi iş yeri olan Azərbaycan Respublikası Cüdo Federasiyasına ünvanlanmış məhkəmə sorğusuna cavab olaraq Cavabdeh 08 fevral 2024-cü il tarixində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunduğu, 01 aprel 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirildiyi və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra - 2500 manat) müəyyən olunduğu göstərilmişdir. Eyni zamanda da H.Məmmədov ilə Federasiya arasında 08 fevral 2024-cü il tarixədək əmək müqaviləsinin mövcud olmaması qeyd edilmişdir. Barışıq sazişində aliment 235 manat göstərilib, amma “sabit pul məbləği” ifadəsi yazılmayıb. Dövlət tərəfindən də 2024-cü il üçün uşaqlar üçün yaşayış minimumu 235 manat sabit məbləği olaraq müəyyənləşdirilmişdir. Barışıq sazişində əmək haqqı ilə bağlı faiz göstərilmədiyi üçün, 235 manat sabit pul məbləği hesab olunur. Barışıq sazişində “Sabit” sözü yazılmasa belə, hüquqi mahiyyət bundan ibarətdir. AR Konstitusiyasının 17-ci maddəsi və Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən, valideynlərin razılaşması uşağın maraqlarını məhdudlaşdıra bilməz. Yəni, tərəflərin razılığı uşağın faktiki təminatına mane ola bilməz. Bütün hallarda uşağın mənafeyi və maraqları üstünlük təşkil edir. Cavabdehin daimi iş yerini gizlətməsi sazişin uşağın maraqlarına cavab vermədiyini göstərir. Tərəflər saziş bağlasalar da bu saziş uşağın təminatını tam ödəmir. Əgər sabit məbləğ əvəzinə əmək haqqından faizlə müəyyənləşsə idi, uşaq daha yüksək təminat alacaqdı. Cavabdeh artıq 5 ildən çoxdur ki, Azərbaycan Cüdo Federasiyası İctimai Birliyində məşqçi idman ustası vəzifəsində çalışır və əmək haqqısı hal-hazırda 2270.0 (iki min iki yüz yetmiş) manat məbləğindədir. Mediasiya prosessində cavabdeh alimentin miqdarının əmək haqqına münasibətdə artırılmasına razı olmadığından, ödənilən alimentin miqdarı bugünki gündə uşağın tələbatını və ehtiyaclarını ödəmədiyindən və cavabdehin yaxşı qazancı olsa da, bunu nəzərə almadığından alimentin miqdarının artırılması barədə məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etiraz: Cavabdeḣ oğlu xx.xx.2025-ci il tarixdə elektron qaydada iddia tələbinə etiraz verərək bildirmişdir ki, işin halları ilə bağlı iddiaçı tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinə təqdim edilmiş iddia ərizəsi və ona əlavələrdə yalan, əsassız məlumatlar öz əksini tapmaqdadır. Belə ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış rəsmi nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş 01 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Bu məbləği cavabdeh mütəmadi şəkildə ödəniş, heç bir gecikdirmə yaşanmamışdır. Həmin məbləğdən narazı olan iddiaçı 2024-cü ildə Mediasiyaya müraciət etmiş və həmin sabit məbləğin 235 manat olaraq müəyyən edilməsi ilə bağlı Barışıq Sazişi imzalanmış və bu müqavilənin şərtlərinə uyğun olaraq da iddiaçı yenə də öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirərək hər ay sabit pul məbləğini vaxtında ödəmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi yalan məqam ondan ibarətdir ki, guya ki, cavabdeh 5 ildən çoxdur məşqçi işləyir və bu məlumatdan xəbəri olmamışdır. Cavabdeh bir ilə yaxın müddətdir ki məşqçi işləyir və bu daimi xarakter daşıyan bir iş deyil. Hamıya məlumdur ki, məşqçilər nəticəyə yönümlü işləyir və nəticədən asılı olaraq tez-tez dəyişilir. Yəni başqa sözlə deyilsə qeyri-sabit işdir. İddiaçı rəsmi nikaha girən dövrdən cavabdehin idman sahəsi ilə məşğul olduğunu bilirdi, lakin iddia ərizəsində guya ki, cavabdehin fəaliyyətindən xəbəri yoxmuş kimi bir mənzərə yaratmağa çalışması birbaşa məhkəməni çaşdırmaq niyyətini özündə ehtiva edir. Bundan əlavə, cavabdeh aliment məbləğini vaxtında ödəməyinə baxmayaraq iddiaçı heç vaxt 01 mart 2014-cü il təvəllüdlü X4 cavabdeh ilə görüşünə imkan yaratmamış və daima Omarı cavabdehə qarşı nifrət hissi ilə böyütmüşdür. Artıq neçə illərdi Omarın cavabdeh ilə görüşünün qarşısını süni maneələrlə almağa çalışır və Omarın böyüməsinə birbaşa mənfi təsir göstərməklə övladın atası ilə görüşmə haqqını məhdudlaşdırmaqdar. İddiaçı rəsmi nikah pozulduqdan sonra başqa bir şəxslə qeyri-rəsmi nikaha girmiş və həmin şəxsdən bir övladı da olmuşdur. Həmin övladını da cavabdehin övladı kimi rəsmiləşdirməyə cəhd etmiş, lakin ədalətli məhkəmə qərarı ilə bunun qarşısı alınmışdır. Hal-hazırda iddiaçının yanında olan hər iki övladı başqa bir atanın nəzarəti altında böyüməkdədir. İddiaçı bu faktları da məhkəmədən gizlətməklə yenə də ədalətli məhkəmə araşdırmasına imkan yaratmamaqdadır. Özünü məsum göstərməklə, cavabdehi əsassız yerə yalançı kimi göstərməyə və məhkəmənin gözündə mənfi bir obraz kimi təqdim etməyə çalışmaqdadır. İddiaçı ilə cavabdeh arasında Mediasiya prosesində 2024-cü il tarixində bağlanmış Barışıq Sazişi qüvvədədir və sabit pul məbləğində aliment ödənişi həmin Sazişə əsasən həyata keçirilir. Amma nədənsə iddiaçı bu faktı heçə sayaraq və ya unudaraq məhkəmədən 2(007)-596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh əmək haqqının və gəlirinin ¼ hissəsi qədər tutulmasını xahiş etmişdir. Bu halda qüvvədə olan Barışıq Sazişinin icrası və davam etməsi ilə bağlı çaşqınlıq yaranır. Həmin Sazişin ləğv olunmaması cavabdehin o sazişə əsasən ödənişlərinin ödənilməsinə davam etməsinə əsas yaradır. İddiaçı iddia ərizəsində həmin Sazişin ləğvi ilə bağlı məsələyə də toxunmamışdır. Bu isə iddia ərizəsinin düzgün tərtib edilmədiyinə əsas yaradır. Eyni zamanda cavabdeh iddiaçı ilə rəsmi olaraq boşandıqdan sonra başqa şəxslə rəsmi nikaha girmiş və həmin nikahdan hal-hazırda bir övladı var. Hazırki ailəsinin həyat şəraitini təmin etmək, onların həyat və sağlamlığının qayğısına qalmaq üçün bankdan kredit götürərək ev almış və hal-hazırda ayda 1400 manat məbləğində kredit ödəməkdədir. Bundan əlavə özünün, həyat yoldaşı və övladının yaşam xərclərini təmin etməkdədir. 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat olaraq təsdiq edilmişdir. Bu isə 3 ailə üzvü üçün minimum təxminən 900 AZN pul deməkdir. Cavabdeh mövcud kreditlərini (minimum 1400 manat) ödəyir, hal-hazırda özünün ailəsinin və uşağının minimum yaşayışı üçün 900 manat pul xərcləyir, əlavə olaraq 2014-cü il təvəllüdlü X7 üçün ayda stabil olaraq 235 AZN pul ödəyir. Eyni zamanda Məmmədov Həsrətin xəstə anası 1967-ci il təvəllüdlü X2 da onun himayəsindədir. Sultanəliyeva Rənanın səhhətində ciddi narahatçılıqlar mövcuddur və oğul olaraq Məmmədov Həsrət heçbir yerdə işləməyən və müavinət almayan anasının bütün yaşamaq və müalicə xərclərini özü qarşılamaqdadır. Bunun üçün hər ay minimum 500 AZN pul xərcləməkdədir. İddiaçı ərizədə qeyd edir ki, cavabdehin əmək haqqısı 2270 AZN təşkil edir. Vergilər çıxıldıqdan sonra kart hesabına yatan məbləğ 2000 AZN-dir. Bu halda yuxarıdakı xərclər nəzərə alınarsa iddiaçının ərizədə qeyd etdiyi tələbin real olaraq həyata keçirilməsinin mümkün olmadığı görülür. İddiaçının əsas olaraq göstərdiyi Ailə Məcəlləsinin müvafiq maddələrindən də göründüyü kimi qeyd olunanlar imperativ deyil dizpozitiv xarakterlidir. Bu səbəbdən məhkəmələr ədalətli araşdırmadan sonra həqiqi vəziyyətə uyğun qərar verməklə hər iki tərəfin vəziyyətini çətinləşdirən deyil, asanlaşdıran qərar qəbul etməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq bir daha vurğulamaq istəyir ki, tərəflər arasında Barışıq Sazişi mövcuddur və aliment həmin Sazişə uyğun olaraq həyata keçirilir, Cavabdehin yeni qurduğu ailə üzvlərinə baxması ilə bağlı minimum xərclər dövlət tərəfindən müəyyən edilmişdir, cavabdehin əlavə banklar qarşısında öhdəlikləri var, cavabdehin işi qeyri-stabildir və istənilən zaman işini itirə bilər, bu günə qədər öz üzərinə düşən aliment öhdəliklərini də gecikdirmədən tam olaraq vaxtında icra etmişdir, lakin oğlu Omarın ona göstərilməməsi, onunla görüşdürülməməsi, ona qarşı nifrətlə başqa atanın tərbiyəsi ilə böyüdülməsi onu içdən sarsıtmışdır. Buna baxmayaraq cavabdeh bundan sonra da mövcud Sazişə əsasən sabit pul məbləğində alimenti ödəməyi davam etdirəcəkdir. Qayğıkeş ailə başçısı və hər zaman öz məsuliyyətini dərk edən, işini peşəkarcasına yerinə yetirən şəxs kimi zəhmətkeş bir insan kimi iddiaçının ona qarşı haqsız ifadələri, onun insanlığından cavabdehin maksimum sui-istifadə etməyi, oğlu ilə görüşməyə imkan yaratmayan atadan maksimum maddi mənfəət əldə etmək niyyəti cavabdeh üçün çox böyük çətinliklər yaradır. Yuxarıda göstərilənlərə əsasən iddiaçıların alimentin sabit pul məbləğində ödənilməsinin davam etdirilməsi zərurəti vardır. İddiaçının iddiası əsassız, məntiqsiz olduğu, sübutlar əsassız olduğu, hüquqi məntiqə zidd olduğu, şər-böhtan xarakterli olduğu üçün qəbul edilə bilməz. Məlum olduğu kimi iddiaçının nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixində elektron məhkəmə sistemi ilə ərizə yükləmiş və ərizədə yenə də qeyd etmişdir ki, cavabdeh öz əmək haqqısını guya ki, gizlətmiş və bundan da İddiaçının xəbəri olmadığı üçün iddiaçı vaxtında uşaq üçün alimenti onun əmək haqqısına yönəltməmişdir. Halbuki, öz ərizəsində belə etiraf edir ki, cavabdeh Məmmədov Həsrətin işlədiyi iş yerindən gələn arayışa əsasən o bu işə xx.xx.2024-cü ildə düzəlmişdir. Göründüyü kimi yenə də iddiaçı və onun nümayəndəsi Məmmədov Həsrəti əsassız yerə günahlandırmaq, ona şər, böhtan atmaqla məhkəməni çaşdırmağa çalışırlar. Eyni zamanda ərizədə Mediasiya təşkilatında xx.xx.2025-ci ildə bağlanmış müqavilə ilə razılaşdırılmış məbləğin dəyişdirilməsi və cavabdehin əmək haqqı və gəlirinin ¼ hissəsi qədər aliment tutulması xahiş edilmişdir. Göründüyü kimi baxış mərhələsində iddiaçı iddia ərizəsində qeyd olunan iddianı bir qədər dəyişdirmişdir, lakin qanuni olaraq mövcud olan Mediasiya Sazişinə əsasən tərəflərin razılığına əsasən müəyyən edilmiş aliment məbləğinin təktərəfli olaraq məhkəmə tərəfindən dəyişdirilməsi xahişini edərək tərəflərin hüquq bərabərliyi, ədalətlilik prinsiplərini kobud şəkildə pozmuşdur. Həmin müqavilənin ləğv edilməsi ilə bağlı İddiaçının heç bir iddiası mövcud deyil və qüvvədə olan müqavilənin məbləğ hissəsində təktərəfli dəyişiklik edilməsini xahiş etməsi də qanunsuzdur. Məhkəmənin gedişatında ifadələr, verilmiş sübutlardan görülür ki, cavabdeh Məmmədov Həsrət heç kimdən heç nəyi gizlətməmiş, müqavilə şərtlərinə uyğun olaraq razılaşdırılmış sabit aliment məbləği bu günə kimi vaxtında ödəmişdir və ödəməkdə də davam etməkdədir. Həmçinin, məhkəmə gedişatında məlum olmuşdur ki, hal-hazırda cavabdeh Məmmədov Həsrət ayda 1400 manat kredit ödəyir, özünün, həyat yoldaşının və uşağı üçün 2025-ci il üçün ölkə üzrə yaşayış minimumuna əsasən minimum 900 AZN pul xərcləməlidir, eyni zaman xəstə anası onun himayəsindədir, onun yaşayışı və müalicəsi üçün ayda sabit olaraq 500 AZN pul xərcləyir. Bütün bu xərcləri toplasaq ümumi 2800 AZN xərc yaranır. Bundan əlavə oğlu Məmmədov Omara ayda müqavilə şərtlərinə uyğun olaraq 235 AZN pul verməkdədir. İş yerindən gələn arayışdan da görünür ki, rəsmi maaşında Məmmədov Həsrətin bank kartına 2000 AZN, əlavə iş saatlarına görə isə əlavə 500 AZN pul yatırılır. Bu mənzərə hal-hazırda Məmmədov Həsrətin vəziyyətinin nə qədər çətin olduğunun bariz sübutudur. Ayda əlavə saatlar işləməklə təxminən ümumi olaraq 2500 AZN qazanan cavabdehin üzərində minimum 3000 AZN-dən çox öhdəlik var. Bu vəziyyətdə İddiaçının Cavabdeh Məmmədov Həsrətin vəziyyətini daha da çətinləşdirməsini və bunu yalan ifadələrlə, əsassız iddialarla etməsini qəbuledilməz hesab edirlər. Məlumatları məhkəməyə bu cür təqdim etmək məhkəməni aldatmaq, çaşdırmaq məqsədini daşıyır. Qeyd olunanlara əsasən iddiaçıların təqdim etdiyi sənədlər, ərizələr əlaqəsiz olduğu, əsassız olduğu və məhkəməni çaşdırmaq məqsədi güddüyü üçün sübut kimi qəbul edilməməsi və Bakı şəhər Nizami rayon Məhkəməsində qaldırdıqları iddianın rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsi ilə aliment 175 manat sabit pul məbləğində müəyyən edilmiş, sonra dövlət tərəfindən 235 manat aliment məbləği müəyyən edildiyi üçün tərəflər arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən hazırda cavabdeh tərəfindən iddiaçıya 235 manat aliment ödənilir. Cavabdeh tərəfindən etirazda qeyd edilib ki, yalanlar, böhtanlar var, ancaq burada böhtan yoxdur, cavabdeh alimenti ödəməlidir. Ailə Məcəlləsinin 104-cü maddəsinə əsasən aliment ödəyən şəxsin maddi imkanı ilə bağlı vəziyyət dəyişdikdə icra məmuruna məlumat verməlidir. Cavabdeh yüksək əmək haqqı alırsa niyə icra məmuruna demir ki, əmək haqqısı yüksəkdir. Cavabdeh tərəf alimenti ödəməmək üçün bəhanələr gətirir ki, anası xəstədir, krediti var. Qanun deyir ki, aliment ödəyənin maddi vəziyəti dəyişirsə, aliment artırılır. Barışıq Sazişi 2024-cü ildə bağlanmışdır və 08 fevral 2025-ci ildən cavabdehin daimi iş yeri var. Tərəf də bunu təqdim edib. Qarşı tərəf bildirir ki, saziş qüvvədədir, ləğv edilməlidir. Saziş ləğv edilməməlidir. Qanun imkan verir ki, əmək haqqının dəyişməsi ilə bağlı tərəf iddia qaldırsın. Burada ləğvdən söhbət gedə bilməz, cavabdehin əmək haqqısı yüksəkdir. Barışıq sazişi bağlananda cavabdeh işləmirdi, mediasiya məhkəmənin yükünü azaltmaq üçündür, cavabdeh işləmədiyi üçün iddiaçı aliment məbləğini 235 manata razılaşmışdır. Əgər tərəf sonradan işləyirsə burada barışıq sazişinin ləğvindən söhbət gedə bilməz. Cavabdeh tərəfin hesablanmaya görə əlavə gəliri yoxdursa ona pul qalmır. İddiaçının uşağının problemləri var, 900 manata qədər xərci çıxır, valideynin uşağı saxlamaq borcudur, cavabdehin kifayət qədər əmək haqqısı vardır. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil Fəxrəddı̇ n oğlu etirazın məzmununa uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirərək onun təmin edilməməsini məhkəmədən xahiş etdi və əlavə olaraq qeyd etdi ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə etiraz edirlər. Dəqiqləşmə ərizəsi baxış iclasında verildiyi üçün müddəti ötürülməklə verilmiş hesab edilə bilər. Məhkəmə iclasları bu qədər müddət ərzində təxirə salınmışdır ki, cavabdehin iddiaçını aldadıb aldatmadığı aydınlaşdırılsın. Məhkəmə sorğusuna əsasən müəyyən edildi ki, Həsrət qarşı tərəfdən heç nə gizlətməmişdir. Barışıq sazişi bağlananda Həsrət orada işləməmişdir. Həsrət iddiaçının hüquqlarını pozmamış, ödənişləri vaxtında etmiş, sadəcə olaraq 1-2 gün maaşın köçməsi ilə bağlı alimentdə gecikmə olmuşdur. AR Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən aliment sabit pul məbləğində və əmək haqqı və gəlirlərin ¼ hissəsi miqdarında ola bilər. Belə halalrda məhkəmə işi araşdırmalıdır ki, tərəf yenidən ailə qurubmu, əlavə xərcləri varmı. Əgər aliementin artırılması tərəfin maddi vəziyyətini, onun yeni qurduğu ailənin vəziyyətini, şəxsi həyatını çətinləşdirirsə məhkəmə sabit pul məbləğində ağlabatan məbləğ müəyyən edə bilər. Həsrətin körpə uşağı, krediti var, xəstə anası da Həsrətin himayəsindədir, onun müalicəsi, yaşayışı da Həsrətin üzərindədir, aliment məbləğin ¼ hissədə olması Hsərətin vəziyyətini çətinləşdirəcəkdir. Ümumi hesablamalar aparanda Həsrətin 3000 manatdan çox xərci var, maaşı da vergilər çıxandan sonra 2500 manat olur, hazırda uşağa 235 manat aliment ödəyir, ikinci uşağın da 2 yaşı var, xərclər nəzərə alınıb qətnamə qəbul edilsin. Eyni zamanda tərəflər aralarında razılığa gələrək, iradə azadlığı, aldatma olmadan barışıq sazişi imzalamışdır. Hazırda isə iddiaçı mediasiya sazişinin ləğvini deyil, barışıq sazişi ilə müəyyən edilən aliment məbləğinin dəyişməsi barədə iddia qaldırmışdır. Hüquqi baxımdan məhkəmənin hər iki tərəf arasında bağlanan müqavilənin şərtini dəyişmək səlahiyyətinin olub-olmaması sual doğurur. Sazişin məbləği məhkəmə tərəfindən tək tərəfli olaraq necə dəyişə bilər. Bu da bir boşluqdur. Məhkəmə qərarına əsasən saziş ləğv edilməyib. Müqavilənin ləğv edilmə şərətləri var, ləğv edilməyən müqavilə Həsrət üçün əlavə bir öhdəlik yaradır. İddiaçı aliment məbləğinin artımını istəyirsə həmin məbləği 250, 300, 350 manat razılaşa bilərlər. O, həmçinin bildirdi ki, iddiaçının vəkili bildirir ki, fevral ayından cavabdehin maaşı yüksəlib, əvvəl işləyib işləmədiklərini isə bilmirdi. Cavabdeh icra məmuruna deməli idi ki, maaşı yüksəlib, halbuki belə bir məcuretmə və öhdəlik nəzərdə tutulmamışdır. Tərəf vicdansızcasına uşağın haqqına girdiyini deyir, ancaq cavabdeh üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib. Qarşı tərəf cavabdehin yüksək maaş almasını bildirsə də 2000 manat yüksək maaş deyil. Ölkədə yaşayış minimumları var. İddiaçı birtərəfli olaraq ancaq öz mənfəətini düşünür, cavabdehin hazırki vəziyətini, yaşayış səviyyəsini nəzərə almır. Belə çıxır ki, cavabdeh birinci uşağına baxmalıdır, hansı ki, o uşaq onu saymır, uşağın anası Həsrəti təhqir edir, ona hörmətsizlik edir, belə olan halda Həsrət onlara baxmağa borcludur, ancaq indi xoşbəxt olduğu ailəsinə, uşağına anasına baxmamalıdır. Qanun isə deyir ki, hər şey ədalətli olmalıdır. Aliment valideynin qazancının müəyyən hissəsi kimi tutulmasının mümkün olmadığı, çətinlik törətdiyi, tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda anlayışından istifadə edilir. Saziş nədirsə o bağlanıb, aralarında razılaşıblar. Cavabdeh iddiaçını aldatmayıb, iddiaçı da 235 manata razı olub, cavabdeh sazişlə öhdəlik götürməyib ki, əmək haqqısı artan kimi aliment məbləğini gəlirinin ¼ hissəsi miqdarında edəcəkdir. Qarşı tərəf uşağın 900 manat xərci olduğunu bildirir, uşağın 1000 manat xərci də ola bilər, bu istəyə uyğun dəyişir. 900 manat xərcə dair əsaslı sübutlar təqdim edilməyib. İdiaçı uşağını özəl məktəbə qoymaq istədiyini deyir, bu onun seçimidir. Ancaq uşağı özəl məktəbə qoyub onu ataya yükləmək düzgün deyil. İddiaçı tərəf qeyd etdi ki, minimal hesablamalar ilə edilən halda cavabdehin aldığı əmək haqqı ona bəs etmir. Belə bir halda da məhkəmə bu faktı nəzərə almalıdır. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş və əlavə olaraq qeyd etmişdir ki, o, icra məmurunun yanına gedib 200 manat olmaqla alimenti az ödəməsini bildirmiş, həmin vaxt isə cavabdehin 175 manat ödəməsi, 25 manat da borcundan çıxılması müəyyən edilmişdir. O, həmişə aliment məbləğinin onun maaşından çıxılmasını istəmiş, ancaq bildirilmişdir ki, o işləmir. O, cavabdehi tanıdığı üçün bilirdi ki, cavabdeh hər yola əl atar ki, onun əmək haqqısı bilinməsin. Onlara qanun izah edilmişdir ki, aliment məbləği 175 manat olmuş, sonra dövlətin qanununa uyğun olaraq aliment məbləği qalxıb 235 manat olmuş, onun üçün belə etmək lazım olmuşdur. Çox güman ki, maaş əvvəl başqa məbləğdə olmuş, cavabdeh may ayında alimentin artırılmasını verəcəyini bilmiş, ona görə müqaviləni dayandırıb, yeni müqavilə bağlamışdır. İşin mübahisəsiz halları: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh birgə nikahlarından 01 mart 2014-cü il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-596/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş 01 mart 2014-cü il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılması, Cavabdeh 01 mart 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Səmədova (Məhəmmədova) Elvira Əsədulla qızının xeyrinə tutulması qət edilmişdir. Bundan sonra tərəflər arasında Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/6-00064 saylı Barışıq Sazişi bağlanılmış və Barışıq sazişinə əsasən tərəflər razılığa gəlmişlər ki, ikinci tərəf kimi çıxış edən Cavabdeh övladı 01 mart 2014-cü il təvəllüdlü X7 üçün xx.xx.2024-cü il tarixdən etibarən hər ay 235 manat alimenti birinci tərəf kimi çıxış edən İddiaçı bank hesabına ödəməyi öhdəsinə götürür. Hazırda iddiaçı Barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək Cavabdeh əmək haqqısının və gəlirinin ¼ hissəsi miqdarında aliment tutulmasını tələb edir. İddiaçı məhkəməyə müraciət etməzdən öncə qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmiş, Bakı 8 saylı Mediasiya Təşkilatının MŞB/8/2025-00603 saylı xx.xx.2025-ci il tarixli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə" arayışı tərtib olunmuşdur. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci çəkilmişdir. Cavabdehin əmək haqqısı barədə işlədiyi Azərbaycan Cüdo Federasiyası İctimai Birliyinə sorğu verilmiş, Azərbaycan Cüdo Federasiyası İctimai Birliyinin xx.xx.2025-ci il tarixli sorğuya cavabı ilə müəyyən edilmişdir ki, Cavabdeh 08 fevral 2024-cü il tarixində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunmuş və onun əmək haqqı bütün tutulmalar daxil olmaqla 5699 manat (tutulmalar çıxıldıqdan sonra - 5000 manat), 01 aprel 2024-cü ildən etibarən isə bütün tutulmalar daxil olmaqla 6270 manat (tutulmalar çıxıldıqdan sonra, əməkhaqqına əlavə ilə birlikdə - 5500 manat) məbləğində müəyyən edilmişdir. Cavabdeh 01 aprel 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirilmiş və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra - 2500 manat) müəyyən olunmuşdur. H.Məmmədov ilə Federasiya arasında 08 fevral 2024-cü il tarixədək əmək müqaviləsi mövcud olmamışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qeyd edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 15. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci bəndinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 19-cu bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 13-cü bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında belə hüquqi nəticəyə gəlmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.12-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci ildə uşaqlar üçün yaşayış minimumu 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə onu da bildirir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İddiaçı aliment məbləğinin artırılması barədə iddia tələbini onunla cavabdeh arasında bağlanılmış sazişdən sonra uşağın tələbatının artması, cavabdehin işləməsi və əmək haqqı alması ilə əsaslandırmışdır. İş materiallarından göründüyü kimi tərəflər arasında Bakı 6 saylı Mediasiya Təşkilatında MŞB/6-00064 saylı Barışıq Sazişi xx.xx.2024-cü il tarixdə bağlanılmış, həmin vaxt cavabdehin işləməməsi nəzərə alınmaqla aliment məbləği həmin il üzrə uşaqlar üçün müəyyən olunmuş minimum 235 manat həddində razılaşdırılmışdır. Azərbaycan Cüdo Federasiyası İctimai Birliyindən əldə edilən cavab məktubu ilə müəyən edilmişdir ki, Cavabdeh 08 fevral 2024-cü il tarixində Azərbaycan Cüdo Federasiyası İctimai Birliyində fiziki hazırlıq üzrə böyük məşqçi vəzifəsinə işə qəbul olunmuş və Cavabdeh 01 aprel 2025-ci il tarixindən fiziki hazırlıq üzrə məşqçi vəzifəsinə keçirilmiş və əmək haqqı bütün tutulmalar daxil olmaqla 2842 manat (tutulmalar çıxıldıqdan sonra - 2500 manat) müəyyən olunmuşdur. H.Məmmədov ilə Federasiya arasında 08 fevral 2024-cü il tarixədək əmək müqaviləsi mövcud olmamışdır. Göründüyü kimi həmin vaxtdan cavabdeh əmək haqqı almağa başlamış, onun maddi vəziyyəti yaxşılaşmışdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarının müddəalarını, hüquqi mövqelərini, uşağın mənafeyini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməlidir. Məhkəmə cavabdehin tərəflər arasında bağlanılmış Barışıq sazişinin ləğv edilməsi ilə bağlı iddiaçının heç bir iddiasının mövcud olmaması və iddiaçının hazırda qüvvədə olan müqavilənin məbləğ hissəsində təktərəfli dəyişiklik edilməsini məhkəmədən xahiş etməsinin qanunsuz olması, sazişin ləğv edilməsi ilə bağlı məhkəmə qərarının olmaması dəlilləri ilə bağlı bildirir ki, iddiaçının hazırki iddia tələbi həmin barışıq sazişinin etibarsızlığı və ya ləğvi ilə bağlı olmamaqla həmin sazişlə müəyyən olunmuş aliment məbləğinin artırılmasından ibarətdir. Belə ki, iddiaçı tərəfindən tərəflər arasında Barışıq sazişi bağlandıqdan sonra cavabdehin maddi vəziyyətində olan dəyişiklik, uşağın xərclərinin və uşaqlar üçün əvvəlki ilə münasibətdə müəyyən olunmuş minimum dolanacaq təminatının artırılması halları nəzərə alınmaqla aliment məbləğinin dəyişdirilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı bununla bağlı məhkəmədən öncə mediasiya təşkilatına müraciət etmiş tərəflər arasında razılıq əldə olunmadığı üçün məhkəmədə həmin məsələ ilə bağlı iddia irəli sürmüşdür. Qanunvericilikdə Mediasiya təşkilatında bağlanılmış barışıq sazişi ilə müəyyən olunmuş aliment məbləğinin həcminin dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. Bununla da məhkəmə tərəfindən iddia tələbi üzrə araşdırılma aparılaraq qeyd olunan iddia tələbinə mahiyyəti üzrə baxılması qanunauyğun olmuşdur. Eyni zamanda məhkəmə cavabdeh tərəfin irəli sürdüyü, cavabdehin başqa şəxslə rəsmi nikaha girməsi və həmin nikahdan hal-hazırda bir övladının olması, hazırki ailəsinin həyat şəraitini təmin etmək, onların həyat və sağlamlığının qayğısına qalmaq üçün bankdan kredit götürərək ev alması və hal-hazırda ayda 1400 manat məbləğində kredit ödəməsi cavabdehin xəstə anası 1967-ci il təvəllüdlü X1 da onun himayəsində olması, Sultanəliyeva Rənanın səhhətində ciddi narahatçılıqların mövcud olması, Məmmədov Həsrətin heç bir yerdə işləməyən və müavinət almayan anasının bütün yaşamaq və müalicə xərclərini özü qarşılaması dəlillərinə münasibət bildirərək qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.6 və 8.7-ci bəndlərində qeyd edilmişdir ki, daimi iş yeri (gəlir mənbəyi) olan şəxsdən qazancın (gəlirin) müəyyən hissəsi kimi alimentin tutulması tərəflərdən birinin mənafeyini əhəmiyyətli dərəcədə pozarsa (məsələn, xeyrinə aliment tutulan şəxsin əlil olması, əmək fəaliyyəti ilə məşğul olmasını istisna edən xəstəlikdən əziyyət çəkməsi, yaxud himayəsində belə şəxslərin olması və s.) məhkəmə alimenti sabit pul məbləğində müəyyən edə bilər. Bu zaman əmək haqqının aşağı olmasına baxmayaraq həmin şəxsin bu əmək haqqının həddini aşan daha çox vəsait xərcləməsi (məsələn, şəxsin hər ay banka kredit müqaviləsi üzrə əmək haqqından qat-qat yüksək həddə kredit borcunu ödəməsi, yaxud nikah pozulduqdan sonra aliment tələbi irəli sürülənədək uşağın saxlanması üçün əmək haqqından yüksək miqdarda vəsait verməsi) və s. kimi hallar nəzərə alınır. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. İş materiallarında olan AZ İV seriyalı, 838057 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki X8 xx.xx.2023-cü il tarixdə dünyaya gəlmişdir. Bundan əlavə cavabdehin məhkəmə tərəfindən nəzərə alınmalı xərc kimi təqdim etdiyi kredit müqaviləsi xx.xx.2023-cü ildə, tərəflər arasında Barışıq sazişi isə bunlardan sonra bağlanılmışdır. Yəni barışıq sazişi bağlanılarkən də cavabdehin digər övladı ilə bağlı xərcləri və kredit borcu mövcud olmuşdur. Göründüyü kimi hazırda cavabdehin yuxarıda qeyd etdiyi hallar alimentin məbləğinin dəyişdirilməməsi üçün əsas deyildir. Məhkəmə iddiaçı tərəfindən məhkəmə baxış iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin qəbul edilmə məsələsi ilə bağlı qeyd edir ki, iş materialları ilə cavabdehin əmək haqqısı barədə məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixdə cavab ünvanlanılmış və iddiaçı tərəf bundan sonra xx.xx.2025-ci il tarixdə iddia tələbini dəqiqləşdirmişdir. Belə ki, bundan əvvəlki məhkəmə iclaslarında tərəflər arasında barışıq sazişi bağlanılan zaman yoxsa ondan sonra cavabdehin işləyib-işləməməsi, əmək haqqı məbləği barədə mübahisə mövcud olmuşdur. Həmin hal aradan qaldırıldıqdan sonra isə iddia tələbi dəqiqləşdirilmişdir. Məhkəmə qeyd olunan bu halları, uşağın mənafeyini nəzərə alaraq həmin dəqiqləşdirilmə ərizəsini icraata qəbul edilməsi barədə qərar qəbul etmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, hesab edir ki, aliment ərizənin verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00064 saylı Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2025ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı verilməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iddiaçının mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilməli, iddiaçının ödəməkdən azad olduğu 40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulmalı olan, Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/6-00064 saylı Barışıq Sazişi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2014cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulub, İddiaçı ödənilsin. İddiaçı mediasiya xərci qismində ödəmiş olduğu 60 manat məbləğində vəsait ona aid edilsin. Cavabdeh iddiaçının ödəməkdən azad edildiyi 40 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar