Məhkəmə qərarları › İş №e-2(007)-203/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-203/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-203/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8468.58 (səkkiz min dörd yüz altmış səkkiz manat 58 qəpik) manat - bundan 2577.70 (iki min beş yüz yetmiş yeddi manat 70 qəpik) manat əsas, 3104.46 (üç min bir yüz dörd manat 46 qəpik) manat faiz, 2417.06 (iki min dörd yüz on yeddi manat 06 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.36 (üç yüz altmış doqquz manat 36 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 104.69 (bir yüz dörd manat 69 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 051T09172622 nömrəli 26 sentyabr 2017-ci il tarixli Kredit Müqaviləsinə əsasən cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 29 (iyirmi doqquz) faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM1/051T09172622 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********005 saylı xx.xx.2022-ci il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8468.58 (səkkiz min dörd yüz altmış səkkiz manat 58 qəpik) manat təşkil edir. Bundan 2577.70 (iki min beş yüz yetmiş yeddi manat 70 qəpik) manat əsas, 3104.46 (üç min bir yüz dörd manat 46 qəpik) manat faiz, 2417.06 (iki min dörd yüz on yeddi manat 06 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.36 (üç yüz altmış doqquz manat 36 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, artıq 7 il keçib. Həmin vaxt banka onun 2500 manat borcu olub. Banka borcunu ödəmək istədiyini bildirəndə bank əməkdaşları ona bankın bağlandığını bildirdilər və xəbər edəndə ödəniş etməsini demişlər. Hesab edir ki, hesablanmış faiz məbləği əsassızdır. Bu səbəbdən iddianın qismən təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(103)-3194/2017 saylı qərarının surətindən görünür ki, İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli, 051T09172622 nömrəli Kredit Müqaviləsinə əsasən bank cavabdehə illik 29 % olmaqla, 24 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. - "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ZM1/051T09172622 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli, 051T09172622 nömrəli kredit müqaviləsi üzrə zamin duraraq borclu borcu ödəmədiyi təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. - 26 sentyabr 2017-ci il tarixli, 051T09172622 nömrəli Kredit Müqaviləsinə dair ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdən 24 ay müddətində hər ayın 26-dan gec olmayaraq 156.17 manat sonuncu ay 270.37 manat ödəməli idi. - 21 iyul 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18 iyul 2022ci il tarixinə banka 2577.70 manat əsas, 3104.46 manat faiz, 2417.06 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan 369.36 manat, cəmi 8468.58 manat məbləğində borcu yaranmışdır. - 05 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, 8462.1 manat məbləğində borcun ödənilməsi bank tərəfindən cavabdehə və zaminə xəbərdarlıq edilmiş, 3 gün ərzində borcun ödənilməsinin təmin edilmədiyi təqdirdə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışlar. - 26 sentyabr 2017-ci il tarixli, 522301 nömrəli çekin surətindən görünür ki, Cavabdeh1 5000 manat kredit verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23 yanvar 2023-cü il tarixli rəyindən görünür ki, 26 sentyabr 2019-cu il tarixinə əsas borc üzrə 2811.79 manat, faiz borcu üzrə 898.63 manat müəyyən edilir. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 104.69 manat dövlət rüsumu ödənilmişdir Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2017-ci il tarixli, 051T09172622 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 29 faizlə, 24 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlıvaxtında ödənilməsini öhdəsinə götürmüş, xx.xx.2017-ci il tarixdə kredit vəsaitini "xxxx" ASC-dən nağd olaraq almışdır. Digər Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2017-ci il tarixdə borcalanla birlikdə bankla zaminlik müqaviləsi bağlamışlar və kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün borcalanla birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərlərinə düşən öhdəliklərə əməl etməmişlər, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişlər. Nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 26 sentyabr 2017-ci il tarixli kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin ləğv edilməsi əsasları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmçinin müəyyən olundu ki, Cavabdeh2 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 "xxxx" ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi xx.xx.2017-ci il tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Lakin iddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin faiz borcu ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehdən tutulmalı olan faiz borcunun məbləği 3104.46 manat kimi göstərilmiş, məhkəmənin qərardadı əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 9/8544 saylı rəyindən isə görünür ki, cavabdehin müqavilənin bitmə tarixinə yəni 26 sentyabr 2019-cu il tarixinə faiz borcu 898.63 manat təşkil edir. İddiaçı tərəfindən tutulmalı olan faiz borcu məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini və cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, tutulmalı faiz borcunun məbləği məhkəmənin qərardadı əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 yanvar 2023-cü il tarixli, 9/8544 saylı rəyində göstərilmiş 898.63 manat müəyyən edilməli, iddia həmin hissədə qismən təmin edilməlidir. İddia tələbinin dəbbə pulu hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 466-cı maddəsinə müvafiq olaraq əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün dəbbə pulu müəyyənləşdirilmişsə, zərərin dəbbə pulu çatmamış hissəsinin əvəzi ödənilir. Qanunda və ya müqavilədə aşağıdakı hallar nəzərdə tutula bilər: zərərin deyil, yalnız dəbbə pulunun tutulmasına yol verilə bilər; dəbbə pulundan artıq zərər tam məbləğdə tutula bilər; kreditorun seçiminə uyğun, ya dəbbə pulu, ya da zərər tutula bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Lakin yuxarıda qeyd edildiyi kimi hesablanmış dəbbə pulu (cərimə) dəyən zərərin-faiz borcunun həddini aşmışdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.1-ci maddəsinə görə əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o, tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Yəni, hazırki iş üzrə iddiaçı cavabdehdən dəbbə pulunu (cəriməni) zərərin (hazırki iş üzrə hesablanmış faizlərin) minimum məbləği kimi tələb edə bilər. Başqa sözlə, dəbbə pulu (cərimə) mümkün zərərin minimum məbləğindən çox ola bilməz. Hazırki halda isə cərimə hesablanmış faiz məbləğində əhəmiyyətli dərəcədə artıq hesablanmışdır. Qeyd edilənləri rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə 2577.70 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 2417.06 manat dəbbə (cərimə) pununun tutulması əsaslı hesab edilə bilməz və tənasübsüz yüksək olduğundan azaldılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulması tələb edilən dəbbənin (cərimə) məbləği azaldılaraq 100 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MMin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 369.36 manat faiz tələbi əsaslıdır və iddia həmin hissədə təmin edilməlidir. Bununla yanaşı iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 46.59 manatı Cavabdeh1, 53.41 manatı İddiaçı ASC-dən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 47.81 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 2577.70 manat əsas, 898.63 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.36 manat faiz borcu və 104.69 manat məbləğində ödənilmiş dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 46.59 Cavabdeh1, 53.41 olan İddiaçı ASC-dən tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 2577.70 manat əsas, 898.63 manat faiz borcu, 100 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 369.36 manat faiz borcu və 104.69 manat məbləğində ödənilmiş dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 46.59 manatı Cavabdeh1, 53.41 manatı İddiaçı ASC-dən tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar